Tbilisidə 11-ci
Beynəlxalq neft-qaz, energetika konfransı işə
başlamışdır
Tbilisidə 11-ci Beynəlxalq neft-qaz, infrastruktur və energetika konfransı işə başlamışdır. İki gün davam edəcək konfransda Gürcüstan, Azərbaycan, Türkiyə, ABŞ və Ukraynadan nümayəndələr iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, energetika üzrə mütəxəssis Gülmirə Rzayeva konfransın hər il keçirildiyini və burada Cənub qaz dəhlizi, bölgənin enerji ehtiyatları və s. aktual məsələlərin müzakirə olunduğunu bildirmişdir. Biz konfrans iştirakçılarına Cənub qaz dəhlizinin seçim mərhələsinin mövcud durumu, bu qaz dəhlizinin reallaşması yönümündə görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdik. Azərbaycan xüsusi mövqeyə malik olduğundan bütün proseslərdə önəmli yer tutur. Belə ki, Azərbaycan "Şahdəniz" konsorsiumunun üzvüdür, qazın sahibidir, buna görə də əsas qərarı Azərbaycan verir. Söhbət "Şahdəniz-2" layihəsindən gedir. Belə ki, bu layihənin gerçəkləşdirilməsi nəticəsində 2017-ci ildən Avropaya 10 milyard kubmetr qaz ötürüləcəkdir. Gələcəkdə, uzunmüddətli perspektivdə çox güman ki, Mərkəzi Asiya qazı da, yəqin ki, Türkmənistan qazı da bizim infrastruktura qoşula bilər. Lakin bu, bir sıra məqamlardan, o cümlədən Transxəzər qaz layihəsinin reallaşdırılmasından, həmçinin bu ölkələrdə qaz infrastrukturunun, qaz mənbələrinin inkişafından, Avropa şirkətlərinin investisiya yatırımından və s. məqamlardan asılıdır.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Avropanın enerji təchizatının təhlükəsizliyində, Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın və Gürcüstanın böyük rolunu diqqətə çatdırmış, Azərbaycanın zəngin neft-qaz ehtiyatından, onun xarici bazarlara nəqlindən danışmışdır. Diplomat Azərbaycanın əlavə marşrutların işlənilməsinə mühüm diqqət verdiyini, ARDNŞ-in Gürcüstan yanacaq bazarında rolu, bu ölkənin qazlaşdırılmasında fəaliyyəti və s. məsələlərdən söhbət açmış, olduqca köhnə avadanlığa malik Metsamor Atom Elektrik Stansiyasının bölgə üçün böyük təhlükə yaratdığını vurğulamışdır.
Gürcüstan energetika və təbii ehtiyatlar
nazirinin birinci müavini Məryəm Valişvili qeyd
etmişdir ki, bu tədbirin hər ilin mart ayında Tbilisidə
keçirilməsi ənənəyə çevrilmişdir və
konfransda, adətən, layihələr, onların yerinə
yetirilməsi sahəsində görülən işlər,
qarşıda duran vəzifələr müzakirə olunur. Həmçinin
iştirakçılar energetika sahəsində mövcud vəziyyət,
perspektivlər barədə fikir mübadiləsi aparırlar.
Nazir müavini demişdir ki, neft-qaz sahəsi Avropa İttifaqı
üçün də mühüm əhəmiyyət
daşıyır. Biz Azərbaycan və Türkiyə ilə
birlikdə Cənub dəhlizinin inkişafı perspektivlərini
müəyyənləşdiririk. Bu, Xəzər regionundan
neft-qazın nəqli ilə bağlı böyük layihədir.
Bir sözlə, tərəfdaşlığın daha da dərinləşdirilməsi
baxımından bu tədbir mühüm əhəmiyyət kəsb
edir. "Şahdəniz-2"
böyük layihədir və biz hamımız onun
reallaşmasını gözləyirik. Burada hasil olunacaq
qazın 2017-ci ildə Gürcüstan vasitəsilə Avropaya
nəqli planlaşdırılır.
İslam ƏLİYEV
Azərbaycan.- 2012.- 29 mart.- S. 2.