Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü qeyd edilmişdir

 

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür.

Peşə bayramı münasibətilə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində MTN-in xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Sonra MTN əməkdaşları Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüşlər. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

Bayram mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə təbrik etmiş, ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. Hazırda milli təhlükəsizlik orqanlarının müxtəlif struktur bölmələrində fəaliyyət göstərən gənc kadrların əksəriyyətinin Akademiyanı bitirdiklərini diqqətə çatdıran Eldar Mahmudov bu xüsusi təyinatlı təhsil ocağının hərtərəfli inkişafı üçün bütün zəruri tədbirlərin görüldüyünü və tədrisin keyfiyyətinin ildən-ilə artmasının, yeni ixtisas sahələrinin tətbiqinin kadr hazırlığına müsbət təsir göstərdiyini qeyd etmişdir.

Nazir bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən inamla və ardıcıl həyata keçirilən hərtərəfli islahatlar kursu və yeni-yeni layihələr Azərbaycanın iqtisadi inkişaf sürətinə və digər göstəricilərə görə dünyada aparıcı mövqelərə çıxmasına imkan vermişdir. Ancaq inkişafımıza həm xaricdə, həm də daxildə qısqanclıqla yanaşan, ona mane olmağa, müxtəlif vasitələrlə bu uğurlara kölgə salmağa çalışan qüvvələr də vardır. Onların bəziləri gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhd göstərirlər. Lakin düzgün düşüncəli gənclərimiz heç vaxt bu təsirlərə uymurlar, əksinə, daim dövlətçilik mövqeyi nümayiş etdirirlər. Çünki Azərbaycan dövləti hər zaman gənclərin problemləri ilə məşğul olur, hərtərəfli inkişafının qayğısına qalır.

E.Mahmudov bildirmişdir ki, son illər MTN-də əsası qoyulan inkişaf kursu ötən il ərzində də uğurla davam etdirilmişdir. Terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə önəmli nəticələr əldə edilmişdir. Milli təhlükəsizlik orqanlarının şəxsi heyəti dövlətçiliyin və sabitliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti ilə bugünkü dinamik inkişafa bundan sonra da öz töhfələrini verəcəkdir. Əlbəttə, Azərbaycanın getdikcə daha geniş coğrafi və siyasi məkanda böyük nüfuz qazanması qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə ölkənin təhlükəsizliyinə daha etibarlı xidmət etməyə çağırır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə olan başlıca tövsiyələrindən biri onların geniş dünyagörüşünə malik, savadlı və əsl vətənpərvər olmasıdır. Bu günlərdə Prezident rayonlara səfəri zamanı gənclər qarşısında çıxış edərək bir daha demişdir: "Bilik, istedad, yenilik və müasirlik gənclər üçün əsas istiqamətlərdir. Lakin gənclər nə qədər bilikli olsalar, bir o qədər də vətənpərvər olmalıdırlar. Çünki vətənpərvərlik olmadan heç bir ölkə inkişaf edə bilməz".

Nazir bu istiqamətdə dövlət başçısının tövsiyələrinin və çağırışlarının daim Akademiyanın kursant və dinləyicilərinə çatdırıldığını, gənclərin hər şeydən əvvəl öz xalqına, xidməti borca, dövlətinə və Ali Baş Komandana sədaqət ruhunda yetişməli, milli maraqları şəxsi mənafedən üstün tutmalı olduqlarını qeyd etmişdir. Ulu öndərin adı ilə bağlı olan Akademiyada məhz belə tələblərə uyğun gənclər təhsil almalıdırlar. Çünki bu təhsil ocağının üzərinə Azərbaycanın təhlükəsizliyinə cavabdehlik daşımağa qadir gənc kadrların yetişdirilməsi kimi mühüm vəzifə düşür.

Eldar Mahmudov MTN-in müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi, şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulamışdır.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər. Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilmiş, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr  təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.

Təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə təntənəli mərasim MTN-in akt zalında daha geniş tərkibdə davam etdirilmişdir.

General-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Nazir Eldar Mahmudov 2011-ci ilin bütövlükdə Azərbaycan xalqının, dövlətinin həyatında növbəti uğurlarla yadda qaldığını qeyd etmişdir. Bildirilmişdir ki, bu uğurların əsasını təhlükəsizliyin və sabitliyin etibarlı təmin olunması təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, uğurlarımızın təməlində həm iqtisadi siyasət və islahatlar, eyni zamanda ölkədə mövcud olan ictimai-siyasi sabitlik dayanır. Ötən müddət ərzində Azərbaycanın həyatında mühüm hadisələr baş vermişdir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Daha bir uğur "Böyük iyirmiliy"in xarici işlər nazirlərinin toplantısına Azərbaycanın dəvət edilməsidir. Bu, respublikanın dünyada artan nüfuzunun göstəricisi, onun regional gücünün etirafıdır. Azərbaycan öz dövlətçilik tarixinin çox mühüm mərhələsinə qədəm qoymuşdur. Əldə edilmiş uğurlar bir daha sübut edir ki, Azərbaycan indi sürətlə dəyişən və qüdrətlənən bir dövlətdir. Ölkəmizin dinamik iqtisadi inkişafının təməlində düzgün strategiya, düşünülmüş və tarazlı siyasət, çevik idarəçilik, Azərbaycanın təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınması dayanır.

Eldar Mahmudov ötən müddətin milli təhlükəsizlik orqanları üçün də uğurlu keçdiyini, MTN-in Azərbaycanın hazırkı yüksək sosial-iqtisadi inkişafında, beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsində, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında öz rolu olduğunu qeyd etmişdir. MTN tərəfindən həyata keçirilən tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində casusluq etməklə dövlətə xəyanətdə təqsirli bilinən 24 nəfər ifşa olunmuşdur.

Ötən dövrdə terrorçuluqla mübarizə sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir. Kompleks əməliyyat tədbirləri nəticəsində Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər yaxalanmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrupun, ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınmışdır. Ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, 40 cinayət işi başlanmış, 137 nəfər məsuliyyətə cəlb olunmuşdur. Təyinatına görə nüvə sənayesində istifadə edilən avadanlığın qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, eləcə də dərman və dərman preparatlarının, külli miqdarda qiymətli daş-qaşın və qızıl məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Ümumilikdə qaçaqmalçılıq faktları üzrə 8 cinayət işi başlanmış, 13 nəfər məsuliyyətə cəlb olunmuşdur. 2011-ci ildə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gədəbəy qızıl-mis emalı zavodundan xam qızılın oğurlanması, həmçinin kompyuter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması ilə məşğul olan ayrı-ayrı mütəşəkkil cinayətkar dəstələr ifşa edilmişdir.

Bundan başqa, saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma və insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənimsəmə cinayətləri üzrə 14 cinayət işi başlanmış, 23 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini bildirən nazir Eldar Mahmudov ötən müddət ərzində MTN-də 137 cinayət işinin istintaqının başa çatdırıldığını qeyd etmişdir.

Ölkədə hüquq-mühafizə siyasətinin səmərəli həyata keçirilməsində, o cümlədən   sabitliyin möhkəmləndirilməsində, təhlükəsizliyin etibarlı təmin olunmasında və cinayətkarlıqla mübarizədə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyət göstərməsi mühüm amildir və uğurla nəticələnir. Milli təhlükəsizlik orqanları bu amilə xüsusi əhəmiyyət verir.

Dövlət orqanları arasında qarşılıqlı fəaliyyət nə qədər mühümdürsə, xarici tərəfdaşlarla əməkdaşlıq da bir o qədər vacibdir. Bu gün Milli Təhlükəsizlik Nazirliyi 60-a yaxın xarici xüsusi xidmət orqanı ilə, eləcə də bir sıra beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.

Milli təhlükəsizlik orqanlarının yüksək savada və dünyagörüşünə malik kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin bilik və bacarıqlarının, fiziki və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi uğurlu fəaliyyətin əsas şərtlərindəndir. MTN-in Heydər Əliyev adına Akademiyasına seçim zamanı müstəqilliyə, Vətənə, dövlətə sadiqlik və milli-mənəvi dəyərlərə bağlılıqla yanaşı, müasir informasiya texnologiyaları üzrə vacib sahəvi biliklərin olmasına ciddi önəm verilir. Akademiyada təhsil müddəti ərzində kursantlar azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə olunur, əsl peşəkar zabit kimi yetişirlər.

Nazir bildirmişdir ki, milli təhlükəsizlik orqanları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasına öz töhfələrini verirlər. Bu istiqamətdə təbliğat işi gücləndirilmiş, informasiya mübarizəsi daha səmərəli və məqsədyönlü xarakter almışdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistanın terrorçuluq siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, on minlərlə kitab, elektron vasitələr paylanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş "Xocalıya ədalət" kampaniyası çərçivəsində Dövlət Komissiyası bir sıra xarici ölkələrdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir.

Ölkə rəhbərinin çağırışlarına və müvafiq tövsiyələrinə uyğun olaraq, ictimaiyyətlə səmərəli əlaqələrin qurulması, dövlət orqanı ilə vətəndaş arasında milli maraqlar naminə etimada söykənən münasibətlərin möhkəmləndirilməsi işinə də önəm verilir. Bu baxımdan MTN-də ictimaiyyətlə əlaqələrin təşkilinə xüsusi diqqət yetirilir, görülən tədbirlər, əldə edilən nəticələr barədə cəmiyyətin operativ məlumatlandırılması təmin olunur.

Ötən dövr ərzində dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Bir sıra ərazi orqanları üçün yeni inzibati binaların inşası, habelə zəruri təmir-tikinti və bərpa işləri ardıcıl surətdə aparılmışdır.

Nail olunmuş inkişaf və əldə edilmiş uğurlar, ölkə rəhbərinin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğının bariz nəticəsidir. Peşə bayramı ərəfəsində dövlət başçısının sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür. Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına olan qayğısına görə ölkə rəhbərinə minnətdarlığını ifadə edərək bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaqdır.

Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırmış, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulamışdır.

Yığıncaqda çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə demişdir ki, indi milli təhlükəsizlik orqanları yeni tarixini yaşayır. Müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevrilmiş MTN müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 mart tarixli sərəncamları elan olunmuşdur.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmrləri elan olunmuş, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 2.