Astaralıların
yurdsevərlik nümunəsi
Astara qədim
və zəngin tarixə malikdir. Eramızdan əvvəl də
bura yaşayış məskəni olmuş, insanlar əkinçilik
və heyvandarlıqla məşğul olaraq
yaşayışlarını təmin etmişlər.
Tarixi
qaynaqlardan məlum olur ki, qədim dövrdə Astarada sikkə
(pul) kəsilmiş, həmin pullardan ticarətdə geniş
istifadə edilmişdir. İndi yurdun zəngin tarixini öyrənməyi,
təbliğ etməyi və gələcək nəsillərə
çatdırmağı astaralılar özləri
üçün başlıca vəzifə hesab edirlər.
Rayondakı tarix-diyarşünaslıq muzeyində qədim
tarixi dövrlərə aid əşyalar qayğı ilə
qorunub saxlanılır. Eyni zamanda, daim axtarışlar
aparılaraq yeni əşyalar tapılır, muzey yeni
eksponatlarla zənginləşdirilir. Bu sahədə Astara
sakinlərinin fəallığı,
təşəbbüskarlığı təqdirəlayiqdir.
Zəngin tariximizin təbliğində muzey əməkdaşlarının
fəaliyyəti razılıq doğurur. Hər gün muzeyə
çoxlu sayda tamaşaçı - ziyalılar, gənclər,
məktəblilər gəlir, tariximizə dair məlumatlar
alırlar.
Astara təbii
gözəlliyə malikdir. Coğrafi mövqeyi, relyefi
Astaranı yaxşı mənada fərqləndirən
xüsusiyyətlərdən biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Astaraya səfəri zamanı
buranın gözəlliyi, nadir xüsusiyyətə malik
olması barədə fikrini belə ifadə etmişdir:
"Astara Azərbaycanın qədim torpağıdır, Azərbaycanın
gözəl guşələrindən biridir. Burada çox
gözəl şərait var. Dəniz var, meşələr
var, dağlar var, böyük nemətlər var."
Astaralılar
təbiətin yurda bəxş etdiyi gözəlliklə kifayətlənmirlər,
onu daha da artırmağa, rayonu yeniləşdirməyə,
müasirləşdirməyə bütün səyləri ilə
çalışırlar. Son bir neçə ildə Astara
şəhərinin mərkəzi yenidən qurularaq göz
oxşayan mənzərə yaradılmışdır. Burada
ümummilli lider Heydər Əliyevin adını
daşıyan park salınmış, sakinlərin istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Tikilib istifadəyə verilən
"Uşaq Əyləncə Mərkəzi" balacalara
gözəl hədiyyədir.
Astara
şəhərinin küçələri, xüsusi ilə
Heydər Əliyev prospekti yenidən qurulmuş,
asfaltlaşdırılmış, zövq oxşayan hala
salınmışdır. Tikilib istifadəyə verilən
Dövlət bayrağı meydanı, "Gənclər
evi", Astara Gömrük İdarəsi üçün bina
şəhərə yeni gözəllik bəxş edir.
Astarada
tikinti və quruculuq işləri səngimir, gündən-günə
geniş vüsət alır. Olimpiya idman kompleksinin, kənd təsərrüfatı
məhsulları üçün saxlama kamerasının, YAP
rayon təşkilatının yeni inzibati binasının, Kijəbə
qəsəbəsində 10 kilometrlik Kijəbə-Ojakəran,
Kijəbə-Qəcimardə yolunun
asfaltlaşdırılması, Dövlət bayrağı
meydanının tikintisi başa çatmışdır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə
ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanasının
binası əsaslı təmir edilərək yenidən
qurulmuş, müayinə və müalicə
üçün müasir tibbi avadanlıqlarla təchiz
olunmuşdur. Bu ərazidə 1,5 hektar sahədə gözəl
istirahət parkı salınmışdır. Rayon
telekommunikasiya binasının fasadı yeniləşdirilmişdir.
Şəhərdə 7 saylı məktəb üçün
yeni bina inşa edilir. 5 orta məktəb binası, 2 saylı
uşaq bağçası əsaslı təmir olunan obyektlər
sırasına daxildir.
Tikinti və
quruculuq işləri təkcə rayonun mərkəzində
aparılmır. Görülən işlər nəticəsində
kəndlər də simasını dəyişir. Ucqar dağ
kəndi Toradidə 180 yerlik yeni məktəb binası tikilib
istifadəyə verilmiş, 30-a yaxın kəndə təbii
qazın verilməsi bərpa edilmişdir. Hazırda
Suparibağ, Rudəkənar və Şuvi kəndlərində
yeni məktəb binaları tikilir.
Yazın
gəlişi, Novruz bayramı ərəfəsində Astarada
abadlıq və təmizlik işləri yeni vüsət
almışdır. Rayon sakinlərinin təşəbbüsü
və yaxından iştirakı ilə rayon ərazisində,
Astara-Bakı magistral yolu boyunca küçələr daha səliqəli
hala salınmışdır. Hasarlar, evlərin fasadları
yeniləşdirilmişdir. Qaldırılan təşəbbüslər
rayon icra hakimiyyəti tərəfindən bəyənilir,
keçirilən iməciliklərə dəstək verilir.
Astara
müstəqil ölkəmizin cənubunda sərhəd xəttində
yerləşir. Hər gün buradan yüzlərlə qonaq gəlib
keçir. Turistlərin sayı da az deyil. Rayonda turizmin
inkişafı üçün də hər cür şərait
yaradılmışdır. "Şindan",
"Savalan", "Abşeron" və digər hotel və
istirahət mərkəzlərində qalan qonaqlar
razılıqlarını bildirirlər.
Ulu
öndər Heydər Əliyevin astaralılar haqqında dediyi
sözləri həmyerlilərimiz minnətdarlıq hissi ilə
qəbul etmişlər: "Mən məmnuniyyətlə qeyd
edirəm ki, müstəqil Azərbaycanın həyatında
astaralılar çox əhəmiyyətli rol oynayırlar,
öz tarixi vəzifələrini yerinə yetirirlər və
Azərbaycan dövlətçiliyinin inkişaf etməsi yolunda
böyük xidmətlər göstərirlər".
Astaralılar
yaxşı bilirlər ki, Azərbaycana qədəm qoyan hər
bir qonaqda ilk təəssürat məhz burada formalaşır.
Bu təəssüratın xoş, yaxşı mənada
unudulmaz olması, Astaranın daha abad və daha gözəl
görünməsi üçün rayon sakinləri cidd-cəhdlə
çalışırlar. Yurdsevərlik isə
astaralıları öz məqsədlərinə
çatdırır.
Mərasim HACIYEV
Azərbaycan.- 2012.- 29 mart.- S. 3.