Azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiyməti ilk dəfə Heydər Əliyev verdi

 

31 mart azərbaycanlıların soyqırımı günüdür

 

 Erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. İmperialist siyasət yürüdən havadarlarının şirnikləndirməsi ilə "böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların tarixi torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər tarixin bütün mərhələlərində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər. Ətrafda yaşayan bütün xalqlar erməni şovinizmi, terrorizmi ilə qarşılaşsa da, dünya ictimaiyyəti əsl həqiqətləri, əslində nəyin baş verdiyini etiraf etməkdən çox uzaq olub. Təəssüf ki, indi də beynəlxalq aləm ən yaxşı halda ikili standartlardan çıxış edir.

1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Onların Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş soyqırımı cinayətləri həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet imperiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi.

Azərbaycan xalqı ittifaq tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını işgəncələrə məruz qoymuş, məhv etmişdir.

 SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 200 min azərbaycanlı faciəli izləri ilk baxışda görünməyən soyqırımına - deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.232 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində yüz min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan - 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı zorla qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi.

Etnik təmizləmə siyasətini başa çatdıran ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda terrorçuluq dalğasını genişləndirdilər, soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verdilər. 1992-ci il fevralın ortalarında ermənilər Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar, Qaradağlı kəndində soyqırımı həyata keçirdilər. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri sovet ordusundan qalma 366-cı alayın köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara vəhşicəsinə divan tutaraq daha bir dəhşətli soyqırımını törətdilər. Soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və ciyanətlərin miqyası, metodologiyası insanı dəhşətə gətirir.

Ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan torpaqlarında dövlət qurmaq üçün həyata keçirdikləri fəaliyyəti bugünümüzədək davam etdirməkdədirlər. Uzun illər ərzində aparılan bu məkrli və riyakar siyasətin nəticəsidir ki, bəzi ölkələrin parlamentləri ermənilərin yalançı soyqırımı iddialarına uyaraq qərarlar qəbul ediblər. Azərbaycanın, Türkiyənin, Gürcüstanın tarixi torpaqlarında Andronik, Nazarbəyov, Hamazasp və digər bu kimi adları tarixdən yaxşı məlum olan qaniçənlərin rəhbərlik etdiyi quldur dəstələri tərəfindən törədilən kütləvi qətliamları, insanların görünməmiş, tükürpədici vasitələrlə öldürülməsini, kənd və şəhərlərin xarabazarlığa çevrilməsini pərdələməyi bacaran erməni riyakarlığı uzun müddətdir ki, dünya ictimaiyyətini aldatmaqdadır.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Ulu öndər Heydər Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh etmiş, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət vermiş və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırmışdır. Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərmanı Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir".

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanında  ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə siyasi və çağdaş aspektlərinə nəzər salınır. Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açır, xalqımızın qan yaddaşını təzələyir. Məlum olduğu kimi, xalqımız sovet dövründə uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və saxta yazılar tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Hətta, dəhşətli soyqırımın qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Amma ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Bu cür məkrli niyyətlərə baxmayaraq xüsusən son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Prezident İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Dövlət başçısı xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Bunun nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Artıq Pakistan və Meksika kimi dövlətlərin, ABŞ-ın bir neçə ştatının Xocalı soyqırımını tanıması aparılan bu siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistan və havadarlarının təcavüzkar siyasətinin iflasa məkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr də göstərilir. "Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik" - deyə Prezident İlham Əliyev bildirib.

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.

 

 

Arzuman MURADLI

YAP Səbail rayon təşkilatının

sədr müavini

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 5.