Tarixi həqiqətlər şahidlik edir
XIX əsrin sonlarında beynəlxalq münasibətlər sisteminə "erməni məsələsi" problemini gətirən erməni millətçiləri, türk-müsəlman dünyasına olan nifrətini "böyük Ermənistan" ideyası ilə pərdələmiş və böyük dövlətlərdən dəstək alaraq, Osmanlı dövlətində iğtişaşlar törətmiş, məqsədlərinə çatmasalar da, öz məkrli siyasətlərindən əl çəkməmişlər. Birinci Dünya müharibəsi illərində də erməni şovinistləri "böyük Ermənistan" xülyasını reallaşdırmaq məqsədi ilə Osmanlı dövləti üçün "beşinci kolona" çevrilərək silahlı dəstələr təşkil etmişlər. Sarıqamış əməliyyatından sonra Qafqaz cəbhəsində qüvvələr nisbəti rus ordusunun xeyrinə dəyişmiş və bölgədə yaranmış hərbi-siyasi vəziyyətdən istifadə edən erməni separatçıları iğtişaşlara başlamış, Van şəhərində görünməmiş cinayətlər törətmişlər. Bu olayları Qərb tədqiqatçıları öz araşdırmalarında ardıcıl izləmiş və tarixi faktların təfərrüat və mahiyyətini ədalətlə açmışlar. J.Malevil "1915-ci il erməni faciəsi" adlı əsərində göstərmişdir ki, "Van Respublikasını" elan edən erməni separatçıları türk-müsəlmanlara qarşı məqsədyönlü səkildə soyqırımı siyasəti aparmışlar. Erməni millətçiləri türk-müsəlmanlara qarşı Şərqi Anadolunun bir çox bölgələrində fiziki zor tətbiq etmiş və diqər Qərb tədqiqatçılarının, o cümlədən Erik Fayqlın "Terror haqqında həqiqətlər" adlı əsərində, apardığı araşdırmalara görə bu coğrafi məkanda təkcə 1915-1916-cı illərdə 750.000-1.600.000-ə qədər türk-müsəlman soyqırıma məruz qalmışdır.
Erməni millətçilərinin vəhşilikləri Birinci Dünya müharibəsi illərində çox genişlənmiş və öz məkrli əməllərini Azərbaycan torpaqlarında davam etdirmiş, 1918-ci ilin əvvəllərindən etibarən isə mənfur niyyətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər. Azərbaycan tarixşünaslığına "1918-ci il mart hadisələri" kimi daxil olan bu qanlı olaylar erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin kulminasiyası nöqtəsi olmuşdur.
Uzun illər sovet tarixşünaslığı tarixi saxtalaşdırmaq prinsipini əsas tutaraq 1918-ci il mart hadisələrini əks-inqlabi qüvvələrin qiyamı kimi izah etməyə çalışmış, bununla da tarixin gerçəkliyi məqsədli şəkildə təhrif edilmişdir. Dəlillər və sübutlar isə gerçək tarixi obyektiv mövqedən işıqlandırır. Belə ki, həmin dövrdə Azərbaycan torpaqlarında erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətini araşdırarkən Azərbaycan Respublikasının ayrı-ayrı arxivlərində saxlanılan tarixi sənədlər və sovet tarixşünaslığının elmi dövriyyəsinə bilərəkdən daxil edilməmiş faktlar aşkar edilmişdir. Erməni vəhşiliklərini öyrənən Fövqəladə İstintaq Komissiyasının sədri Ə.Xasməmmədov bu hadisələrin tarixi köklərini açmağa çalışmışdır. O, 1918-ci ilin noyabrında ədliyyə nazirinə göndərdiyi hesabatında göstərirdi ki, Birinci Dünya müharibəsinin ilk günlərindən etibarən cəbhəyə yollanan erməni əsgərləri azərbaycanlılara qarşı nifrətlərini gizlətmir, onlara hədə-qorxu gəlir və təhqir edirdilər. Bu fakt aydın şəkildə sübut edir ki, 1918-ci il olayları erməni millətçilərinin təsadüfi emosional qığılcımının işartıları deyil, onların əsl mahiyyətinin inikası olmuşdur.
Birinci Dünya müharibəsinin yaratdığı fəlakətlər Rusiya imperiyasında sosial partlayışla nəticələnir. Rusiyada baş verən Oktyabr çevrilişi bölgədə sosial-siyasi durumu daha da ağırlaşdırır. Rusiya Fövqəladə İstintaq Komissiyasının üzvü N.Mixaylov öz hesabatında göstərirdi ki, erməni millətçi siyasi qüvvələri Zaqafqaziya Komissarlığının nümayəndələri ilə (11 noyabr 1917-ci il - yanvar 1918-ci il) danışıqlara girərək Cənubi Qafqazda olan erməni əhalisini kütləvi şəkildə silahlandırmaq planını hazırlayırdılar. Elə bu məqsədlə də Zaqafqaziya Komissarlığının göstərişi ilə Tiflis arsenalından erməni kəndlərinə və icmalarına vaqonlarla tüfəng və patron göndərilirdi. Eyni zamanda Petroqradda hakimiyyəti ələ keçirən V.Lenin inqilabı "süngü ucunda" yaymaq siyasətini əsas götürərək, Qafqazda erməni amilinə önəm verir, daşnak-qnçak koalision qüvvələrinə çox yaxın olan millətçi S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edir. Tiflisdə siyasi qüvvələrlə sivil mübarizə apara bilməyən S.Şaumyan Bakıya yollanır və sovet hakimiyyətini bölgə quberniyalarına yaymaq bəhanəsi ilə Azərbaycan xalqına qarşı təxribatçılıq fəaliyyətinə başlayır. S.Şaumyan və onun komandasının ilk hədəfi Şamaxı olur. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı əsərində qeyd olunduğu kimi: "S.Şaumyanın ikili partiya mənsubiyyəti faktı onu izah edir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlı əhalinin kütləvi şəkildə qırılmasını təşkil edərkən daşnak silahlı dəstələrindən istifadə etmişdir".
Müstəqillik dövründə Azərbaycan tədqiqatçıları 1918-ci ilin yaz-yay aylarında bolşevik-daşnak-qnçak birləşmiş qüvvələrinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətini geniş şəkildə öyrənmiş, o cümlədən tarixçi-alim S.Rüstəmova-Tohidi isə fundamental sənədlər toplusunu nəşr etdirmişdir. Bütün bunlarla yanaşı, fikrimizcə, bu tədqiqat obyektinin hələ tam öyrənilməmiş və qatı açılmamış səhifələri kifayət qədərdir. Bütün bunları nəzərə alaraq Şamaxı faciəsinin kölgədə qalmış məqamlarını işıqlandırmağı məqsədəuyğun hesab edirik.
Şamaxı soyqırımı 1918-ci ildə Bakı quberniyasında S.Şaumyan və onun bolşevik-daşnak-qnçak birləşmiş quldur qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin birincisidir. "Azərbaycan" qəzeti S.Şaumyanın bu olaylarda rolunu 1919-cu il martın 30-da nəşr etdirdiyi nömrəsində göstərərək yazırdı ki, "Şaumyan və Avakyanın törətdikləri təxribatlar nəticəsində Şamaxı hadisələri baş verdi." O illərin dövri mətbuatında səslənən fikirlər bu hadisələrin faciəvi miqyasının təsəvvürə gəlməz qədər geniş olduğunu təsdiqləyir. 1918-ci ilin dekabrında "Bəsirət" qəzeti yazırdı: "Qanlı Nikolayların dövründə görünməyən zülmlər bizə bu gün - mart ayının 18-28 günləri arasında rəva göründü." Şamaxıda baş verən cinayətləri ictimaiyyətin nəzər-diqqətindən yayındırmaq və bu olaylarda öz rolunu gizlətmək məqsədi ilə bolşeviklərin təsis etdiyi hərbi-istintaq komissiyasını S.Şaumyan ləğv etdirsə də, "Azərbaycan" qəzeti 1918-ci il 21 oktyabr tarixli nömrəsində Şamaxı qəzasında misli görünməmiş fəlakətlərin çılpaqlığını göstərərək yazırdı: "...daşnaklar tərəfindən genosid siyasətinin yeridilməsini Şaumyan hökuməti ört-basdır edə bilmədi."
Şamaxı soyqırımını tədqiq edərkən bir cəhət xüsusi olaraq diqqəti cəlb edir: erməni quldurlarının Azərbaycan xalqına qarşı olan hüdudsuz nifrəti. Bu məqamı Fövqəladə İstintaq Komissiyasının sədri Ə.Xasməmmədov xüsusi vurğulamışdı: "Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri 1905-ci il hadisələri ilə bağlı azərbaycanlılara qarşı intiqam hissi ilə yaşamış və əlverişli məqam aramışlar. Belə ki, 1918-ci il martın 18-də azərbaycanlılar üzərinə hücum edən ermənilər açıq şəkildə bildirirdilər ki, bu günü onlar 12 il idi ki, gözləyirdilər və qışqırırdılar ki, Şamaxı əhlinin imdadına indi yalnız "Həzrət Abbas" gələ bilər".
Tədqiqat obyektini tarixi sənədlər əsasında öyrənərkən Azərbaycan tarixşünaslığının elmi dövriyyəsində çox zəif şəkildə göstərilən dəlillər diqqətimizi cəlb edir. Məlum olur ki, Şamaxıda ermənilər azərbaycanlılara qarşı soyqırım aparmaq üçün, Azərbaycanda yaşayan digər millətləri cəlb etməyə calışıblar. Tariximizin gizli qalmış bu məqamları Şamaxı soyqırımının öyrənilməmiş səhifələrini açıqlayır. Bu tarixi həqiqətlərin mahiyyətinə baxdıqda məsələnin tarixi kökləri üzə çıxır. Həmin illərdə Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı müstəmləkə siyasətini tarixşünaslığımızda postsovet konsepsiyasının tələblərinə uyğun öyrənən ayrı-ayrı tədqiqatçılar öz əsərlərində göstərə bilmişlər ki, bölgədə rus əhalisini özünün sosial-siyasi bazası kimi qəbul edən Rusiya imperiyası, hələ birinci rus inqilabı ərəfəsində Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında milli-azadlıq hərəkatının oyanışından ehtiyat edirmiş. Buna görə 1891-ci ilin noyabrında və 1903-cü ilin aprelində "ucqarlarda məskunlaşan rus əhalisinin silahlandırılması haqqında"qərarlar qəbul etmişdi.
Sənədlər göstərir ki, Şamaxı olayları zamanı ən ağır faciəni Əngəxaran kəndinin camaatı yaşamışdır. Diqqətçəkən cəhət ondan ibarətdir ki, kəndin başına gətirilən müsibətlərdən sonra əsir götürülənlərin bir hissəsi ermənilər yaşayan Mədrəsə kəndinə, digər hissəsi Çuxuryurda aparılmışdı və orada çox qəddarcasına qətlə yetirilmişlər.
Ümumlikdə, Şamaxı faciəsi
zamanı təkcə Şamaxı şəhərində təqribən
14-16 min, onun 40 kənd
və obalarında (bugünkü
Şamaxı və Qobustan rayonları ərazisindəki
kəndlər) isə 6-8 min nəfər
azərbaycanlı erməni yaraqlıları tərəfindən
qətlə yetirilmişlər. Şamaxı şəhəri,
onun kənd və
obalarından didərgin, qaçqın düşənlərin
sayı isə 18 min nəfərdən çox olmuşdur.
Şamaxı qırğını zamanı 58 kənd yerlə-yeksan
olmuşdur. Şamaxıdan sonra erməni millətçiləri Azərbaycanın
bir çox bölgələrində
- Bakıda, Qubada, Göyçayda,
Kürdəmirdə, Zəngəzurda soyqırım siyasəti
aparmışlar.
Tarixi
ədaləti bərpa etmək və daşnak-qnçak ideologiyası
ilə silahlanmış erməni yaraqlılarının Azərbaycan
xalqına qarşı apardıqları soyqırım siyasətinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul
edən ulu öndər Heydər Əliyev 1998-ci il martın
26-da "Azərbaycanlıların soyqırımı
haqqında" fərman imzaladı. Fərmana əsasən,
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü elan edildi. Bu tarix 1918-1920-ci illərdə erməni
faşizminin qətlə yetirdiyi günahsız qurbanların
anım günüdür. Həmin dövrdə yüz minlərlə
azərbaycanlı erməni vəhşilikləri nəticəsində
qətlə yetirilmişdir. Bu nominal rəqəmlər
ayrı-ayrı insan təxəyyülünün məhsulu
olmayıb, Azərbaycan Respublikasının müxtəlif
dövlət arxivlərində saxlanılan tarixi sənədlərin
diktəsidir. Hazırda Azərbaycan
tarixşünaslığının ən önəmli vəzifələrindən
biri araşdırılan xronoloji çərçivədə
erməni millətçilərinin Azərbaycan xalqına
qarşı törətdikləri cinayətləri sona qədər
öyrənmək və dünya ictimaiyyəti
qarşısında erməni faşizmini ifşa etməkdir.
Məhsəti ƏLİYEVA,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2012.- 29 mart.- S. 5.