Qarabağda qanlı hadisələr başlamamışdan Qazaxda Bağanıs Ayrımda faciə yaşandı

 

 Gizli deyil ki, erməni vandalizmi təkcə Qafqaz xalqları üçün deyil, ümumiyyətlə, bəşəriyyətə qarşı təhlükəli siyasət yürüdür. İki əsr ərzində türklərə qarşı görünməmiş vəhşiliklər törədən erməni daşnakları 1988-1993-cü illərdə bu hərəkətlərinin miqyasını və həddini aşaraq xalqımızı soyqırımına məruz qoyub. Bu illər ərzində havadarlarının dəstəyi ilə ermənilərin həyata keçirdiyi işğalçılıq siyasəti özünün amansızlığını təkcə Xocalını yer üzündən silməkdə göstərmədi. Belə amansızlıq və vəhşiliklər Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban, Qazaxın Bağanıs Ayrım və digər yaşayış məntəqələrində də törədildi.

Azərbaycan ərazilərində  elan  olunmamış müharibəyə başlamamışdan öncə  Ermənistan silahlıları həmsərhəd yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc kənd sakinlərini qətlə yetirir, yaylaq yerlərində mal-qaranı belə gülləbarana tutur, qan tökməkdən çəkinmirdilər. Ermənilərin Qarabağ savaşlarında törətdiyi qanlı hadisələr təkcə Qarabağın aran və dağlıq ərazilərimizdə deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da baş verirdi. Qazax rayonunun xüsusi strateji əhəmiyyətə malik olan Bağanıs Ayrım kəndi də məhz belə qətliamların və dəhşətlərin şahidinə çevrildi. Bu kənd Ermənistanın İcevan-Noyemberyan (Dağ Borçalı ərazisi) avtomobil yolu üzərində, 600 nəfər əhalisi olan yaşayış məntəqələrindəndir. Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəd olan Bağanıs Ayrımda ermənilərin törətdiyi dəhşətli  qırğın sonrakı faciələrin sanki siqnalı idi.

Xeyli müddət ermənilərin ara-sıra hücumlarına məruz qalan Bağanıs Ayrım kəndi 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə əvvəlcədən hazırlanmış plan əsasında intensiv atəşə tutuldu və səhər ertə tamamilə darmadağın edildi. Xocalı kimi yer üzündən silinməsi nəzərdə tutulan kənddə beş nəfərlik bir ailə bütünlüklə və amansızlıqla qətlə yetirilərək yandırıldı. Bununla da Ermənistan Azərbaycan ərazilərinə genişmiqyaslı hücum əməliyyatı başladı. Məhz həmin qanlı hadisələrdən Bağanıs Ayrım  tarixin səhifələrinə ermənilər tərəfindən işğala məruz qalmış  ilk yaşyaış məntəqəsi kimi daxid oldu.

Bağanıs Ayrım qətliamının dünya ictimaiyyətinə olduğu kimi çatdırılmaması işğalçı Ermənistanın təcavüzkar siyasətini genişləndirməsinə gətirib çıxardı. Məhz bundan sonra erməni silahlı dəstələri Qarabağın aran və dağlıq, eləcə də ona bitişik ərazilərini işğal etməyə müvəffəq oldu.

Bağanıs Ayrım faciəsində kəndin dinc sakinlərindən on nəfər amansızcasına qətlə yetirildi. Yüzdən artıq təsərrüfatdan ibarət olan kəndin on beş nəfəri o gecə düşmən gülləsindən yayına bilməyərək ağır yaralandı və şikəst oldu. Külü göylərə sovrulan kənddən  çıxarıla bilməyən ev əşyaları, mal-qara ermənilər  tərəfindən qənimət kimi ələ keçirildi. Kənddə həmin gün 17 ev qumbaraatanla dağıdıldı, 11-i isə ermənilər tərəfindən qarət edildi. Faciə zamanı Əsliyevlərin beş nəfərlik ailəsi işgəncələrlə qətlə yetirilərək üstlərinə yanacaq tökülərək yandırıldı. Alməmməd Məhərrəmov həyətindəki od vurulmuş ot tayasına atıldı. Dirigözlü odlara qalanan bu insanların arasında  75 yaşlı Dədəş Əsliyev və dünyaya gəlişindən cəmi 40 gün belə keçməyən  körpə Hafiz də vardı.

1990-cı ilin martında təcavüzə məruz qalan Bağanıs Ayrım kəndi avqust ayında tamamilə ermənilərin əlinə keçdi. Sözdə əsas hədəfləri  Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək olan, Qazax rayonunun 7 kəndini, o cümlədən Bağanıs Ayrımı da işğal edərək dinc əhaliyə divan tutması  daşnakların əsl üzünü açmaqla yanaşı, onların işğalçılıq niyyətlərini ortaya qoydu. Çox təəssüf ki, Qarabağonun ətrafında baş verən qanlı hadisələrin fonunda Bağanıs Ayrım faciəsi "görünməz" oldu. Əslində, miqyasına və dəhşətlərinə görə, Bağanıs Ayrım faciəsi sonrakılardan heç də geri qalmırdı.

Digər işğal olunmuş Azərbaycan ərazilərində olduğu kimi, Qazaxın təcavüzə məruz qalan kəndlərində də  ermənilər görünməmiş vəhşiliklər törətdi. Qarabağdan məsafəcən xeyli uzaqda yerləşən Qazaxın Barxudarlı və Sofulu kəndlərində törədilənlər də tarixin qanlı səhifələrinə yazıldı. Bu kəndlərə ermənilərin intensiv hücumu aprelin 23-dən 27-dək davam etdirildi. Bir neçə gün davam edən mövqe döyüşlərində Barxudarlıdakı 11, Sofuludakı 9 sərhəd məntəqəsinin müdafiəçiləri ciddi müqavimət göstərsələr də, planlı hücumlar kəndlərin hər ikisini düşmən əsarətinə saldı. Ermənilər digər işğal etdikləri ərazilərdə törətdikləri qanlı hadisələr kimi, burada da dinc sakinləri gülləbarana tutur, onları əsir  götürməyə çalışırdılar. Rayon mərkəzindən bu kəndlərin köməyinə gələn olmasın deyə, erməni faşistləri dəmiryolu xəttini dağıtdılar. Məhz həmin günlərdə özünün şəxsi təsərrüfatına məxsus mal-qarasını otaran  ortayaşlı  kişi ilə bir məktəblini güllə yağışına tutan ermənilər kənd camaatının onlara tutarlı cavabından sonra geri çəkildilər.

Tarixin bu qan yaddaşları unudulmamalıdır. Faciələrin törədilmə şəraiti, zamanı və miqyası, həmçinin dəhşətləri barədə dünya xalqlarına, beynəlxalq birliklərə məlumat vermək üçün internet şəbəkəsindən yararlanmaq lazımdır. Ötən ilin sonlarında Bağanıs Ayrım kəndinə həsr edilən  saytın təqdimat mərasimi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, rusingilis dillərində hazırlanan saytda kəndin işğalı zamanı ermənilərin burada törətdikləri vəhşiliklər şahidlərin ifadələri ilə öz əksini tapdı. Təqdimat mərasimində o da qeyd edildi ki, məqsəd Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin bütünlüklə türk dünyasına, o cümlədən də azərbaycanlılara qarşı  apardığı soyqırımı siyasətini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, habelə Dağlıq Qarabağla yanaşı, Ermənistanla həmsərhəd bölgələrimizdə onların törətdikləri vəhşiliklər barədə geniş məlumat verməkdir.

Torpaqlarımızın işğalçılardan azad edilməsi istiqamətində aparılan sülh danışıqlarının, nəhayət ki, nəticə  verəcəyinə inam yaradan bir çox amillər mövcuddur. Onlardan birincisi dövlətimizin bütün sahələrdə, o cümlədən hərbi quruculuqdakı inkişafıdır. Azərbaycanın iqtisadi tərəqqisi, beynəlxalq  birlikdəki nüfuzu, region dövlətləri arasındakı liderliyi imkan verir ki, Ermənistan  sülh danışıqlarında indiyə kimi göstərdiyi qeyri-konstruktiv mövedən çəkinsin. Bu istiqamətdə cəmiyyətin hakimiyyətlə eyni mövqedə olması da bir daha Ermənistanın təcavüzkarılığına görə cəzadan yaxa qurtara bilməyəcəyini ortaya qoyur.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 6.