Xocalıda məskunlaşmış Mesxeti türklərinə qarşı görünməmiş vəhşilik törədilmişdir

 

 Ermənilər tarixən türklərə qənim kəsilmişlər

 

 Ötən əsrin əvvəllərindən başlayaraq ittifaq ərazisində, xüsusən də Cənubi Qafqazda yaşayan türkəsilli xalqlara və millətlərə qarşı kütləvi qırğın və sürgün siyasətinə başlandı. 1930-cu illərdə əvvəlcə Azərbaycanın minlərlə ziyalısı, elm xadimi vəhşicəsinə qətlə yetirildi, güllələndi, vətənindən Uzaq Sibirə, Orta Asiyaya, Maqadana sürgün edildi. 1943-19-44-cü ildə qəddar imperiya siyasətinin növbəti hədəfi Gürcüstanın Mesxeti vilayətində yaşayan Mesxeti türklərinə yönəldi. Onlar əvvəlcədən xəbərdarlıq edilmədən bir neçə günün içərisində qatarlara doldurularaq vətənlərindən uzağa, ucu-bucağı görünməyən Orta Asiya çöllərinə, Özbəkistana sürgün edildilər. Guya bu "köçürmə" dövlət müdafiə komitəsinin sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilirdi. Əslində isə Anastas Mikoyan onlara qənim kəsilmişdi. Mesxeti bölgəsi boşaldıqdan sonra həmin ərazilərdə erməniləri yerləşdirdilər. Mesxeti türklərinin çoxu əzablı yollarda aclıqdan, susuzluqsoyuqdan həlak oldu. Elə həmin vaxtdan da onların faciəsi başladı, yaşadıqları müsibətlər tarixlərinin bitməyən qanlı səhifəsinə çevrilib.

Ötən əsrin 30-cu illərindən sonra Stalin-Mikoyan cütlüyünün cinayətlərinin miqyası getdikcə genişlənir, qarşısı alınmaz hala gəlirdi. 1947-ci il dekabrın 23-də isə Cənubi Qafqazda türk izini məhv etmənin növbəti ssenarisi reallaşdı. SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi" adlı qərar qəbul etdi. Qərarda deyilirdi: "Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, Azərbaycan SSR-ə köçürülməsi ilə əlaqədar olaraq Azərbaycan əhalisi tərəfindən boşaldılan tikililər və yaşayış evləri xaricdən gələn ermənilərin yerləşdirilməsi məqsədilə istifadə olunsun". Həmin illər qədim İrəvan torpağından yüz minlərlə azərbaycanlı deportasiya olundu. Beləcə, azərbaycanlılar, çeçenlər, inquşlar, Krım türkləri, tatarları və başqa türkəsilli xalqlar tarixi yaşayış yerlərindən dərbədər oldular. Mikoyanın məqsədi, əslində, siyasi xarakter daşıyan sürgünlər və kütləvi yerdəyişmələrlə etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmək idi. Beləliklə, onların fəaliyyəti Cənubi Qafqazdan türk izinin silinməsinə yönəldi. Nəticədə milyonlarla günahsız insan rejimin cinayətlərinin qurbanı oldu.     

Daimi məskənləri Cənub-Qərbi Gürcüstan ərazisinin Mesxetiya bölgəsi olmuş Mesxeti türkləri sürgün tarixləri başlayana qədər ətraf türk xalqları ilə qaynayıb qarışmasalar da, onlarla mənəvi yaxınlıqları olmuş, hər cür etnik təzyiqə rəğmən milli ruhlarını qoruyub saxlaya bilmişdilər. Onlar Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki türklərə daha yaxın idilər. Bu xalq Ömər Faiq Nemanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Osman Sərvər Atabəy, Əhməd bəy Pepinov, Məhəmməd Zəki kimi şəxsiyyətlər yetirmiş, Xəstə Hasan, Aşıq Öməriy, Aşıq Nuri, Üzeyir Fəqiri, Zülali, Səfili kimi nüfuzlu sənətkarları saz çalıb, söz söyləmişlər. Bəllidir ki, zaman-zaman baş vermiş rus-türk müharibələri zamanı Osmanlı torpaqlarının böyük bir qismi Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. 1829-cu ildə imzalanan "Ədirnə müqaviləsi" nəticəsində mesxetilərin yaşadıqları ərazilər də çar Rusiyasının tərkibinə verildi.

Stalin erməni fitnəkarlarının əli ilə 1944-cü ildə Krım türklərinin, balkanların, qaraçayların və mesxetilərin vətənlərindən sürgün edilməsi barədə qərar verdi. Başları böyük müsibətlər çəkən Mesxeti türkləri Özbəkistanın Fərqanə deyilən vadisinə köçürüldülər. Ən adi insan hüquqlarından məhrum edildilər. Ana yurdlarından zorla qoparılaraq didərgin salınan mesxetilərin sənədlərinə milliyyətinin türk yazılması yasaq edildi. Bütün çətinliklərə baxmayaraq bir müddətdən sonra məskunlaşdıqları Fərqanəyə alışmış, özlərinə yurd-yuva salmışdılar. Lakin sən saydığını say, gör yağı düşmən nə sayır. Keşməkeşli zamanın burulğanları onları dalğadan-dalğaya atırdı.

Növbəti dalğa isə 1989-cu ildə başladı, düşmən fitnəsinin ocağı bu dəfə daha alovlu qalandı, niyyətləri daha məkrli idi. Azərbaycanda Dağlıq Qarabağ problemini ortaya atan erməni faşistləri ittifaq ərazisində yaşayan başqa türkdilli xalqları da hədəfə götürdü. Çox keçmədən Orta Asiya alovlandı, Özbəkistanda qızışdırılmış qüvvələr iğtişaşlar törədərək orada yaşayan mesxetilərə əziyyət verir, qətlə yetirir, yaşadıqları ərazidən, ev-eşiklərindən qovub çıxarırdılar. Vəziyyət o həddə çatdı ki, 1989-cu il iyunun 3-dən 12-dək bir neçə günün içərisində Fərqanədə yaşayan yüz minlərlə türkəsilli xalq yenidən qatarlara doldurulub Özbəkistandan çıxarıldı. Bu dəfə göndəriləcək ünvan da bəlli deyildi, "hara istəyirsən get, gedə bilmirsənsə, bir qrup başıpozuq dəstənin qurbanına çevriləcəksən". Mesxeti türklərinin XX əsrdə sürgün edildikləri ikinci tarix yazıldı. Bununla da Mesxeti türkləri növbəti dəfə dünyaya səpələndi.

Azərbaycanda isə həmin ərəfədə hər gün vəziyyət gərginləşir, münaqişə getdikcə qızışırdı. Hadisələr Qarabağda kütləvi mitinqlərlə, ölümlə, kəndlərin boşaldılması ilə müşayiət edilir, Ermənistanda yaşayan soydaşlarımız yurd-yuvalarından deportasiya olunurdu. Yaşadığı gərgin tarixi şəraitə və başına gələn faciələrə baxmayaraq Azərbaycan yenə də qardaş Mesxeti türklərinə qucaq açdı. Xatırladaq ki, Stalinin ölümündən az sonra Azərbaycan mesxetilərə qucaq açaraq onların çoxunu sürgündən geri çağırıb Sabirabad, Saatlı, Beyləqan, Xaçmaz, Quba, Qazax, Şamaxı və başqa bölgələrdə yerləşdirib, qayğı göstərib. O vaxtdan Azərbaycanı özünə vətən seçən mesxetilər burada heç bir əziyyət çəkmədən, sıxılmadan məskunlaşaraq əkib-biçin, qurub yaratmaq, məskunlaşdıqları yeri gülüstana çevirməklə məşğul olurdular. Dünyanın bir neçə ölkəsinə səpələnən mesxetilər 1989-cu ildə yenə də böyük axınla Azərbaycana pənah gətirdilər.

Növbəti köç zamanı 68 mesxeti ailəsi də Xocalıda məskunlaşmışdılar. Onların sonrakı taleləri ilə maraqlanıb soraqlarına düşdük, soyqırımı zamanı başlarına nələr gəldiyini öyrənmək üçün bir neçə Xocalı sakini ilə görüşdük. Bahadır dayı dedi ki, həmin gecə onların 11 nəfər şəhidləri oldu, martın 2-də isə bir erməni qəbrinin üstündə 4 nəfər gənc mesxetilinin başını kəsdilər. Həmin gənclərin ailələrini də əsir götürdülər.

Zabitə Rövzət mesxeti türküdür. Bizimlə söhbətində dedi ki, oğlunubir nəvəsini itirib. Danışır ki, o vaxt xocalılılar əyinlərinin paltarını da bizə verirdilər. O qədər doğmalıq göstərirdilər ki, dərdimizi unudurduq: "Bizim cavanlarımız da boş oturmadı, əli silah tutanlar Milli Orduya yazıldı, Xocalının özünümüdaifə batalyonunda xidmətə başladılar. Neçəsi Qarabağ uğrunda gedən savaşlarda şəhid oldu. Ön cəbhədə yerli camaatla birgə vuruşub Xocalını düşməndən qoruyurdular. Bir Bəkirov Eldar var idi, neçə düşmən öldürdü. Amma bizim taleyimiz doğuşdan qara gətirib. Bəlkə də heç bir xalq bizim qədər faciə yaşamayıb. Fərqanədə yaşadığımız qorxu canımızdan çıxmamış daha betərini yaşadıq, faciə törənən gecə və sonrakı günlər 30-dək şəhid verdik, 7 uşağı güllələdilər, itkin düşənlərimizdən hələ də xəbər yoxdur. Qaniçən ermənilər tarixi-qədimdən Gürcüstanın Mesxeti-Axısqa bölgəsində yaşayan türklərə qənim idilər. 1944-cü ildə əllərinə fürsət düşdü, bizi məhv etdilər, Xocalıda isə..."     

II qrup Qarabağ müharibəsi əlili, ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 25-də Azərbaycan Bayrağı ordeninə layiq görülmüş Rəcəbov Sərvər Məmməd oğlu da Fərqanədən gələndən sonra ailəsi ilə birlikdə Xocalıda məskunlaşmışdı. Nə qədər çətin olsa da, özlərinə ev tikib güzəran qurmağa məcbur idilər. Sərvərin də sorağına düşdük. O, Xocalının işğalından sonra Sabirabaddakı qohum-əqrabalarının yanında yerləşib: "1989-cu ildə Dağlıq Qarabağda, Xocalıda yerləşdirdilər bizi. Azərbaycanlı qardaşlarımız bizə Mesxeti türkü deyirdilər, əslində biz Axısqa türkləriyik. Bir koma qaraldıb içinə yığışdıq. Amma burada da müharibə idi, düşmən də eyni - erməni idi. Döyüşmək lazım gəlirdi. Yerləşdikdən az sonra mən də cəbhəyə yollandım, ərazi özünümüdafiə batalyonunun komandir müavini kimi döyüşdüm. Əli silah tutanlarımızın hamısı cəhbədə idi. Fevralın 25-dən 26-na keçən gecə düşmən bizi müdafiə nöqtəsində yaxaladı, onların müasir tank-top və silahlarının, zirehli texnikalarının qarşısında bizim yüngül silahlarımız oyuncaq kimi görünürdü. Çalışırdıq ki, heç olmasa dinc əhalini bir tərəfə çıxara bilək. Həmin gecə mesxetilərdən 11 nəfər qətlə yetirildi, 30-a yaxın əsir götürüldü. Faciədən bir neçə gün sonra martın 1-2-də əsir götürülmüş İlyasov Əhməd Məmməd oğlunun, Bilalov Əlişir və Cabbar qardaşlarının, birOsmanov Həmdinin başlarını erməni qəbrinin üstündə kəsdilər. Onların ailə üzvləri də girov götürüldü. Bir neçə nəfər sonradan azad edilsə də, 6 nəfərdən hələ də xəbər yoxdur. Zeynalovlar ailəsinin bütün üzvlərini əsir götürüb yolda qətlə yetirdilər. 1989-cu ildə Xocalıda məskunlaşan 68 ailənin hərəsi indi bir bölgədədir".

Sərvər Rəcəbov Xocalının işğalından sonra ailəsini Sabirabadda, qohumlarının yanında yerləşdirdikdən sonra yenidən cəbhəyə qayıdıb, Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Sağaldıqdan sonra II qrup əlil kimi ordudan tərxis olunub.      

Azərbaycan dövləti bütün dövrlərdə mexsetili türk qardaşlarının qayğılarını çəkibdir. Onlar da özlərini Azərbaycanda yad hiss etməyib, qaynayıb qarışıblar. Bu gün Azərbaycanın müxtəlif yerlərində qaçqın və məcburi köçkünlər üçün tikilən evlərdə Mesxeti türkləri də məskunlaşıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun çıxışlarında verdiyi məlumata görə, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Mesxeti türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin tikintisi başa çatdırılıbdır. İndiyədək Mesxeti türklərinə məxsus 324 evin tikintisi yekunlaşıb və bundan sonra da bu layihə davam etdiriləcək.

Dünyanın hər yerinə səpələnmiş yarım milyondan bir az çox Mesxeti türklərinin bircə arzuları var - tarixi torpaqlarına, vətənlərinə dönmək, kompakt şəkildə yaşamaq. Özlərinin dediyi kimi, dağınıq yaşamaqdan doyduqları bir ayrı, bu həm də onların siyasi hüquqlarından məhrum edilməsinə səbəb olur. İstəyirlər ki, ana dillərində təhsilləri, məktəbləri, televiziya-radioları, qəzetləri olsun. Sivil dünyanın insan hüquqlarından onlar da yararlansınlar. Nəhayət, arzularına çatacaqlarına ümid yaranıb. Bir neçə il öncə BMT, ATƏT, Avropa Birliyibaşqa nüfuzlu təşkilatlar Mesxeti türklərinin tarixi vətənlərinə dönmələri barədə qərarlar verib. Gürcüstan dövləti də bu qərara hörmətlə yanaşıb. Lakin bir xalqın kütləvi halda vətənlərinə dönməsi xeyli zaman və maliyyə imkanları tələb etdiyindən bu qərar hələ reallaşmayıb. Mesxetilər deyirlər ki, vətənlərinə dönmələrində problem yoxdur, orada incidilmirlər, maneə törədən yoxdur. Bu, insanların istəyinə və özlərinin maddi durumuna bağlıdır. Kimin imkanı varsa və ürəyi istəyirsə gedib Mesxeti ərazisindən, hətta deportasiya olunarkən köçdükləri kənd və şəhərdən belə torpaq alıb ev tikdirə bilər.

Qardaş Mesxeti türklərinin böyük oğlu Ömər Faiqin vaxtilə dediyi sözləri xatırlayırıq: "Xeyr, əzizim xeyr! İşıq dairəmiz sönməyə meyilli olsa da, arxayın olunuz, sönməyəcəkdir. Əksinə, getdikcə böyüyəcək. O qədər böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir".

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 6.