Sənət mülkünün sultanı
Erməni zülmünün hər üzünü
görmüş yazıçı
Məmməd Səid Ordubadi -140
Ədəbiyyat tarixində şair, publisist, jurnalist, dramaturq, ssenarist, librettoçu, yazıçı kimi tanınan Məmməd Səid Ordubadi həm də ictimai və dövlət xadimi kimi XX əsrin ən görkəmli şəxsiyyətlərindən biri idi. Bu unudulmaz ədibdən bizə elə bir irs qalıb ki, hansı yöndən yanaşsan, Məmməd Səid Ordubadi yaradıcılığının əzəməti önündə heyrətlənməyə bilmirsən. Ziddiyyət və təlatümlərlə dolu bir dövrdə yaşayan, yaradan, sürgün həyatı keçirən, quruluşun əzablarını dadan, repressiyaların caynaqlarına ilişmiş əzizlərinin dərdini çəkən, ermənilərin doğma yurdumuzda törətdikləri faşizmin şahidi olan və bu gerçəkliyi qələmə alan, həqiqəti yazdığı üçün "mürtəce yazıçı" damğası vurulan, həm də "Koroğlu" operasının librettosuna görə fəxri ad alan, beləliklə, gah danlanan, gah təriflənən Məmməd Səid Ordubadi 78 illik ömründə nələr görmədi?! Uşaqlığı xoş keçmədi, körpə vücudu ilə ağır zəhmətə qatlaşdı. Erməni zülmünün hər üzünü gördü, quruluşun bəla və zillətini yaşadı. Gah min arşın quyunun dibinə düşdü, gah da ucaldı.
Xalq yazıçısı Mirzə İbrahimov böyük ehtiram və məhəbbətlə qələm dostunu "Azərbaycan ədəbiyyatının gövhəri" adlandırırdı. Bu da təsadüfi deyildi. O, dörd cildlik "Dumanlı Təbriz" roman-epopeyası ilə milli ədəbiyyatda yeni janrın əsasını qoydu. Bununla bahəm, Məmməd Səid Ordubadi "Döyüşən şəhər", "Gizli Bakı", "Qılınc və qələm" əsərləri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının qüdrətli yaradıcısı kimi ad qazandı.
Məmməd Səid Ordubadi İrəvan quberniyasının Ordubad şəhərində şair ailəsində anadan olub. XIX əsrin sonlarında Fəqir təxəllüsü ilə şeirlər yazan Hacağa həm də məktəbdarlıqla məşğul olan bir şəxsiyyət idi. Məmməd Səid Ordubadi həmişə atasının və onun dostlarının iştirak etdiyi şairlər məclisində saatlarla əyləşərək onlara qulaq asmağı çox sevərdi. Onlar ailədə dörd uşaq olublar - iki qardaş, iki bacı. Elə ilk təhsilini atasının məktəbində alan Məmməd Səidin bəxtəvər günləri o qədər də uzun çəkməyib. Atasını erkən itirib. İbtidai təhsilini əvvəl dörd sinifli rus məktəbində alan, sonra Məmməd Tağı Sidqinin "Əxtər" məktəbində oxuyan Məmməd Səid çox erkən əmək fəaliyyətinə başlayıb. On üç yaşında ikən Ordubaddakı ipək fabrikində çalışıb. Ailəyə çörək pulu qazanmaq üçün işləmək zorunda qalıb. Bədii yaradıcılığa isə şeirlə başlayıb. Atasından gəlmə istedad uzun müddət onu poeziyadan ayırmayıb. İlk şeiri "Şərqi-Rus" qəzetində çap edilib. 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının dördüncü sayından başlayaraq Məmməd Səid Ordubadinin bu məşhur dərgidə satirik şeirləri, felyeton və xəbərləri dərc olunub. Hərdəmxəyal imzası ilə "Molla Nəsrəddin"ə yazılar göndərən Məmməd Səid sonralar "Şərqi-Rus", "İrşad", "Tərəqqi", "Tazə həyat", "Leylək", "Tuti", "Babayi-Əmir" və s. mətbuat orqanlarında ardıcıl çıxış edib.
1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman qırğınlarının şahidi olub. Ermənilərin İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda, ümumiyyətlə, külli-Azərbaycanda törətdiyi dəhşətlər haqqında ətraflı xəbərdar olan Məmməd Səid Ordubadi müxtəlif bölgələrdən ünvanına gələn 245 şahidin yazdığını toplayaraq sənədli bir əsər - "Qanlı sənələr"i yaradıb. Yazıçı bu əsərində ermənilərin 300-dən artıq kənddə törətdiyi faciələri, ağlagəlməz işgəncələri, talanları faktların dili ilə qələmə alıb. Hələ çar senzurasının hökm sürdüyü bir dövrdə erməni daşnaklarının onlara söykənərək həyata keçirdiyi soyqırımı barədə fakt və şahidlərin söylədikləri hadisələr əsasında yazan Ordubadi bu əsəri 1908-ci ildə tamamladı. Əsərin kitab halında işıq üzü görməsini istəsə də, maddi cəhətdən imkanı yox idi. Bu səbəbdən də "Tazə həyat" qəzetində çıxış edərək sərvət sahiblərini köməyə çağırdı. 1911-ci ildə Bakı milyonçusu Murtuza Muxtarovun maddi dəstəyi ilə "Səda" mətbəəsində nəşr edilən "Qanlı sənələr" çar hökumətinin himayəsi və erməni Daşnaksütyun partiyasının fitnələri ilə törədilən milli qırğınları olduğu kimi təqdim etdi. Təəssüf ki, faktlar və dəlillər əsasında yazılan bu kitabın taleyi bəd gətirdi. Həqiqətləri sərt dediyinə və bu milli cəsarətinə görə ermənilərin güdazına gedən Məmməd Səid Ordubadi 1914-cü ildə Culfada həbs edilərək Rusiyanın Saritsin (indiki adı Volqoqrad) şəhərinə sürgün olundu. Həmin əsərdən oxuyuruq: "Müsəlmanlar müasir işlərdən xəbərsiz olduqlarına görə böyük xəsarət gördülər. Qazax uyezdində hökumət məmurları, xüsusilə, polis qulluqçularının əksəriyyəti erməni olduğundan müsəlmanlar artıq zərərlər vermişlər. Qazax uyezdində üç böyük və müdhiş müharibələr də zühur etmişdir: 1. Əlibəyli; 2. Tatlı; 3. Əskipara müharibələri". Ordubadi faktlar əsasında azərbaycanlıların onlara məxsus dədə-baba ocağında ermənilərin insanlığa sığmayan vəhşilikləri barədə ürək parçalayan məlumatlar verib. Bu əsəri soyuq başla oxumaq qeyri-mümkündür. Erməni xəyanətini, dəhşətini olduğu kimi əks etdirən "Qanlı sənələr" əsərində namərd qonşularımızın necə hiyləgər, bəd əməl, qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət və bəlalarla səciyyələndirib. Məmməd Səid Ordubadinin bu əsəri erməni vandallarının vəhşiliklərini güzgü kimi əks etdirib.
1914-cü ildə işıq üzü görən "Əndəlisin son günləri" adlı tarixi dramı yenə də şovinistlər tərəfindən rəğbətlə qarşılanmadı. Ordubadi bu əsərində ərəblərlə ispanların mübarizəsini təsvir edirdi. Ordubadinin qələmə aldığı hadisələr ispanların öz azadlığı uğrunda vuruşan ərəb döyüşçülərinə qarşı yeritdikləri səlib yürüşü idi. Sovet dövründə də müəllifin bu əsərinə qarşı tənqid dolu yazılar dərc edilirdi. Ədəbiyyatçılar "sübut etməyə" çalışırdılar ki, müəllif, yəni, Ordubadi tarixi hadisələrin mahiyyətini dolğun dərk etməmiş, ərəb istilaçıların məğlubiyyətinə az qala matəm tutmuşdur. Bu əsərinə görə Ordubadini "mürtəce yazıçı" adlandırıblar. Maraqlıdır ki, Ordubadini bir yazıçı kimi qəbul edənlər də onun milli ruhunu, vətənpərvərliyini, insansevərliyini şübhə altına alırdılar.
Arxiv sənədlərindən məlum olur ki, onun sürgün həyatı olduqca ağır keçib. Qışın şiddətli şaxtasında yük qatarında həftələrlə yol getməsi, zindandan zindana keçirilməsi, aclıq, xəstəlik yazıçının səhhətini pozub. Lakin o, ümidini Allahdan üzmürdü. İmkan tapan kimi dostları ilə əlaqə yaradaraq yeni yazdığı əsərlərin qəzetlərdə dərcinə nail olurdu. Onu əzmək istəyənlər də Məmməd Səidin əzminə, iradəsinə mat qalırdılar.
1917-ci ildə Rusiyada başlayan fevral inqilabı Ordubadinin sürgündən qurtulmasına səbəb oldu. Onun vətənə qayıtması bir neçə il çəkdi. O dövrdə insanların əksəriyyəti yeni dünyanın azadlıq və demokratiya üzərində qurulacağına, millətlərə səadət gətirəcəyinə inanırdı. Bu səbəbdən də Ordubadi Kommunist Partiyasının sıralarına daxil oldu. Bir müddət Həştərxanda yaşadı. "Hümbət" qəzetində çalışdı. Sonra Dağıstana gələrək "Qırmızı Dağıstan" qəzetinin nəşrinə nail oldu. 1920-ci ildə Bakıya dönən Məmməd Səid Ordubadi yenidən mətbuat sahəsində fəaliyyətini davam etdirdi. O dövrdə çıxan "Əxbar", "Maarif işçisi", "Yeni yol" qəzetlərində, "Molla Nəsrəddin" və "Şərq qadını" kimi jurnallarda Ordubadi tez-tez çıxış edirdi.
1929-cu ildən 1937-ci ilə qədər Azərbaycan Radio Verilişləri Komitəsində ədəbi-bədii verilişlər üzrə direktor kimi çalışan Məmməd Səid Ordubadi çoxcəhətli yaradıcılığa malik bir qələm sahibi idi. "Koroğlu", "Nərgiz", "Səfa" və "Nizami" operalarının librettosunu yazdı. Eləcə də "Beş manatlıq gəlin", "Ürəkçalanlar" musiqili komediyalarının librettosu da onun qələminə məxsusdur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Üzeyir Hacıbəylinin "Koroğlu" operası böyük uğur qazandı. Həmin vaxt dövlət tərəfindən mükafatlandırılan sənətkarlar arasında Məmməd Səid Ordubadi də var idi. Sənət uğurları ona sevinc gətirsə də, o, zahirən gülümsəyirdi, əslində, ürəyi qan ağlayırdı. Çünki qardaşı Rza 37-ci ilin repressiya qurbanına çevrildi. Fransada təhsil alan ilk Azərbaycan modelyeri sayılan Rza Ordubadda artel yaratmışdı. Fransız dəbində kişi paltarlarının ülgüsünü məharətlə hazırlayırdı. Rzanın həbsindən sonra ailəsi də sürgün edildi. Əzizlərinin söylədiklərinə görə Ordubadi həmişə gizli şəkildə, xüsusilə də, qələm dostu Əvəz Sadıqın köməyi ilə sürgündə əziyyət çəkən qardaşı balalarına yardım edərdi. 1948-ci ildə "Qılınc və qələm" əsərini tamamlayan müəllifin şöhrəti daha da artıb. Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar qələmə alınan bu əsərə görə Mircəfər Bağırov yazıçı ilə görüşərək ondan hansı mükafatı istəməsini soruşub. Məmməd Səid Ordubadi çox hüzn və kədərlə yalnız bu sözləri deyib: "Qardaşım balaları sürgündən azad edilsin".
Təəssüf ki, o dövrdə qara tufandan qurtulanları bəzən qınayanlar da var. Onlar arxivləri "təftiş" edərək qalmaqal yaratmaqdan, dünyasını dəyişən böyük ədib və şairlərin ünvanına çamır atmaqdan yorulmurlar. Halbuki qardaşı qardaşla üz-üzə qoyan bir eybəcər quruluşun öz daxili qanunları, sərt rejimi və "yazdırmaq", "şər atmaq", "donosçuluq" missiyası var idi. Fərq etmirdi ki, bunu yazan sağ əl sol əlin ünvanına göndərir, yoxsa başqasının. Bu, quruluşun çirkin oyunu və karikaturası idi. Bu barədə ulu öndər Heydər Əliyevin çox tutarlı bir cavabı var: "Yaxşı ki onlar salamat qala bildilər. İndi ədəbiyyatımızdan bu şəxsiyyətləri çıxartsaq, görün ədəbiyyatımız nə qədər solğun görünər..."
İkinci dünya müharibəsi illərində Məmməd Səid Ordubadi söz əsgəri kimi öndə idi. Vətənpərvərlik ruhunda müxtəlif əsərlər yazır, radio və mətbuatda faşizm əleyhinə çıxışlar edir, xalqı qələbəyə səsləyirdi. Xarici ölkə ədəbiyyatından etdiyi tərcümələr də diqqət çəkirdi. Xüsusilə də, A.S.Puşkinin əsərlərini sevə-sevə dilimizə çevirirdi. O, həm də dramaturq idi. Otuzdan artıq pyesi yadigar qalıb. İctimai fəaliyyəti də geniş idi. Bir neçə çağırış Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Hətta Ali Sovetin rəhbəri də olmuşdu.
Tənqidçi Qulu Xəlilov Ordubadini çox sevirdi. Onu "Azərbaycan ədəbiyyatının fəth edilməmiş qalası" adlandıraraq yazırdı: "Ordubadi yaradıcılığı klassik irsə möhkəm tellərlə bağlıdır. Onun romanlarındakı aparıcı mövqe - vətənpərvərlik, humanizm, vətəndaşlıq pafosu bizi daha işıqlı, daha romantik, daha cazibədar bir varlığa çəkib aparır. Bu əsərlər bizi darıxdırmır, bədbinləşdirmir, həyatdan soyutmur, küsdürmür, əksinə, daha da çox fəallaşdırır, ruhən, mənən yüksəldir, zənginləşdirir".
Xalq yazıçısı Mir Cəlal bədii nəsrimizin inkişafında əhəmiyyətli dərəcədə xidməti olan Ordubadinin yaradıcılığını təhlil edərkən onu vətən və millət aşiqi kimi dəyərləndirirdi. Həqiqətən də, öz xalqının tarixi keçmişini dərindən bilən Məmməd Səid Ordubadi yaradıcılığı boyu söz sənətimizin çiçəklənməsinə, zənginləşməsinə, ədəbiyyata gətirdiyi mövzuların əbədi qalmasına çalışırdı. Onun özü də, yazdıqları da tarixin sınağından üzüağ çıxdı. Vaxtilə yazdığı bir şeirində sanki gələcəyi üçün bu inamı poetik şəkildə dilə gətirib:
Mövtünlə ağlayan kəs sanmasın kim, tirə bəxtin var,
Sən sənət mülkünün sultanısan, tacü-təxtin var.
Həqiqətən də, öz möhtəşəm yaradıcılığı ilə (müəllifdən bizə 6 min əsər yadigar qalıb) Azərbaycan ədəbiyyatının silsilə dağlarından birinə çevrilən Məmməd Səid Ordubadi elə bir zirvədədir ki, hələ çoxu onun ətəyinə baxa-baxa qalacaq. Tək bircə "Qanlı sənələr" bəs edər ki, erməni faşizminin iç üzünü dünyaya faş edəsən. "Qılınc və qələm" romanı isə bir ömrün əbədiliyinə də kifayətdir. Hansı səmtdən bu böyük və unudulmaz söz sərrafının tacü-təxtinə baxsan elə Sultandı ki, əzəmətlə dayanıb.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 29 mart.- S. 7.