Azərbaycan-Ukrayna: Musiqi əlaqələrinin yeni mərhələsi
Xalqımızın həyatına bayramlar ayı kimi daxil olan mart Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar oldu.
Mart ayında Azərbaycanda Ukrayna yeni musiqi günləri keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin və Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu musiqi bayramının özünəməxsus mənası var. Festival 20 illik müstəqillik dövründə Ukrayna bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişinə həsr olunub. Bu, Azərbaycan və Ukrayna musiqi mədəniyyətlərinin tarixən qırılmaz əlaqələrinin müasir dövrdə də əhəmiyyətini bir daha sübut etdi.
Azərbaycan və Ukrayna bəstəkarlarının təması hələ keçmiş sovetlər dövründə də öz genişliyi və çoxcəhətliliyi ilə diqqəti cəlb edirdi. Hər iki ölkə bəstəkarlarının və musiqiçilərinin qarşılıqlı yaradıcılıq ezamiyyətləri, müəllif konsertləri, elmi konfranslar, seminarlar, qrammofon vallarının yazılması, not ədəbiyyatının nəşri və daha geniş miqyasda mədəniyyət günlərinin (ədəbiyyat, musiqi və incəsənətin digər sahələri üzrə) keçirilməsi çox səmərəli nəticələr verirdi.
Azərbaycan və Ukrayna müstəqillik əldə etdikdən sonra da hər iki ölkə arasındakı diplomatik əlaqələr qırılmadı. Lakin müstəqilliyin ilk illərində cəmiyyətdə baş verən siyasi-iqtisadi hadisələrin fonunda qarşılıqlı mədəni əlaqələr bir qədər səngidi. Sonradan iki ölkə arasındakı mədəni ünsiyyətdə yenidən canlanma özünü göstərdi. Xüsusilə, Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayına Ukrayna bəstəkarlarının dəvət olunmasından sonra hər iki ölkənin ayrı-ayrı musiqiçilərinin konsertlərdə və festivallarda iştirakı ənənəvi hala çevrildi.
Bu istiqamətdə Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüskarlığı və təşkilatçılığı sayəsində Ukrayna bəstəkarları ilə yaradıcılıq ünsiyyəti geniş vüsət alıb. Bəstəkarlarımız mütəmadi olaraq, Ukraynada keçirilən "KiyevMuzikFest" və digər festivallarda böyük uğurla ukraynalıları müasir Azərbaycan musiqisi ilə tanış edirlər. Ukraynalı musiqiçilərin Bakıya səfərləri, onların ifasında Azərbaycan bəstəkarlarının əsərlərinin səslənməsi də yaddaqalan hadisələrdəndir. Bu da iki ölkənin musiqiçiləri arasında səmimi dostluğun və yaradıcılıq əlaqələrinin genişlənməsində önəmli rol oynayır.
Bakıda keçirilən budəfəki Ukrayna yeni musiqi günləri isə daha əlamətdar oldu. Ukraynalıların musiqisinin çox tanınmış simalarının Bakıya gəlişi onun əhəmiyyətini daha da artırdı. Bu tədbirdə yaşlı, orta və gənc nəslin təmsilçiləri olan adlı-sanlı bəstəkar, musiqişünas və musiqi ifaçıları iştirak etdilər ki, bu da artıq onun yüksək professional səviyyəsinin və geniş əhatə dairəsinin nümayişi idi.
Nümayəndə heyətinə Ukrayna Milli Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi, professor İqor Şerbakov rəhbərlik edirdi. Eləcə də Ukrayna Təşkilatının iki ən böyük bölmələrinin sədrləri Lvov Bəstəkarlar Təşkilatının sədri, Ukraynanın qəhrəmanı, xalq artisti, akademik Miroslav Skorik və Kiyev Bəstəkarlar Təşkilatının sədri, beynəlxalq müsabiqələr laureatı, professor Anna Qavrilets kimi görkəmli bəstəkarlar nümayəndə heyətinə daxil idi.
Eyni zamanda, Ukraynanın tanınmış bəstəkarlarından Boqdana Frolyak, Mixail Şved, musiqişünaslardan Tamara Nevençanaya, Adriana Skorik, musiqi ifaçılarından Aleksandr Piriyev, Aleksandra Zaytseva, Dmitriy Tavanets, Boqdana Stelmaşenko musiqi günlərində iştirak edirdilər.
Ukrayna bəstəkarlarının
əsərləri iki böyük
konsert proqramında təmsil olundu. Birinci konsert simfonik musiqi, ikinci isə kamera-instrumental musiqi əsərlərindən
tərtib edilmişdir.
Ukrayna bəstəkarlarının simfonik
əsərləri Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında əməkdar incəsənət
xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə səsləndirildi.
Proqrama Miroslav Skorikin Violonçel konserti (solist Aleksandr Piriyev), İqor Şerbakovun Fleyta konserti (solist Boqdana Stelmaşenko), Anna Qavriletsin
"Paralellər simfoniyası",
Lesya Dıçkonun
"Zolotoslov" operasının
mövzuları əsasında
Diptix, Yevgeni Stankoviçin "Kupalo (Kiyev Rusiyası)" simfonik poeması daxil idi. Dirijor F.Kərimovun
təfsirində bu əsərlər özünəməxsus
bir ruhda təqdim olundu və dinləyicilərdə
böyük maraq doğurdu.
Azərbaycan Bəstəkarlar İttifaqının
Ü.Hacıbəyli adına
konsert zalında keçən kamera konsertinin proqramına isə Yevgeni Stankoviçin, Boqdana Frolyakın, İvan Karabutsin, Gennadi Lyaşenkonun, Valentin Silvestrovun, Miroslav Skorikin, İqor Şerbakovun, Mixail Şvedin violonçel və fleyta sonataları, instrumental əsərləri
və fortepiano duetləri
daxil idi. Bu konsertdə də
ifaçılar böyük
məharət göstərərək,
dinləyicilər üçün
yaddaqalan etdilər.
Bu festival çərçivəsində
səsləndirilən əsərlər
özünəməxsus üslub
xüsusiyyətlərinə malik olmaqla, müasir dövrdə Ukrayna milli musiqi
mədəniyyətində özünü büruzə
verən təmayüllər
haqqında da kifayət qədər dolğun təsəvvür
yaratdı. Müasir musiqidə geniş
yayılmış yazı
texnikalarının milli
musiqinin ən dərin qatlarını əks etdirən cəhətlərlə, arxaik
intonasiyalarla qovuşdurulması
milli ruhla aşılanmış əsərlərin
meydana çıxmasına
yol açdı.
Ukrayna musiqi günləri çərçivəsində elmi konfransın keçirilməsi də diqqətəlayiqdir. Konfransdakı məruzələrin mövzusu
kifayət qədər
rəngarəng və
geniş idi. Burada müasir dünya musiqisinin və milli mədəniyyətlərin
inkişaf yolları, bugünkü musiqi festivallarının inkişaf
tendensiyaları, 20 illik
müstəqillik dövründə
Ukrayna musiqisində bəstəkar yaradıcılığının
istiqamətləri, onların
müraciət etdiyi mövzular, maraqlı ifaçılıq təfsirləri
haqqında (F.Əlizadənin
və M.Skorikin violonçel konsertlərinin
timsalında) məlumat
və digər məsələlər ukraynalı
musiqiçilərin maraqlı
məruzələrində öz
şərhini tapmışdı.
Məruzələrin ümumi icmalı qaldırılan problemlərin
əhəmiyyətini, xalqlar
və mədəniyyətlər
arasındakı qarşılıqlı
mədəni əlaqələrin
genişləndirilməsinin vacibliyini, bu istiqamətdə milli bəstəkarlıq məktəblərinin
rolunu, musiqi mədəniyyətlərinin beynəlxalq
miqyasda təbliğ olunmasının zəruriliyini
üzə çıxarır. Bu baxımdan, əlbəttə,
professional bəstəkarların qarşısında duran məsələlər, onların
yenilik axtarışları
və dünya məkanında musiqinin milli simasının qorunub saxlanmasının vacibliyi, bu sahənin
təhsilində özünü
göstərən problemlər
bizə də çox yaxındır.
Bəlkə də elə
bu səbəbdən konfrans azərbaycanlılarla
ukraynalılar arasında
çox səmimi bir diskussiyaya çevrildi.
Əlbəttə, yaradıcı insanların
təması, ünsiyyəti
davamlı olmalıdır. Bu da cəmiyyətdə gedən proseslərdə musiqi xadimlərinin önəmli rolunu bir daha təsdiq
etməklə, ölkələr
arasındakı qarşılıqlı
əlaqələrin genişlənməsinə,
xalqların yaxınlaşmasına
şərait yaradır.
Azərbaycanda keçirilən Ukrayna yeni musiqi
günləri bunu bir daha əyani
surətdə nümayiş
etdirdi.
Cəmilə HƏSƏNOVA,
sənətşünaslıq doktoru,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professor
Azərbaycan.- 2012.- 29 mart.- S.
7.