Min bir dərdin
dərmanı - Azərbaycan çayı
İstər şəhərlərin, istərsə də kəndlərin ən adi ərzaq mağazalarında cürbəcür çay növlərinə rast gəlmək mümkündür.
Azərbaycana dünyanın az qala bütün çaybecərən ölkələrinin plantasiyalarında yetişdirilən məhsul gətirilir. Rəngarəng kağız və dəmir qutularda, zövq oxşayan paketlərdə satılan bu çayların bəziləri ölkəmizin müəssisələrində, ticarət "leksikonu" ilə desək, çəkilib-bükülür. Bəziləri isə elə istehsal olunduqları ölkədən qablaşdırılmış vəziyyətdə gətirilir.
İnsafən, keyfiyyətlərinə də söz ola bilməz. Bununla belə, öz çayımız - Azərbaycan çayı başqa bir aləmdir! Onun öz ətri, öz dadı-tamı var.
Azərbaycan çayı Lənkəran, Astara, Masallı, Zaqatala bölgələrində yetişdirilir. Ölkə iqtisadiyyatının tənəzzül keçirdiyi illərdə bu sahədə də gerilik müşahidə olunurdu. İndi bu faydalı, lazımlı bitkinin yetişdirilməsinə xüsusi qayğı göstərilir. Azərbaycan çayının şöhrətini özünə qaytarmaq üçün əməli tədbirlər görülür. Statistik məlumatlara görə, təkcə keçən il ölkədə 251,5 hektar sahədə yeni çay plantasiyaları salınıb.
Azərbaycanda çayçılığın inkişafına layiqli töhfə verən müəssisələrdən biri də Lənkəran rayonundakı 5 nömrəli çay fabrikidir. Burada işləyənlərin hamısının istəyi budur ki, hər bir ailənin süfrəsini min bir dərdin dərmanı olan ətirli, pürrəngi Azərbaycan çayı bəzəsin.
Azərbaycan.- 2012.- 30 mart.- S. 1.