Əli HƏSƏNOV: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəlkə də bu il, sözün əsl mənasında, ciddi irəliləyiş olacaqdır

 

 Azərbaycan Prezidenti İlham Əliyev həm Rusiya dövlətinin başçısı, həm də digər müvafiq qurumlar ilə keçirdiyi görüşlərdə Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğunu dəfələrlə bəyan etmişdir.

Bu sözləri martın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəmizə nəzərdə tutulan səfərinə münasibət bildirərkən demişdir.

Ölkələrimiz arasında strateji əlaqələrin yarandığını və bunun bütün sahələri əhatə etdiyini bildirən Əli Həsənov vurğulamışdır ki, Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfəri də qarşıda duran prioritetlərin çərçivəsinin müəyyənləşməsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində Rusiyanın xarici işlər nazirinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən Ə.Həsənov demişdir: "Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm də Ermənistan üzərindəki mövcud təsiri nəzərə alaraq bu bəyanatı veririk. Sözün həqiqi mənasında, Ermənistan üzərində Rusiyanın təsiri dünyada oxşarı olmayan bir təsirdir. Bu nöqteyi-nəzərdən Rusiyadan çox şey gözləyirik. İstər Rusiya Prezidenti, istər Baş naziri bu istiqamətdə dəfələrlə səylər göstərmiş və bundan sonra da davam etdiriləcəyini bildirmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəlkə də bu il, sözün əsl mənasında, ciddi irəliləyiş olacaqdır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 1.