Azərbaycan parlament nümayəndə heyəti MDB
PA-nın yubiley tədbirlərində
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası martın 27-də Qazaxıstanın Almatı şəhərində 20 illik yubileyini təntənə ilə qeyd etdi. Bu tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti martın 26-sı və 27-də Almatıda səfərdə oldu.
Yubiley tədbirləri haqqında təəssürata keçməzdən əvvəl istərdim ki, MDB və onun Parlament Assambleyasının yaranma tarixinə qısaca ekskurs edək və fəaliyyət istiqamətləri haqqında bəzi məqamlara toxunaq.
Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında müqavilə 1991-ci il dekabrın 8-də Minsk şəhərində Belarus, Ukrayna və Rusiya arasında imzalanmışdır. 1992-ci ilin yanvar, fevral aylarında isə Belarus, Qazaxıstan və Rusiya parlamentarlarının təşəbbüsü ilə MDB iştirakçısı olan dövlətlərin parlament üzvlərinin bir sıra iclasları keçirilmiş və bu iclasların nəticəsində parlamentlərarası əməkdaşlığın forması müəyyən olunmuşdur. Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan respublikaları və Rusiya Federasiyası parlament rəhbərləri tərəfindən 1992-ci il 27 mart tarixində imzalanan müqavilə əsasında yaranmışdır. Assambleya sənəd layihələrinin, habelə maraq doğuran digər məsələlərin müzakirəsini aparmaq məqsədi ilə məşvərətçi orqan kimi təsis olunmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il sentyabrın 20-də MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasına qoşulmaq haqqında qərar qəbul etmişdir. Hal-hazırda Parlamentlərarası Assambleya 9 üzvdən ibarətdir - Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Ukrayna. Təşkilatın nəzdində 10 daimi komissiya fəaliyyət göstərir. Ölkəmizin Milli Məclisi MDB PA-da geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunur. Milli Məclisin Sədri nümayəndə heyətinə rəhbərlik edir. Assambleyanın hər daimi komissiyasına Milli Məclisdən 2 millət vəkili daxildir.
Azərbaycan parlamentinin üzvləri Parlamentlərarası Assambleyanın işinə fəal qoşularaq müzakirə edilən bütün məsələlərə milli maraqlar baxımından münasibət bildirir, təşkilatın xətti ilə keçirilən müxtəlif tədbirlərdə iştirak edir.
Parlamentlərarası Assambleyanın fəaliyyət istiqamətləri müxtəlif olmaqla qanunvericilik bazasının beynəlxalq tələblər səviyyəsində möhkəmləndirilməsi, demokratiyanın inkişafı, iqtisadi inteqrasiya, MDB və dünya miqyasında narahatlıq doğuran digər məsələləri əhatə edir.
MDB PA beynəlxalq aləmdə baş verən prosesləri diqqətlə izləyir, beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak edir. Bununla əlaqədar MDB-yə daxil olan dövlətlərin ərazisində baş vermiş terror aktları ilə bağlı MDB PA tərəfindən 1999-cu il 16 oktyabr tarixində bəyanat qəbul edilmişdir. Həmin bəyanatda Azərbaycan Respublikası üçün çox önəmli olan aşağıdakı prinsiplər öz əksini tapmışdır: dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və təhlükəsizliyi prinsipləri.
MDB Parlamentlərarası Assambleyasında qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə böyük diqqət yetirilir. Qurumda müxtəlif sahələr üzrə model qanun layihələri hazırlanıb təşkilata üzv dövlətlərə tövsiyə edilir. Həmçinin MDB PA əməkdaşlığı çərçivəsində digər dövlətlərin hər hansı bir qanunvericilik sahəsində qazanılmış nailiyyətlərlə tanış olub ondan sıx bəhrələnmək imkanı mövcuddur. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası Qanunu" PA-da model qanun kimi əsas götürülmüş və digər üzv dövlətlərə istifadə üçün göndərilmişdir.
MDB PA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB PA tərəfindən beynəlxalq müşahidəçilərin səsvermənin monitorinq prosesində iştirakından ibarətdir. Demokratiyanın və parlamentarizmin inkişafı, habelə vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və öyrənilməsi istiqamətində növbəti vacib addımlardan biri kimi MDB PA-nın iştirakçı-dövlətlərində Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) yaradılması sayıla bilər. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Milli Məclislə MDB PA Şurası arasında 2007-ci ilin mart ayında Bakıda MDB PA DİMBİ-nin Bakı filialının yaradılması haqqında saziş imzalanmışdır. Hazırda MDB PA DİMBİ-nin Bakı filialı analitik, metodik və tədris-məsləhətçi fəaliyyətini yerinə yetirir.
Həqiqətən də tarixə qısaca nəzər yetirdikdə, MDB PA-nın beynəlxalq bir qurum kimi müəyyən uğurlar əldə etdiyinin, tarix baxımından qısa zaman ərzində özünəməxsus fəaliyyət yolu keçdiyinin və Azərbaycan parlament nümayəndə heyətinin bu qurumda fəal iştirakının şahidi olmaq mümkündür. Bu baxımdan Qazaxıstanın Almatı şəhərində keçirilən MDB PA-nın 20 illik yubiley tədbirləri təqdirəlayiq qiymətləndirilə bilər. Yubiley tədbirlərinin keçirilmə ünvanının Almatı şəhərindəki "Dostluq Evi" sarayının olması heç də təsadüfi deyildir. Çünki bu qurumun təsis konfransı 20 il öncə, 1992-ci il mart ayının 27-də məhz bu sarayda baş tutmuşdur.
Yubiley tədbirini giriş sözü ilə MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federasiya Şurası Federal Məclisinin Sədri Valentina Matviyenko açdı. Bir sıra təşkilati məsələlər müzakirə olunduqdan sonra Valentina Matviyenko Parlamentlərarası Assambleyanın ötən 20 ildə keçdiyi yoldan, həyata keçirilən tədbirlərdən, beynəlxalq aləmə, eləcə də Birliyə üzv olan ölkələrin ictimai-siyasi həyatına verdiyi töhfələrdən danışdı. 20 il müddətində görülmüş işlər təhlil olundu, nöqsanlar qeyd edildi və perspektivlərdən söhbət açıldı.
Sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin tədbir iştirakçılarına təbriki oxundu, MDB iştirakçısı olan ölkələrin parlament rəhbərlərinin çıxışları dinlənildi.
Milli Məclisin Sədri Oqtay Əsədov yubiley münasibətilə təbriklərini çatdıraraq qeyd etdi ki, ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi böyük bir qurum olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə, müəyyən mənada, nail olub. Ölkələrimiz arasında əlaqələrin qorunub saxlanılmasında, qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinin davam etdirilməsində müsbət nəticələr əldə olunub. Təbii ki, MDB Parlamentlərarası Assambleyası bu sahədə xüsusi rol oynamış və əməkdaşlığın möhkəm hüquqi əsasını yaratmışdır. Assambleyanın qəbul etdiyi silsilə hüquqi aktlar ümumi maraqlara söykənmiş, MDB çərçivəsində demokratik proseslərin inkişafına, bazar iqtisadiyyatının formalaşmasına və milli parlamentlərin bu istiqamətdəki fəaliyyətinə öz töhfəsini vermişdir. Parlamentlərarası Assambleyanın sənəd və tövsiyələrinin həyatımızın bütün sahələrini əhatə etdiyini deyən Oqtay Əsədov dünyada sülhün, əmin-amanlığın, beynəlxalq hüququn müdafiəsində də bu qurumun fəal iştirakını xüsusi qeyd etdi. Bildirdi ki, Assambleya milli parlamentlər arasındakı əməkdaşlığın inkişafını, demokratik prosesləri, insan hüquq və azadlıqlarını, seçki hüququ və parlamentarizm ənənələrinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlamışdır.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bütün uğurlara baxmayaraq, Müstəqil Dövlətlər Birliyi yarandığı vaxt onun üzərinə qoyulan ümidləri, təəssüf ki, tam doğrultmadı. Bir sıra məsələlərin, xüsusilə postsovet məkanında baş verən münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə hələ də nail olunmayıb.
Spiker Oqtay Əsədov çıxışının sonunda belə bir inamı ifadə etdi ki, Parlamentlərarası Assambleya bundan sonrakı fəaliyyətində yeni islahatlar həyata keçirəcək, qarşıdakı vəzifələri yerinə yetirmək üçün daha ciddi addımlar ataraq növbəti inkişaf və təkmilləşmə mərhələsinə qədəm qoyacaq.
Sonra yubiley tədbirində digər ölkələrin parlament rəhbərləri və tərəfdaş təşkilatların nümayəndələri çıxış edərək təbriklərini çatdırdılar.
Gündəlikdəki bir sıra məsələlər təqdim olunduqdan sonra müvafiq qərarlar qəbul edildi.
Müstəqil Dövlətlər Birliyinin inkişafına və hüquqi əsasının təkmilləşdirilməsinə, MDB Parlamentlərarası Assambleyanın iştirakçısı olan dövlətlərin model və milli qanunvericiliyinin formalaşmasına, o cümlədən beynəlxalq əlaqələrin, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir qrup şəxslər, həmçinin Milli Məclisin Sədri Oqtay Əsədov, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov "MDB Parlamentlərarası Assambleyası - 20 il" qızıl medalı ilə təltif edildilər.
Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədova həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xüsusi sərəncamına əsasən hazırlanmış yubiley medalı təqdim edildi.
MDB üzvü olan ölkələrin parlamentlərinin bir çox nümayəndələrinin gümüş, digər yubiley medalı, fəxri fərmanlarla təltif olunmaları barədə də qərarlar qəbul edilmişdir. Araşdırmalardan aydın oldu ki, Azərbaycan parlamentinin xeyli sayda nümayəndələri bir çox mükafatlara layiq görülmüşdür. Yəni, təltiflərin ümumi sayına görə Azərbaycan parlamenti ön sıralardadır. Bu da bir daha onu təsdiq edir ki, Azərbaycan parlamenti, onun ayrı-ayrı strukturları və üzvləri beynəlxalq təşkilatlarda, o cümlədən MDB PA-nın işində fəallıq nümayiş etdirirlər.
Yubiley tədbiri nümayəndə heyəti rəhbərlərinin birgə foto-çəkilişi və mətbuat konfransı ilə başa çatdı.
Milli Məclisin Sədri Oqtay Əsədovun səfər çərçivəsində tədbirdə iştirak edən bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü oldu.
MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federasiya Şurası Federal Məclisinin Sədri Valentina Matviyenko ilə keçirilən görüşdə cənab Oqtay Əsədov əvvəlcə Vladimir Putinin yenidən Rusiya Federasiyasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri və ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşməsinə impuls verir və bu əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirir. Ölkələrimiz arasındakı münasibətlərin əsasını dostluq və qarşılıqlı anlaşma təşkil edir. İqtisadi, siyasi, mədəni və həyatın digər sahələrində yaranmış ikitərəfli əlaqələr günbəgün inkişaf edir və xalqlarımızın mənafeyinə xidmət edir. Parlamentlərimiz bu sahədə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və öz töhfəsini verməyə çalışır. Parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Oqtay Əsədov Rusiya ilə Azərbaycanın hərbi və hərbi-texniki sahədə, eləcə də ayrı-ayrı dövlət strukturları arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Rusiyada Azərbaycan Gənclər Təşkilatının və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın hər iki ölkənin gəncləri arasında yaradılan əməkdaşlıqda xüsusi xidmətlərindən bəhs olundu. Dövlətlərarası münasibətlərin müasir mərhələdə daha dərin və geniş xarakter almasının vacibliyi vurğulandı.
Bu görüşdən məmnunluğunu ifadə edən Valentina Matviyenko ilk növbədə bu yaxınlarda Rusiyada keçirilmiş prezident seçkilərində Azərbaycan deputatlarının fəal müşahidəçilik missiyasını yüksək səviyyədə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirdi. Dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsindən razı qaldığını bildirən xanım Matviyenko deputatlarımızın beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini xüsusilə diqqətə çatdırdı. İqtisadi, ticarət, mədəni əlaqələrimizdən bəhs edən Valentina Matviyenko Azərbaycanda gedən inkişafı və "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işlərini izlədiklərini söylədi. Sonra o, bu yaxınlarda Azərbaycana baş tutacaq səfərini səbirsizliklə gözlədiyini dedi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da söhbət aparıldı.
Milli Məclis Sədrinin sonrakı görüşü Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami ilə oldu. Görüşdə ölkələrimiz arasında münasibətlərin, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edildi.
Kayrat Mami ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini Milli Məclisin Sədrinə çatdırdı. O, Azərbaycanın bu uğurunu ölkəmizin beynəlxalq aləmdə günbəgün artan nüfuzu ilə əlaqələndirdi. Senatın sədri əməkdaşlığın inkişafında parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etdi. Bunun təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu dedi. Kayrat Mami bu ilin ikinci yarısında Azərbaycana səfərə gələcəyini bildirdi.
Söhbətdə Milli Məclisin Sədri Oqtay Əsədov BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycana verdiyi dəstəyə görə Qazaxıstan tərəfinə minnətdarlığını ifadə edərək, ölkəmizin BMT çərçivəsində Qazaxıstanın bütün təşəbbüslərini müdafiə etməyə hazır olduğunu bildirdi.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, regional əməkdaşlıq, Türk PA-nın fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli Məclisin Sədri Oqtay Əsədovun Qazaxıstan Respublikası Məclisinin Sədri Nurlan Niqmatulinlə görüşündə də dövlətlərarası, eləcə də parlamentlərarası münasibətlərin bugünkü səviyyəsi və perspektivləri barədə danışıldı. Qeyd olundu ki, dərin tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz və xalqlarımız təxminən eyni inkişaf yolu keçmişlər. Rusiya imperiyasının tərkibindən ayrıldıqdan sonra ölkələrimiz öz müstəqilliyinə qovuşmuş, sərbəst, azad və müstəqil inkişaf yoluna qədəm qoymuşlar. İndi suveren ölkələr kimi əlaqələrimiz daha da möhkəmlənir və get-gedə genişlənir. Söhbət zamanı Oqtay Əsədov Nurlan Niqmatulini ölkəmizə səfərə dəvət etdi. O, böyük məmnuniyyətlə bu səfərin reallaşacağına çalışacağını bildirdi.
Milli Məclisin Sədri Oqtay Əsədovun Qırğızıstan Respublikası parlamenti - Joqorku Keneşin sədri Asılbek Jeenbekovla keçirdiyi görüşdə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında söhbət aparıldı. İqtisadi, siyasi, mədəni əlaqələrimizin, o cümlədən parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirildi. Qırğızıstan parlamentinin rəhbəri Milli Məclisin Sədri Oqtay Əsədovu bu ilin iyun ayında Qırğızıstana rəsmi səfərə dəvət etdi.
Dəvətə görə təşəkkürünü ifadə edən Oqtay Əsədov bu səfəri reallaşdıracağını bildirdi. Görüşdə qeyd olundu ki, bu günə kimi Azərbaycan və Qırğızıstan arasında 30-dək dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb ki, bu sənədlər əlaqələrimizin daha geniş spektrdə inkişafına təminat yaradır.
Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Moldova Respublikası Parlamentinin Sədri Marian Lupu ilə görüşdü. Söhbətdə beynəlxalq təşkilatlar çərçivəsində bu cür görüşlər yüksək qiymətləndirildi və əlaqələrimizin gələcək inkişafı üçün əsaslı zəmin yaratdığı bildirildi. Azərbaycanla Moldova arasındakı münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edildi. Bildirildi ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində ölkələrimiz arasında çox fəal əməkdaşlıq mövcuddur.
Görüşdə bu günlərdə bütün türk dünyasının qeyd etdiyi Novruz bayramından danışan Marian Lupu bu bayramın Moldovada da çox yaxşı keçdiyini diqqətə çatdırdı. Milli Məclisin Sədri Oqtay Əsədov bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etdiyinə, eləcə də ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Moldova tərəfinə öz minnətdarlığını bildirdi. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra vacib məsələlərə toxunuldu və əlaqələrimizin hərtərəfli inkişafına nail olmaq üçün bütün potensial imkanların istifadəsinin vacibliyi vurğulandı.
Ukrayna Ali Radasının Sədri Vladimir Litvin də yaxın günlərdə Azərbaycana səfərə hazırlaşır. Bu səfər parlamentlərarası əlaqələrin inkişafında yeni bir mərhələyə çevriləcək. Bu barədə söhbət MDB PA-nın Almatıda keçirilən 20 illik yubileyi çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovla Ukrayna Ali Radasının Sədri Vladimir Litvin arasında keçirilən görüş zamanı aparıldı. Qeyd olundu ki, Azərbaycan və Ukrayna xalqlarının əlaqələri ənənəvi dostluq münasibətlərinə əsaslanır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər strateji xarakter səviyyəsinə yüksəlib. İndi Ukrayna ilə Azərbaycan arasında, demək olar ki, həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyat, mədəniyyət, elm, təhsil, humanitar və digər sahələrdə yüksək səviyyəli əlaqələr mövcuddur. Bir sıra iqtisadi proqramlar çox uğurla həyata keçirilmişdir və bu istiqamətdə daha böyük potensial imkanlar mövcuddur.
Milli Məclisin Sədri Oqtay Əsədovun səfər çərçivəsində Əfqanıstan İslam Respublikasının Nümayəndələr Palatasının sədri Əbdül Rauf İbrahimi ilə də görüşü keçirildi. Görüşdə ölkələrarası münasibətlər, parlamentlərarası əlaqələrin bugünkü səviyyəsi və inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq, regional vəziyyət, qarşılıqlı səfərlərin əhəmiyyəti, informasiya və təcrübə mübadiləsi barədə məsələlər müzakirə edildi.
Əfqanıstan Parlamentinin Sədri qeyd etdi ki, biz Azərbaycanla təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Ona görə də belə görüşlərin davamlı olmağını arzulayırıq. O, həmçinin Əfqanıstanda təhlükəsizliyin təmin olunması üçün göstərdiyi köməyə görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirdi. Görüşdə bir sıra digər məsələlər də diqqət mərkəzində oldu.
Bununla da Azərbaycan parlament nümayəndə heyətinin Almatı şəhərinə səfəri başa çatdı. Xatırladırıq ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Rauf Əliyev, Rüfət Quliyev, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Akif
TƏVƏKKÜLOĞLU,
Milli
Məclisin mətbuat katibi
Azərbaycan.- 2012.- 30 mart.- S. 2.