Modernləşmə strategiyası:
iqtisadi və siyasi liberallaşma
Müasir dövrdə dövlətlərin demokratiklik əmsalı
sosial-iqtisadi inkişaf göstəriciləri ilə
yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi,
cəmiyyət qarşısında götürdüyü
öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat
almış hakimiyyət fəaliyyəti ilə daim ictimai
etimadı doğrultmağa, hər bir vətəndaşın
mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi
islahatları həyata keçirməyə
çalışır. Bu prinsip son 8 ildə
ümummilli lider Heydər Əliyevin dövlətçilik
irsini inamla davam etdirən və daha da möhkəmləndirən
Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin
başlıca qayəsini təşkil edir. İlk gündən hakimiyyətin xalqa xidmət vasitəsi
olduğunu bəyan edən dövlət
başçısı verdiyi bütün vədləri əməli
işi ilə doğrultmaq üçün əzmlə
çalışır, hər bir işdə vətəndaşların
mənafeyini əsas götürür.
Siyasi və
iqtisadi islahatlar bir-birini tamamlayır
İdarəetməyə
yeni ruh və müasirlik çalarları gətirən cənab
İlham Əliyev hökumətin mütəmadi olaraq xalq
qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə
qazanılan nailiyyətlərin mühüm şərti hesab
etməklə yanaşı, bu mütərəqqi ənənəni
son 18 ildə müstəqil Azərbaycanın davamlı,
dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.
Hazırda respublikamız inkişafın elə uğurlu mərhələsindədir
ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət
həyatının ən müxtəlif sahələrində
sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa
yönələn, hər bir vətəndaşın taleyində
kardinal dəyişikliklərlə müşayiət olunan,
demokratik islahatların dərinləşdirilməsi yolu ilə
insan inkişafına xidmət edən liberal islahatları
yüksək dinamizmlə gerçəkləşdirmək
imkanı yaradır.
Vətəndaşların yaşayış tərzində,
sosial rifah halında özünü qabarıq göstərməyə
başlayan müsbət dəyişikliklər, hər bir
hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca
təminatçısı sayılan orta təbəqənin -
milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə
möhkəmlənməsi ümumbəşəri səciyyə
daşıyan demokratik-hüquqi idealların ictimai
şüurda adekvat dərk olunmasına, qavranılmasına və
qiymətləndirilməsinə əlverişli şərait
formalaşdırır. Azərbaycanın hazırkı sürətli
iqtisadi inkişaf tempi ictimai konsensusun əldə olunmasına,
liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik
islahatlar kursunun daha da genişləndirilməsini obyektiv zərurətə
çevirir.
Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə
vurğuladığı kimi, demokratik proseslərin davamlı
şəkildə aparılmadığı hansısa dövlətin
iqtisadi sahədə davamlı və yüksək nəticələr
əldə etməsi, beynəlxalq arenada layiqli yerini
tutması, dünya təsərrüfat sisteminə
inteqrasiyası mümkün deyil. Eyni zamanda iqtisadi cəhətdən
inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə
və vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər əsasən uğursuzluqla nəticələnir,
çünki tətbiqinə cəhd göstərilən
mütərəqqi yeniliklər vətəndaşların real
yaşayış səviyyəsi ilə bir araya
sığmır. Məhz bu reallıqdan
çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə
vəhdət şəklində yanaşılmasını
vacib sayır və ölkənin uzunmüddətli
inkişafını məhz demokratik və iqtisadi
islahatların paralel şəkildə davam etdirilməsi şərtilə
real hesab edir.
"Azərbaycanda siyasi islahatlar çox cəsarətlə
aparılır. Bu da bizim prinsipial və
düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin
inkişafı üçün çox möhkəm zəmin
yaradır. Biz bu iki amili bərabər,
paralel şəkildə həyata keçiririk və gözəl
zəmin əsasında güclü dövlət quruculuğu
prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda
güclü sosial siyasət aparılır" - deyən Azərbaycan
Prezidenti İlham Əliyev hesab edir ki, cəmiyyət həyatındakı
fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini,
inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi
demokratik ənənələrinin mənimsənilməsinə
xidmət edən fəal siyasətin həyata keçirilməsini
aktual məsələ kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil
olduğu indiki mərhələdə demokratik normaların
ictimai şüurda möhkəmlənməsinə və qəbul
edilməsinə daha yaxşı imkanlar yaranmışdır.
Bu çağırışın əsasında
Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş
hüquq və azadlıqlarının prioritetinə əsaslanan,
cəmiyyətə təkamül yolu ilə əxz edilən
suveren demokratiya modelinin formalaşdırılması məqsədi
dayanır.
Azərbaycan müstəqillik qazandıqdan sonra azad bazar
iqtisadiyyatı və demokratik inkişaf yolunu prioritet kimi
seçsə də, bu prosesin tədricən həyata
keçirilməsinə, təkamülə əsaslanmasına
üstünlük vermişdir. Müasir dövrdə
bəşəriyyətin alternativsiz yaşam tərzinə
çevrilmiş demokratiya hər bir xalqın sosial-iqtisadi, mədəni,
intellektual baxımdan bu prosesə hazırlığı ilə
şərtlənir. Demokratik dəyər və
normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi,
özünə möhkəm dayaqlar tapması
üçün, ilk növbədə, insanların maddi rifah
halı, yaşayış və düşüncə tərzi
mütərəqqi dəyişikliklərə məruz
qalmalıdır. Maddi sıxıntılar içərisində
yaşayan insan azad ola bilməz və
iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə
demokratiya qurmaq mümkün deyildir. Demokratiyanın fundamental
şərti azadlıqdır - insanın tam azadlığı
isə təkcə qanunun və hüquq qaydalarının
deyil, həm də iqtisadi müstəqilliyin hökm
sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Aforizmə
çevrilmiş "İqtisadi müstəqilliksiz,
ümumiyyətlə müstəqillik yoxdur" ifadəsi də
bu fikri daha aydın əks etdirir. Liberal
demokratiyanın başlıca şərti sağlam və
güclü orta sinfin mövcudluğudur və bunsuz təbii
demokratik inkişafdan söhbət belə gedə bilməz.
Azərbaycan hələ ötən əsrin sonlarında
dünyadakı mütərəqqi inkişaf meyillərini
düzgün qiymətləndirərək demokratiya və azad
bazar iqtisadiyyatı yolunu özünün strateji milli
inkişaf strategiyası elan etmişdir. Respublikamızda siyasi dəyişikliklərin
əsası hələ 1993-1996-cı illərdə
qoyulmuş, ümumxalq referendumu yolu ilə qəbul edilmiş
Konstitusiyanın 7-ci maddəsində respublikamızın
demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğu təsdiqini
tapmışdır. Eyni zamanda demokratik həyat tərzinin diktə
etdiyi gerçəklik kimi insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədi
elan olunmuşdur. Ölkə iqtidarı siyasi və
sosial-iqtisadi problemlərin dolaşıq düyünlərini
açaraq, Avratlantik məkana inteqrasiya xətti götürərək
tamamilə fərqli ictimai-siyasi və iqtisadi struktur
yaratmağa başlamış, ölkənin təcrid vəziyyətindən
çıxarılması, vətəndaş cəmiyyətinin
qurulması milli prioritetə çevrilmişdir.
Respublikamız hazırkı iqtisadi potensialı ilə
demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinə
keçid prosesinə tam hazırdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir
yolu kimi layihələrin
gerçəkləşdirilməsi qloballaşma layihələrində
ölkənin önəmini əhəmiyyətli dərəcədə
artırır, eyni zamanda, Avropa məkanının enerji təhlükəsizliyi
məsələlərini həll edir. Paralel
olaraq bir tərəfdən, ölkəmizdə yerli
sahibkarlığın investisiya imkanları artır, yeni
investisiya proqramlarının gerçəkləşdirilməsi
və neft satışından gələn gəlirlərdən
bu layihələrdə istifadə edilməsi üçün
geniş perspektivlər yaranır, digər tərəfdən
isə, əcnəbi sərmayədarlar fəal surətdə
cəlb olunur. Demokratikləşmə
prosesinə keçid mərhələsində
sahibkarlığın və xüsusi mülkiyyətçiliyin
roluna verilən böyük qiymət iqtisadi cəhətdən
inkişaf etmiş bir çox dövlətlərin uğurlu təcrübəsinə
əsaslanır. İqtisadi cəhətdən
fəal və azad, təşəbbüskar, mütərəqqi
islahatlara meyilli təbəqə daim proqressiv ideyaları dəstəkləyir,
inkişafı buxovlayan bürokratizmə, konservatizmə
qarşı çıxır.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
"Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə
doğru" əsərində çox düzgün göstərir
ki, keyfiyyətcə yeni mərhələdə Azərbaycanın
üstünlük verdiyi modernləşmə xətti
özünün ilkin uğurlu əsasını ölkədə
sabitləşmə və iqtisadi inkişaf istiqamətində
həyata keçirilmiş tədbirlərdən
götürür. Şübhəsiz, ötən
əsrin 90-cı illərində ulu öndərin böyük
siyasi iradə və qətiyyəti hesabına
formalaşdırdığı siyasi sabitlik iqtisadi və
hüquqi islahatlara başlamaq üçün uğurlu zəmin
formalaşdırmış, cəmiyyətin normal inkişaf
harmoniyası təmin olunmuşdur.
Müstəqilliyin
ilk illərində cəmiyyətdə həllini gözləyən
bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin
qaçılmaz reallıqlarının ictimai rəydə hələ
yaxşı "həzm olunmadığını",
dövlətçilik üçün daxili və xarici təhdidlərin
aradan qalxmadığını, sivil siyasi münasibətlər
sisteminin formalaşmadığını nəzərə alan
ulu öndər Heydər Əliyev bir müddət "dəmir
əl" siyasətinə üstünlük vermək məcburiyyətində
qalmış, totalitar düşüncə tərzinin
ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin
liberal demokratik islahatlara tədricən hazırlanmasını
vacib saymışdır. Bunun üçün
dövlət idarəetmə sistemində institusional xarakterli
islahatların həyata keçirilməsini təmin edən,
iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan,
qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən
böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək
onun bazisində, ana axarında iqtisadiyyatın
dayandığını müdrikliklə
vurğulamışdır.
Ulu öndərin irəli sürdüyü inkişaf
modelinin uğurunu şərtləndirən mühüm amillərdən
biri də demokratikləşməyə və iqtisadi
inkişafa xidmət edən islahatların paralelliyinin qorunub
saxlanılmasıdır. Başqa sözlə, Heydər Əliyev
yaxşı bilirdi ki, iqtisadi inkişaf və demokratikləşmə
prosesləri bir-birini tamamlamalı, təkamül xarakteri
daşımalı, ən əsası, ictimai şüurda
obyektiv dərk olunmalıdır. Heydər Əliyev milli
gəliri yüksəltmədən, ümumi daxili məhsulun
artımına, vətəndaşların yaşayış tərzində
əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa
və maddiləşən işgüzar fəallığa təkan
verən əlverişli biznes mühiti yaratmadan, milli
sahibkarlığın inkişafını təmin etmədən
vətəndaş cəmiyyəti və hüquqi dövlət
ideyasının mümkünsüzlüyünü
bildirmişdir.
Azərbaycanda demokratikləşmə və modernləşmənin
ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən
biri də dünya təsərrüfat sisteminə və
ümumilikdə Avratlantik məkana sürətli
inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə
"Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb
şirkətlərinin Xəzər hövzəsində
külli miqdarda investisiya yatırması Azərbaycana ən
müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə
yanaşı, demokratik proseslərin, hüquqi-siyasi
islahatların sürətlənməsinə, vətəndaş
cəmiyyətinin formalaşmasına, habelə Avropanın
nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq
xəttinin güclənməsinə ciddi təkan vermişdir.
Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm
demokratik təşkilatlarla əməkdaşlıq təkcə
siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində
də kardinal dəyişikliklərə yol açmış,
respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi
artmış, iqtisadi modernləşmə və siyasi
liberallaşma üçün əlverişli zəmin
formalaşmışdır.
Demokratik
inkişaf təkamülə əsaslanır
Heydər Əliyev siyasi kursunu
bütün sahələrdə inamla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev ilk gündən müəyyən
geosiyasi reallıqlardan çıxış edərək
bildirmişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə
yalnız təkamül yolu ilə, mərhələli şəkildə
bərqərar ola bilər. Bu
qənaəti tamamilə haqlı saymaq olar ki, kənardan
süni şəkildə ixrac edilən demokratiya modelləri
transformasiyalı cəmiyyətlərdə şəraitə
uyğunlaşmağa heç də həmişə hazır
olmur. Müasir dünyada demokratikləşmə
prosesinin müəyyən universal tələbləri,
meyarları olsa da, hər bir ölkənin özünəməxsus
milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni
inkişaf xüsusiyyətləri, qeyri-bərabər
başlanğıc imkanları nəzərə
alınmalıdır. Bu gün Avropa
dövlətlərində eyni demokratiya modelinin
mövcudluğundan danışmaq mümkün deyildir. Bu baxımdan bizə eyni vaxtda həm demokratiyaya, həm
də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək
səyləri iqtisadi və siyasi dəyişikliklər
arasında əsrlər boyu yaranmış
qarşılıqlı əlaqələr modelini dəyişmək
cəhdi, tarixi presedentləri olmayan eksperiment deməkdir.
"Modernləşmə
xətti yenə də gündəlikdədir" əsərində
akademik Ramiz Mehdiyev bununla bağlı yazır: "Biz gizlətmirik
ki, bəzən Azərbaycanda demokratiyanı tənqid edirlər,
lakin onun çatışmazlıqlarının nədən
ibarət olmasını əməlli-başlı izah etmirlər.
Siyasi və sosial-iqtisadi sahədəki, o
cümlədən vətəndaşların rifahının təmin
edilməsi sahəsində ümdə problemlərin həllindəki
uğurları, habelə iqtisadiyyatın
liberallaşmasını nəzərə almadan tənqid edirlər.
Bununla bərabər, unudurlar ki, bizim demokratiya,
obrazlı şəkildə desək, yeniyetməlik mərhələsindədir,
halbuki, Qərb demokratiyası artıq postindustrial cəmiyyət
şəraitində yaşayır, siyasi texnologiyalar
dövrünə qədəm qoymuşdur. Azərbaycan hələ post-modernə keçid
dövrünü genişləndirməli və dərinləşdirməli,
sonra onu başa çatdırmalıdır".
Akademik bu fikrində tam haqlıdır. Çünki,
müasir dünyada bəzən demokratiya müəyyən
dövlətlərin öz geosiyasi maraqlarını
reallaşdırmaq üçün bəhanəyə
çevrilmiş, "ikili standartlar"a yol
açmışdır. Respublikamız
sürətlə inkişaf etdiyi, siyasi, hüquqi, eləcə
də insan hüquq və azadlıqlarının təmini sahəsində
ciddi islahatlar həyata keçirdiyi bir dövrdə bəzən
Qərbin müəyyən qərəzli dairələrinin
obyektiv gerçəkliyə əsaslanmayan təhdidləri ilə
də üzləşir. Əvvəla unudulur ki,
demokratiya başlancığı olan, lakin sonu və son
imkanları hələ heç kim tərəfindən
müəyyən edilməyən uzun bir inkişaf yoludur. 20 illik müstəqillik tarixi olan bir dövlətdən
yüksək Qərb demokratiyasını gözləməyin
özü qeyri-adekvat, yanlış yanaşmadır. Yəni inkişaf etmiş və demokratik inkişaf
yolunda böyük təcrübə qazanmış Qərb
ölkələrinin standartları ilə totalitar rejimlərdən
yenicə xilas olmuş, keçid mərhələsini
yaşayan ölkələrdə gedən prosesləri eyniləşdirmək
cəhdi istənilən halda uğursuzluğa məhkumdur.
Demokratiya yalnız yüksək maddi rifah şəraitində
özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyevin fəaliyyətində
iqtisadiyyat həyata keçirilən islahatların əsas
ağırlıq mərkəzini, nüvəsini təşkil
edir. Bu da kifayət qədər əsaslı
yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin
iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin
davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
İnkişaf etmiş dövlətlərin təcrübəsi də təsdiqləyir
ki, iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai
şüurun daha geniş demokratikləşməsinə
doğru aparır. Azərbaycanın
hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə
ictimai konsensusun əldə olunmasına, modernləşməyə
xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun
daha da genişləndirilməsini obyektiv zərurətə
çevirir.
Sabitləşmə və liberallaşma sahəsində
uğurlar cəmiyyəti labüd olaraq modernləşməyə
aparır. Modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə
təkmilləşdirməni, iqtisadiyyatının xarakterinin
mahiyyətcə dəyişdirilməsini başa düşmək
lazımdır. Bu, ilk növbədə,
iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən,
sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə
mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini
sağlamlaşdırmaqdan ibarətdir. Eyni
zamanda cəmiyyətin varlı və yoxsul təbəqələri
arasında aralıq mövqe tutan orta sinfin yaradılması
üçün dövlətin məqsədyönlü səyləri
olmadan modernləşmə mümkün deyil. Müasir cəmiyyətdə bu sinif təkcə
öz klassik qrupları - orta və kiçik sahibkarlar, ticarətçilər,
sənətkarlar və başqaları deyil, həm də iri
müəssisələrin menecerləri, elmi-texniki və
humanitar ziyalılarla təmsil edilmişdir.
Heç də sabit olmayan demokratik dəyərlər bəşəriyyətin
inkişaf səviyyəsinə uyğun olaraq dəyişir, təkmilləşir,
yeni məzmun kəsb etməyə başlayır. Bu mənada hər
bir ölkə və xalq demokratiyanın universal prinsiplərindən
uzaqlaşmamaq şərtilə özünün milli-tarixi adət-ənənələrini,
siyasi-mədəni köklərini, milli-mənəvi dəyərlərini
ehtiva edən demokratiya modeli formalaşdırmağa
çalışır və Azərbaycan da demokratiyanın bu
səpkidə inkişafına önəm verir.
Azərbaycanda demokratikləşmənin daha bir səciyyəvi
xüsusiyyəti isə ölkəmizdə tolerantlıq
mühitinin hökm sürməsi, dini və digər sosial zəmində
proseslərə tolerant yanaşma mədəniyyətinin
mövcudluğudur. Sivilizasiyaların dialoqu və
tolerantlıq düşüncə tərzi, cəmiyyətin
tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət
və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində
əldə olunmuş tarixi nailiyyəti olaraq demokratik cəmiyyətin,
mədəniyyətlərarası münasibətlərin təməl
prinsiplərindəndir. Tolerantlıq
ayrıca götürülmüş bir dövlətin deyil,
hazırda bütün dünyanın qlobal, sosial-mədəni
problemi statusunu kəsb etmişdir. Tarixən
başqa millətlərə və səmavi dinlərə, fərqli
mədəniyyətlərə dözümlü
yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq
xalqın milli-mənəvi dəyərlər sistemindən,
düşüncə sistemindən qaynaqlanır. Azərbaycan
Avropanın və Qərbin mütərəqqi
inkişaf meyillərini mənimsəməklə
yanaşı, özünün milli-mənəvi, dini dəyərlərini
qoruyub saxlamağa, ona sadiq qalmağa çalışır.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olarkən
ölkədə dini, milli, etnik münasibətlərin
yüksək səviyyədə tənzimlənməsi, vicdan
azadlığının tam bərqərar olması naminə
ardıcıl tədbirlər həyata keçirmiş,
xalqın milli təhlükəsizlik maraqları
baxımından bu sahəyə daim xüsusi diqqətlə
yanaşmışdır. 1995-ci ildə Azərbaycanda
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyada hər bir ölkə vətəndaşlarının
vicdan azadlığı birmənalı təsbit edilmişdir.
Bunun nəticəsi kimi ölkəmizdə
mövcud olan etnik-dini tolerantlıq hazırda inkişaf
etmiş bəzi ölkələrə də örnək
göstərilə bilər. Əsrlərin
sınağından çıxmış mədəniyyətini,
mənəvi dəyərlərini, adət-ənənələrini
hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri
mütərəqqi dəyərlərə tolerant münasibət
bəsləməklə, müasirliyə və yeniliyə can
atmaqdadır.
Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi
münasibətləri tənzimləyən milli qanunvericiliyin
təkmilləşdirilməsi müxtəlif dini icmaların
qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə
geniş imkanlar açmış, bu sahədə dövlət
tənzimlənməsinin həyata keçirilməsi məqsədilə
Dini İşlər üzrə Dövlət Komitəsi
yaradılmışdır. Dünyəvi və
demokratik dövlət modelini qəbul etməsinə rəğmən,
respublikamızda insanların dini inanclarının, habelə
vicdan azadlığının əleyhinə heç bir
addım atılmamışdır.
Xalqlar arasında dostluq və qardaşlıq,
qarşılıqlı anlaşma şəraitində milli,
dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın
bu torpaq üçün milli yiyəlik hissini yaşaması
tolerantlığın bariz nümunəsidir. Azərbaycanın
dinlərarası dialoq və əməkdaşlıq sahəsində
nadir təcrübəsi xaricdə də daim yüksək qiymətləndirilir.
Roma-katolik Kilsəsinin sabiq
başçısı II İoann Pavelin 2002-ci ilin mayında
respublikamıza tarixi səfəri zamanı ölkəmizdəki
tarixi dözümlülük ənənələrini
xüsusi qeyd etmişdir. Eləcə də Rum
patriarxı I Varfolomey 2003-cü il aprelin
16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə
olmuşdur. Şərqi Roma pravoslav kilsəsi
başçısının səfərinin əsas məqsədi
müxtəlif dinlərə etiqad edən insanların
narahatçılığına səbəb olan bir çox
mürəkkəb məsələlərdə qarşılıqlı
anlaşma və razılığa nail olmaq, sıx münasibətlər
yaratmaq, habelə dinlərarası dialoqu
daha irəli aparmaqdan ibarət olmuşdur. Onun etirafına
görə, respublikamızdakı dövlət-dini
konfessiyaların münasibətləri, habelə ənənəvi
və qeyri-ənənəvi dini konfessiyalar arasındakı
mövcud münasibətlər nümunəvidir: "Mən
buradakı tolerantlığın səviyyəsindən məmnunam.
Azərbaycanda hər kəs istədiyi dinə
etiqad edir, istədiyi kimi ibadət edə bilir".
Xalqlararası və mədəniyyətlərarası
dialoqu inkişaf etdirmək, ona dəstək vermək,
bütün insanların gələcəyi naminə mədəniyyətlərin
və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu
gün də dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Hələ andiçmə mərasimində
"Mən hər bir azərbaycanlının Prezidenti
olacağam" - deyən Azərbaycan Prezidenti İlham
Əliyev ilk gündən dini və milli azlıqların
nümayəndələrinə də xüsusi həssaslıqla
yanaşmış, onların problemlərinin həlli
üçün bütün lazımi tədbirləri həyata
keçirmişdir. Dövlət başçısı
respublikada bütün milli və dini azlıqların birgə
yaşayışı üçün kifayət qədər
tolerant mühitin olduğunu məmnunluqla bildirir: "Azərbaycanda
müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə
kimi yaşayırlar. Bu, bizim ən böyük
sərvətimizdir və xalqımızın gündəlik həyatıdır.
Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif
millətlərdən olan insanlar arasında
qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın
bu təcrübəsindən faydalana bilərlər".
Dövlət başçısı İlham Əliyev
tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin
dirçəldilməsi, xüsusən də dini ziyarətgahların
əsaslı təmiri və yenidənqurulmasına da
xüsusi diqqət ayırır. Azərbaycan
Prezidentinin İslam mədəniyyəti nümunələri
olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların,
müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri,
bərpası ilə bağlı xüsusi sərəncamlar
imzalaması və bu işi şəxsi nəzarətinə
götürməsi deyilənləri bir daha təsdiqləyir.
Son illər
Heydər Əliyev Fondunun səyləri ilə Azərbaycanla
İKT ölkələri arasında humanitar və mədəni sahələrdə
əməkdaşlığın genişləndirilməsi
istiqamətində də mühüm addımlar atılır.
İKT-nin 2009-cu ildə Bakını
"İslam mədəniyyətinin paytaxtı" elan etməsi
də humanitar sahədə ikitərəfli əməkdaşlığın
yüksək səviyyədə qurulduğunu göstərir.
Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə
yanaşması, eyni zamanda, tarixi ənənələrini
qoruyub saxlaması bu əməkdaşlıq üçün
ciddi zəmin yaradır.
Hazırda sürətlə qloballaşan dünyanın
ayrılmaz hissəsinə çevrilmiş Azərbaycan cəmiyyətində
vətəndaşın hüquq və azadlıqlarının
dərəcəsi və səviyyəsi dinamik şəkildə
yüksəlməkdədir. Çünki insan
hüquqları sahəsində fəaliyyət iqtisadi, siyasi və
digər islahatları demokratikləşdirmək prosesinin,
ictimai inkişafın keyfiyyətcə daha yüksək pilləsinə
doğru irəliləyişin mühüm tərkib hissəsidir.
Şəxsiyyətin hüquq və
azadlıqları konsepsiyası təsərrüfat münasibətlərində,
sosial və hüquqi təsisatların demokratikləşdirilməsi
prosesinin dərinləşdirilməsində, cəmiyyətdə
özünüidarənin və özünütənzimetmənin
genişləndirilməsində, cəmiyyətin mənəvi-əxlaqi
mühitinin təzələnməsində, siyasi-hüquqi mədəniyyətin
yüksəldilməsində yeni prinsiplərin bərqərar
olmasının geniş perspektivlərini nəzərə
almaqla inkişaf edir.
Ümumən
isə ölkənin iqtisadiyyatı sabitləşmiş sənaye
cəmiyyətindən postindustrial cəmiyyət müstəvisinə
transformasiya üçün real bazis yaradır ki, bu da bir
növ iqtisadi modernləşmə, bazarın sabitliyi, bank
mühitinin təkmilləşməsi, orta sinfin
formalaşması və ölkənin ÜDM-də özəl
sahibkarlığın rolunun güclənməsi ictimai
şüuru latent şəkildə təzələməklə
onu yeni demokratik ənənələr və təsisatlar
müstəvisinə yönəldir. Liberal
demokratiyanın başlıca şərti də sağlam və
güclü orta sinfin mövcudluğudur və bunsuz təbii
demokratik inkişafdan söhbət belə gedə bilməz.
Ümumiyyətlə, modernləşmə dedikdə tədqiqatçılar
məhz keyfiyyətcə təkmilləşdirməyə,
milli iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsinə
diqqət çəkirlər. Bu, ilk növbədə,
iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən,
bürokratik nəzarətdən xilas etməkdən, sərmayə
mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini
təkmilləşdirməkdən ibarətdir. Cəmiyyətdə varlı və yoxsul təbəqələri
arasında aralıq mövqe tutan orta sinfin yaradılması,
modernləşmə prosesinin uğurla aparılması
üçün dövlətin məqsədyönlü səyləri
olmalıdır.
Bütün bunlar bir daha təsdiqləyir ki, həqiqi
demokratik inkişafın həlledici amili məhz səmərəli
hüquqi, siyasi və iqtisadi sistemin yaradılmasıdır. Bütün
bu inkişaf vektorlarının harmoniyası isə
güclü hakimiyyətin yaranmasını və dövlətçiliyin
möhkəmliyinin rəhninə çevrilməsini təmin
edir. Dövlət hakimiyyətinin möhkəmliyi
isə bir çox cəhətdən iqtidarın cəmiyyətin
müxtəlif təbəqələrinin mənafelərini
müdafiə etmək, ictimai qüvvələrin
tarazlığını qoruyub saxlamaq və insanlar birliyinə
xas olan mülki, demokratik, özünüidarə meyillərinin
mütərəqqi inkişafını təmin etmək
qabiliyyəti ilə müəyyən olunur. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər
uğurla aparılan islahatlar sayəsində respublikamız demokratikləşmə
və modernləşmə prosesinin həlledici mərhələsinə
daxil olaraq qarşıya qoyduğu hədəflərə
doğru inamla irəliləyir.
Azərbaycan.- 2012.- 30 mart.- S. 5.