İDEA
kampaniyası Azərbaycanı BMT-nin “Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin
Liderlik Forumu”nda təmsil etmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən başlanılmış İDEA (İnternational Dialogue for Environmental Action) Beynəlxalq ətraf mühit kampaniyası Azərbaycanı BMT-nin dəstəyi ilə Keniyanın Nairobi şəhərində keçirilən "Gənclər 21: Dəyişiklik üçün Qlobal Gənclərin Liderlik Forumu"nda təmsil etmişdir. İDEA-dan bildirmişlər ki, əvvəlcə BMT-nin baş katibi Pan Gi Munun Forumun iştirakçılarına məktubu oxunmuşdur.
Martın 15-dən 18-dək keçirilən Forumda İDEA kampaniyasının nümayəndəsi Simuzər Balaoğlanova "Dayanaqlı inkişafda gənclərin liderliyi" mövzusunda panel iclasında təqdimat ilə çıxış etmişdir. S.Balaoğlanova iştirakçılara İDEA kampaniyası haqqında ətraflı məlumat vermiş, mövzu ilə bağlı təcrübəsini bölüşmüşdür.
Panel müzakirələrdə hökumətlərin siyasətinin formalaşdırılmasında gənclərin rolu, yaşıl iqtisadiyyatda gənc sahibkarlara lizinqlərin verilməsi, yerli icmalar səviyyəsində iş yerlərinin yaradılması üçün xüsusi təhsil proqramlarının vacibliyi, gənclər arasında dayanaqlı inkişaf haqqında məlumatlılığın artırılmasında yeni metodlardan istifadə və s. məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Forumda müxtəlif ölkələri təmsil edən təşkilatların
nümayəndələri ilə İDEA kampaniyası
arasında əməkdaşlıq imkanları müzakirə olunmuş, dünyada beynəlxalq
ekoloji problemlərin həlli istiqamətində
gələcəkdə səylərin birləşdirilməsi
ilə bağlı razılıq əldə edilmişdir.
Azərbaycan.- 2012.- 30 mart.- S. 6.