Ağcabədidə bələdiyyələrin maarifləndirmə işi ilə bağlı regional seminar keçirilmişdir

 

Ağcabədidə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bərdə və İmişli regional ədliyyə şöbələri və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə bələdiyyələrin maarifləndirmə işi ilə bağlı regional seminar keçirilmişdir.

Seminarda Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyaları, Milli Arxiv İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, Ağcabədi, Yevlax, Mingəçevir, Bərdə, Ağdam, Tərtər, İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Füzuli rayonlarının bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.

Seminarda Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır. Yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı, bəzi bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlar da göstərilmişdir. Gələcəkdə bələdiyyələrin işinə maneçilik törədən problemlərin və yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyi qeyd olunmuşdur.

Seminarda yerli özünüidarəetmə sahəsində yeni qanunvericilikonun bələdiyyələrdə tətbiqi, bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması, bələdiyyələrdə arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu mövzularında çıxışlar olmuş, müzakirələr aparılmışdır.

Seminarda çıxış edən bələdiyyə nümayəndələri dövlətin bu sahəyə dəstəyini yüksək qiymətləndirmiş, eyni zamanda onları narahat edən məsələlərdən danışmış, regionların sosial-iqtisadi inkişafı prosesində fəaliyyətlərini daha da yaxşılaşdıracaqlarını bildirmişlər.

Seminarda iştirakçıların sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 6.