Ağdamda yeni məktəb
binası istifadəyə verilmişdir
Ağdam rayonunun Səfərli kəndində Təhsil Nazirliyinin sifarişi ilə tikilmiş 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
Bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov və başqaları çıxış edərək müəllim, şagird və valideynləri təbrik etmiş, ölkədə, o cümlədən Ağdamda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışmışlar.
Tədbirdə pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri yeni təhsil ocağının istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni məktəb binası ilə tanış olmuşlar. Sinif otaqları, kimya və fizika kabinələri, laboratoriya, linqafon, kompyuter otağı, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlardan ibarət ikimərtəbəli yeni məktəb binası lazımi avadanlıqla, istilik sistemi və su ilə təmin olunmuş, həyətdə geniş abadlıq işləri aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 30 mart.- S. 6.