Gənc ekoloqlar enerjiyə qənaət
yollarını öyrənmişlər
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Təmiz Şəhər" ASC-in Qobustan Eksperimental Poliqonunda birgə təşkil etdikləri "Yaşıl enerji" düşərgəsi başa çatmışdır.
ATGTİ-nin mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində həyata keçirilmişdir.
Layihədə iştirak etmək hüququ qazanan gənc ekoloqlara alternativ enerji mənbələrinin perspektivləri, hazırkı dövr üçün tükənməkdə olan enerji mənbələri təhlükəsi və bununla bağlı aparılan işlər barədə məlumat verilmişdir.
İştirakçılar üçün İDEA-nın "Azərbaycan gənclərinin Rio+20 sammitinə səfərbər edilməsi" layihəsinin təqdimatı keçirilmiş, onlara dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat, iqlim dəyişikliyi və onunla mübarizə, habelə Azərbaycan gənclərinin bu proseslərdə rolu haqqında ətraflı məlumat çatdırılmışdır.
Gənclərə, həmçinin enerjiyə
qənaət yolları öyrədilmiş, onlar
üçün maraqlı ekoloji oyunlar, gəzintilər
və müsabiqələr təşkil olunmuşdur.
Azərbaycan.- 2012.- 30 mart.- S. 6.