Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaymışdır

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaymışdır.

Bəyanat BMT-nin baş katibi, onun müavini,  təşkilatın insan hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.

Bəyanatda erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyini, mərhələ-mərhələ aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımızın min illər boyu yaşadıqları tarixi  torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığı diqqətə çatdırılmışdır. Bu mənfur siyasətin məqsədinin azərbaycanlıları əzəli yurd yerlərindən qovmaq, həmin ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olduğu qeyd edilmişdir.

Bəyanatda bildirilmişdir ki, 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilmiş soydaşlarımızın insan hüquqları kütləvi surətdə pozulmuş, onlar qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizlənməyə məruz qalmışlar. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində isə ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, on minlərlə insan həlak olmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qeyd olunmuşdur ki, ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətmişlər. Martın 31-də və aprelin 1-dən 2-dək qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirmişlər.

Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülmüş, məscidlər, məktəb binaları yandırılmış, dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabazara çevrilmiş, əhaliyə amansız divan tutulmuşdur. Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürmüş, körpə uşaqları süngüyə keçirmiş, cəsədlərin burun, qulaq və başlarını kəsmiş, evlərə od vurub, sakinlərqarışıq yandırmışlar. Mart qırğınları zamanı ermənilər dünya memarlığının incilərindən sayılan qədim binaları, o cümlədən ziyarətgahları top atəşinə tutaraq dağıtmışlar.

Bəyanatda BMT-nin Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsasının təsbit edildiyi vurğulanmışdır. Bildirilmişdir ki, insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Qeyd olunmuşdur ki, işğalçı Ermənistanın yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyününsuverenliyin pozulması yolverilməzdir. Mart soyqırımından 93 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gündavam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.

Bəyanatda artıq dünya ictimaiyyətinin Azərbaycan tərəfinin haqlı olduğunu, onun ərazisinin işğal edildiyini, Azərbaycana məxsus Dağlıq Qarabağın güc yolu ilə onun nəzarətindən çıxarıldığını qəbul etdiyi və ölkəmizin ərazi bütövlüyünün bərpasını dəstəklədiyi vurğulanmışdır. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyireal beynəlxalq vəziyyət hazırda tamamilə dəyişmişdir. Bu isə tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasını mümkün edəcəkdir.

Müvəkkil səlahiyyətli beynəlxalq qurumları azərbaycanlılara qarşı soyqırımı törədən işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq etməyə, dünya ictimaiyyətini Azərbaycan xalqının haqq işini dəstəkləməyə çağırmışdır.

Bəyanatda qeyd olunmuşdur ki, nüfuzlu beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüququn normaları və prinsiplərinə tam uyğun həyata keçirilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 7.