Rusiya xarici işlər
nazirinin Azərbaycana səfərinin
gündəliyi elan edilmişdir
RF xarici siyasət idarəsinin başçısı Sergey Lavrov Azərbaycana qarşıdakı səfəri dövründə ikitərəfli ticari-iqtisadi, regionlararası və sərhədyanı əməkdaşlıq məsələlərinin, qarşılıqlı münasibətlərin humanitar aspektlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Xəzərin statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkdir.
AzərTAc xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin martın 29-da yayılmış məlumatında bildirilir.
Xəbər verildiyi kimi, S.Lavrovun Bakıya səfəri aprelin 3-4-də olacaqdır. Bundan bir gün əvvəl rusiyalı nazir Yerevanda görüşlər keçirəcəkdir. Hər iki səfər bu ölkələr arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr edilmişdir.
Rusiya XİN-in bəyanatında deyilir: "Biz Azərbaycanı Cənubi Qafqazda və Xəzər regionunda özümüzün strateji tərəfdaşımız hesab edirik. Azərbaycanla münasibətləri hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiririk".
Rusiyalı nazir öz azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini hərtərəfli müzakirə edəcəkdir. Rusiya tərəfi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səmərəli fəaliyyətinə, bir sıra, o cümlədən energetika sahəsində müştərək layihələrin həyata keçiriləcəyinə ümid edir.
Rusiya XİN-in məlumatına görə, keçən il ölkələrimiz arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollardan çox olmuş, lakin bu göstəricini daha da artırmaq potensialı tükənməmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemi, ilk növbədə, bu il yanvarın 23-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə əlaqədar yenə gündəmdədir.
RF XİN-in məlumatında deyilir: "Rusiya indiyə qədər görülmüş işin nəticələri nəzərə alınmaqla tərəflərin əsas prinsiplər barəsində razılıq əldə edilməsini sürətləndirməyə hazır olmasını alqışlayır və istər üçtərəfli formatda, istərsə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi buna hər vasitə ilə kömək edəcəkdir".
İkitərəfli münasibətlərin əsas elementlərindən biri kimi Rusiya ilə Azərbaycanın regionlararası və sərhədyanı əməkdaşlığı mövzusu da diqqətdən kənarda qalmayacaqdır.
Nazirlər Rusiya-Azərbaycan münasibətlərinin humanitar mövzularını hərtərəfli nəzərdən keçirəcəklər. Bununla əlaqədar 2011-ci ildə başlanmış yeni müştərək layihə - Bakı Beynəlxalq Humanitar Forumu da qeyd edilməlidir. RF XİN-in məlumatında deyilir: "Ümid edirik ki, bu forum perspektivdə regional və beynəlxalq qarşılıqlı əlaqələrin formatına çevriləcəkdir".
Xəzər dənizinin statusu məsələsi 2010-cu ilin noyabr ayında beştərəfli Bakı sammitində bütün Xəzəryanı dövlətlərin rəhbərləri tərəfindən verilmiş tapşırıqlar nəzərə alınmaqla müzakirə ediləcəkdir. Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiyanın hazırlanması üzrə işlər, habelə Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılması məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
XİN-in məlumatına görə, nazirlərin görüşlərində regional və beynəlxalq təşkilatlarda çoxplanlı qarşılıqlı fəaliyyət, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv olması nəzərə alınmaqla müzakirə ediləcəkdir.
Məlumatda deyilir: "Rusiya xarici
siyasət idarəsi rəhbərinin dost
Azərbaycana rəsmi səfərini 2010-cu il
sentyabrın 2-3-də Prezident Dmitri Medvedevin Bakıya rəsmi
səfəri zamanı dövlətlərimizin
başçıları tərəfindən qarşıya qoyulmuş ikitərəfli
qarşılıqlı əlaqələrin daha
da inkişaf etdirilməsi
məsələləri kontekstində intensiv
siyasi dialoqun davamı
hesab edirik".
Azərbaycan.- 2012.- 30 mart.- S. 7.