Cenevrədə BMT-nin Beynəlxalq Koordinasiya Komitəsinin 25-ci iclası olmuşdur

 

İsveçrənin Cenevrə şəhərində keçirilmiş BMT-nin Beynəlxalq Koordinasiya Komitəsinin 25-ci iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iştirak etmişdir.

Ombudsman Aparatından bildirmişlər ki, iclasda bir sıra ölkələrin Milli İnsan Hüquqları təsisatlarının (MİHT) rəhbərləri, Beynəlxalq Koordinasiya Komitəsinin Akkreditasiya üzrə Alt Komitəsinin üzvləri və insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak etmişlər.

Beynəlxalq tədbirdə bir sıra əhəmiyyətli məsələlər, o cümlədən Beynəlxalq Koordinasiya Komitəsi üzvlərinin təyin olunması, həmçinin həmin komitənin yeni sədrinin seçilməsi məsələsi də müzakirə edilmişdir. Bundan əlavə, komitənin əsasnaməsinə ediləcək əlavə və dəyişikliklər, MİHT və Universal Dövri İcmal kimi aktual məsələlərin müzakirəsinə də geniş yer ayrılmışdır.

Müzakirələrdə fəal iştirak edən Azərbaycan ombudsmanı iclasda qaldırılan müvafiq məsələlərə münasibətini bildirmişdir. O, insan hüquqları sahəsində fəaliyyəti barədə danışmış, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər haqqında iştirakçılara məlumat vermişdir.

Beynəlxalq Koordinasiya Komitəsinin yeni təyin olunan sədri Musa Burayzat Azərbaycan ombudsmanının çıxışını yüksək dəyərləndirmiş və ümumiyyətlə, Azərbaycanda son illərdə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların təqdirəlayiq olduğunu qeyd etmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 7.