Torpaqlarımızın işğalına gedən yol soyqırımıdan başlanır

 

 XX yüzilliyin ən qanlı səhifələrindən biri azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, deportasiyarepressiyalara məruz qalmasıdır. 1918-ci il martın 30-31-də isə Bakı kommunası və erməni şovinistləri Azərbaycanda daha böyük kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış "Ərzincan barışığı"na uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunun tərkibində xidmət edən erməni hərbi birləşmələri şəraitdən istifadə edərək yerli müsəlman əhaliyə divan tutmağa başladılar. Nəticədə 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirildi, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur oldu.

Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Ona Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək  səlahiyyəti də verilmişdi.

1918-ci il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakı şəhərini dənizdən - gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda   30 minə qədər insan qətlə yetirilmişdi. Erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edərək müsəlmanların bir çox  evlərini və ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə" binasına od vuraraq yandırmışdılar. Bakı quberniyasında azərbaycanlıların soyqırımı 1918-ci il sentyabrın ayının ortalarınadək - Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edildiyi dövrə qədər davam etmişdi. Erməni millətçilərinin törətdikləri türk-müsəlman soyqırımı zamanı 50 mindən çox azərbaycanlı öldürülmüş, əhali öz doğma yurdundan didərgin düşmüşdü.

Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına vəhşicəsinə son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada, Hacıqabul, Kürdəmir, Salyan və Lənkəran qəzalarında qırğınlar törətmişdilər.

Erməni cəlladları bütün Cənubi Qafqaz ərazisində, azərbaycanlıların yaşadığı həmin bölgələrdə kütləvi qırğınlar törədərək on minlərlə dinc müsəlmanı qətlə yetirdilər. Onlar azərbaycanlıların yaşadıqları kəndləri qarət edir, dağıdır və yandırırdılar. Faktlara müraciət edək: Bakı quberniyasında 229 kənd, Gəncə quberniyasında 272 kənd, İrəvan quberniyasında 211 kənd, Zəngəzur qəzasında 115 kənd, Qarabağda 150 kənd, Quba qəzasında 162 kənd, Şamaxı qəzasında 86 kənd, Vedibasar mahalında 118 kənd, Zəngibasar mahalında 48 kənd, Dərələyəzdə 74 kənd, Safurda 4 kənd dağıdılmış və yandırılmışdı.

Bu soyqırımına əsl hüquqi-siyasi qiymət isə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı" haqqında fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun  düzgün hüquqi-siyasi qiymət olmuşdur. Təəssüf ki, zaman, şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti dəyişməmişdir. Odur ki, bu fərman indiki və gələcək nəsillərin olub-keçənləri unutmamaları baxımından da mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Çünki XX əsrin 80-ci illərinin axırlarında və 90-cı illərin əvvəllərində ərazilərimizin 20 faizi düşmən tapdağı altına düşdü, 1 milyondan artıq soydaşımız öz ev-eşiyindən didərgin düşdü, minlərlə mərd oğul və qızımız şəhid oldu.

Bədnam qonşularımız bilməlidirlər ki, torpaqdan heç  vaxt pay olmur. İndi biz kifayət qədər güclüyük, ölkəmizin bütövlüyünü bərpa etmək üçün qüdrətli ordumuz var. Biz problemin dinc yolla həll edilməsi üçün nə lazımdırsa edirik. Ölkə rəhbəri də dönə-dönə bəyan edib ki, respublikamızın ərazi bütövlüyü heç zaman danışıqların mövzusu olmayacaqola da bilməz. Buna görə qəsbkar qonşularımız öz iddialarından birdəfəlik əl çəkməlidirlər. Bu ayın 19-da Bakıda keçirilən Novruz şənliklərindəki nitqində də Prezident İlham Əliyev demişdir: "Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ və ətraf bölgələr işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcəkdir".

İnanırıq ki, bu, tezliklə belə də olacaqdır. Çünki indi zaman Azərbaycanın xeyrinə işləyir. Daha dünya ictimaiyyəti də erməni uydurmalarına yox, Azərbaycan həqiqətlərinə inanır.

 

 

Nurlanə BƏŞİRQIZI,

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 

aparıcı mütəxəssisi

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 8.