Pakistanın nüfuzlu Daily Times qəzetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş məqalə dərc edilmişdir

 

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yazıda hər il martın 31-nin Azərbaycan xalqının soyqırımı günü kimi qeyd olunduğu vurğulanmışdır. Müəllif əsrlər boyu "böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinistlərin öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitəyə əl atdığını, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törətdiklərini yazır.

Məqalədə Azərbaycan tarixindən bəhs edilmiş, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra İrəvandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə erməninin köçürüldüyü vurğulanmışdır. Yazıda 1918-ci ildən başlayaraq təpədən dırnağa qədər silahlanmış erməni millətçilərinin rus bolşevikləri ilə birgə  Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insanı qəddarcasına öldürdükləri, həmin ərazilərdə yüzlərlə kəndin yer üzündən silindiyi vurğulanmışdır. Oxucuların diqqətinə çatdırılmışdır ki, 1918-ci ildə Azərbaycan Respublikasının tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana qarşı torpaq iddialarından əl çəkməmişlər.

İkinci dünya müharibəsindən sonra Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana 509 min erməninin köçürüldüyününqeyd olunduğu yazıda bildirilmişdir ki, köçkünlərin yerləşdirilməsində çətinlik çəkmək bəhanəsi ilə Ermənistan rəhbərliyi 1947-ci ildə on minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından respublikamızın aran rayonlarına köçürülməsinə nail olmuşdur.

Məqalədə 1980-ci illərin sonunda keçmiş SSRİ-də baş verən hadisələrdən sui-istifadə edən ermənilərin öz çirkin ssenarilərini yenidən işə saldıqları və Azərbaycana qarşı torpaq iddiaları qaldırdıqları qeyd edilmişdir. Müəllif 250 min azərbaycanlının Ermənistandan deportasiya edildiyinibununla da ölkələrini monoetnik respublikaya çevirmək planına nail olduqlarını bildirmişdir.

Yazıda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasət nəticəsində respublikamızın 20 faiz torpaqlarının işğala məruz qaldığı, 1 milyon azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşdüyü, 30 min insanın isə qətlə yetirildiyi qeyd olunmuşdur. Məqalənin Xocalı soyqırımından bəhs edilən hissəsində dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, yüzlərlə uşaq, qadın və ahılın xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumat verilmişdir.

Məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan tarixinin faciəli səhifələrindən bəhs olunur. Qeyd olunmuşdur ki, Azərbaycan xalqımıza qarşı aparılmış soyqırımı siyasətinə müvafiq hüquqi qiymət vermək imkanı əldə etmişdir. Müəllif ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 martın - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 8.