Qaradağlı - Xocalıdan əvvəlki
Xocalı
"Qondarma
"soyqırımı" ermənilərin, erməni
lobbisinin uydurmasıdır. Onlar bundan Azərbaycana
qarşı təcavüzlərinə bəraət
qazandırmaq, özlərini qurban, "hücumlardan" əziyyət
çəkmişlər kimi təqdim etmək
üçün istifadə edirlər. Buna görə də
belə hesab edirlər ki, hazırda azərbaycanlılara
qarşı bu cür əməlləri törətmək
hüquqları vardır."
İlham ƏLİYEV
31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü, həmişə olduğu
kimi, acı bir tarix göz önündə canlanır. XX əsrin əvvəllərində
- 1905 və 1918-ci illərdə baş verən türk-müsəlman
qırğınlarından artıq yüz il keçir. Bu,
uzaq olduğu qədər də yaxın bir tarixdir. XX əsrin
sonlarında törədilən Qaradağlı, Xocalı faciələrindən
də artıq 20 il ötür.
Bu isə hər cəhətdən bizə ən yaxın
tarixdir. Eyni zamanda, vaxt və məkan yaxınlığı,
canlı şahidlər və faciənin, dərdin
böyüklüyü bizi də,
bir növ, o hadisələrin iştirakçısına
çevirir. Bir də illər ötdükcə o faciələrin
miqyası, dəhşətləri daha aydın
görünür, vurduğu yaralar bir toplum olaraq xalqı, milləti
daha çox əzir və incidir.
İllər
ötsə də qan yaddaşımızda yaşayan bu faciələri,
onun qurbanlarını bizimlə bərabər sonrakı nəsillər
də ehtiramla yad edərək heç vaxt
unutmamalıdırlar. Bəlkə ona görə hazırda o
faciələrin baş verdiyi ilk günlərdən fərqli
olaraq həmin dövrün ağrı-acıları, fəlakət
dolu hadisələri indi daha çox araşdırılır,
daha dəqiqliklə sənədləşdirilir, bu mövzuda
müxtəlif kitablar yazılır, filmlər çəkilir,
televiziyalarda, radiolarda davamlı olaraq proqramlar
yayımlanır, müxtəlif araşdırmalar dərc
olunur.
Artıq xeyli
vaxtdır o ağır günlərdə, bir növ,
çaşbaş qalan millət indi sabahına daha nikbin
baxır, öz dostunu-düşmənini seçib
ayırır. Nə qədər qəribə də olsa, bu
millətin dostu da, düşməni də həmişə
öz yanındadır. Bizdən tələb olunan yalnız
budur: onu tanıyıb bilmək, seçib qiymətləndirmək
və bir daha unutmamaq. Yeri gəlmişkən, böyük rus
şairi Robert Rojdestvenskinin sanki belə günlər
üçün yazılmış sözləri də var:
"Hər bir insana, eləcə də hər bir millətə
çox yox - bir dost və bir düşmən kifayətdir." Bu mənada, əsrlərin
sınağından keçib gələn Türkiyə kimi
dost və qardaş ölkə, erməni faşistləri kimi əzəli
və əbədi düçmənlərimiz var. Dövlət
başçısının bu günlərdə qardaş
Türkiyə haqqında səsləndirdiyi bu fikir
hamının ürəyindən xəbər verdi:
"Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar
Azərbaycanda və Türkiyədə keçirilən tədbirlər
xalqlarımızın birgə mövqeyini,
qardaşlığımızın gücünü göstərdi.
Bizim dünyada ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir."
Bir də bu
gün zorla qonşu olmağa,
qonşuluq münasibətlərində olmağa "məhkum"
edildiyimiz ermənilər az qala yüz illik tarixi olan uydurma
"soyqırımı"ndan ağızdolusu
danışıb saxta sənədlər ortaya
çıxarırsa, bizə nə olub? Niyə bizim son 20 ildəki
faciələrimizi hələ də canında və ruhunda
daşıyan şahidlərimiz yada düşməsin, şəhid
övladlarımızın min bir əziyyətlə
böyüyən balaları,
xanımları, valideynləri xatırlanmasın? Bəs
dağılan evlər, xarabazara çevrilən kəndlər,
şəhərlər? Onlar da şəhidlərimiz kimi bir
deyil, beş deyil, minlərlədir axı...
Bu kəndi necə güllələdilər
Şuşadan, onun
işğalından danışanda Qarabağın ən
çox yada düşən
yaşayış məskənləri, kəndləri -
Quşçular, Malıbəyli, Meşəli, Kərkicahan,
Turşsu... kimi bu kəndin - Qaradağlının da adı
tez-tez xatırlanır. Çünki tale elə yaranışından
bu kəndləri o şəhərlə - Şuşa ilə
elə bağlamışdı ki, onların biri olmadan o birinin
yaşaması mümkün deyildi. Şəhərin
dünyaya açılan bir neçə qapısı
vardısa, bu kəndin yeganə bir yolu vardı - o da həmin
şəhərə aparırdı.
Bir gün
düşmənlər, erməni faşistləri o yolu kəsdilər.
Əvvəlcə kənd getdi, sonra şəhər...
Faciənin
qısa xronikası belədir: erməni terrorçuları
1991-ci ilin 28 iyununda Qaradağlıda 3 nəfəri qadın
olmaqla 6 nəfəri diri-diri yandırmışdılar. Həmin
ilin sentyabr ayında isə kəndə gedən sərnişin
avtobusunun gülləbaran edilməsi nəticəsində 8 nəfər
öldürülüb, çoxlu sayda adamlar yaralanıb.
Güllə yarası alanlardan 5 nəfəri sonradan
dünyasını dəyişib. Bu vəhşiliklər beynəlxalq
terrorçu, ASALA-nın rəhbərlərindən olan Monte
Melkonyan tərəfindən həyata keçirilb. Ermənilərin
"milli qəhrəman" adı verdikləri M.Melkonyan
1993-cü ilin iyununda Azərbaycan əsgəri İbad
Hüseynov tərəfindən layiqli cəzasını alsa
da, digərləri hələ də azadlıqdadırlar. Ən
qanlı hadisələr isə az sonra - 1992-ci il fevralın 17-də
baş verdi. Qaradağlı kəndi erməni
silahlıları tərəfindən işğal olunaraq
yandırıldı. Onlar bu qəhrəman kəndə
yalnız aylarla uzanan mühasirədən və günlərlə
sürən ağır döyüşlərdən sonra daxil ola bildilər.
Bu kənddə
yaşanan soyqırımını miqyasına görə
"ikinci Xocalı" da adlandırırlar. Qanlı
döyüşlərdə kəndin hər 10 sakinindən
biri şəhid oldu. 1992-ci ilin fevralında - Xocalı faciəsindən bir
neçə gün əvvəl Qaradağlıda törədilən
bu soyqırımında 104 kənd sakini və 15 nəfər
xüsusi müdafiə dəstəsinin üzvü əsir
götürüldü, onlardan 67 nəfəri erməni
faşistləri tərəfindən qətlə yetirildi.
Öldürülənlərdən
10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən
4 nəfər şəhid oldu, 42 ailə
başçısını itirdi, 150-yə yaxın uşaq
yetim qaldı.
Kənddə 200
yaşayış və 1 mədəniyyət
evi, 320 yerlik orta məktəb və 25 çarpayılıq xəstəxana
binaları və digər obyektlər dağıdıldı.
800 nəfərə yaxın sakin məcburi köçkünə
çevrildi.
"Ermənilər girovların
başlarını öz qəbirləri üstdə kəsirdilər"
İlqar
Hüseynov Qaradağlı faciəsini yaşayan kənd sakinlərindən
biridir. O, ailə üzvləri ilə birlikdə 1992-ci ilin
fevral ayında ermənilərə girov düşüb.
İki ay erməni əsirliyində olarkən sonsuz müsibətlərə
düçar olub.
"...Girovların
başını müharibədə ölmüş ermənilərin
qəbirləri üstündə kəsirdilər... Ermənilər
əsirləri diri-diri yandırırdılar..."
Aşağıdakı
fikirlər o dəhşətlərin şahidi, 1958-ci ildə
Qaradağlıda doğulan, 1992-ci ildə ermənilərin
girov apardığı, əsirlikdə min bir müsibət
görən İlqar Hüseynova məxsusdur:
-
Qaradağlı camaatı arasında elə bir ailə yoxdur
ki, erməni vəhşiliyinin vurduğu əzabları
yaşamasın, hiss etməsin. Kəndimiz 1992-ci ilin fevral
ayında işğal olunsa da, hələ
1991-ci ilin sentyabrında ermənilər Qaradağlı
camaatına divan tutmuşdu. Onların sentyabrın 8-də
Ağdam-Qaradağlı avtobusunu atəşə tutması nəticəsində
8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq
günahsız insan ağır yaralanmışdı. 1992-ci il
fevral ayının 15-də ermənilər
Qaradağlını dörd tərəfdən atəşə
tutdular. Evlərin əksəriyyəti alova
bürünmüşdü. Atışma iki gün davam etdi.
Kənddə qalan 118 nəfərdən 25-i həlak oldu.
Dörd nəfər ağır yaralandı. Gecə
yaralıları da götürüb yola çıxdıq.
Aramızda 10 qadın və 2 uşaq vardı. Ermənilər
bizi təqib edirdilər. Patronumuz qurtardığı
üçün onlara müqavimət göstərə bilmədik.
Hamımızı
əsir götürdülər. Kişiləri qadınlardan və
uşaqlardan ayırdılar. Bizi ayrı-ayrı
maşınlarda erməni qəbiristanlığına gətirdilər.
Dedilər ki, 9 nəfər könüllü maşından
düşsün. Heç kim yerindən tərpənmədi.
Bundan qəzəblənən erməni quldurları avtomatla
maşına atəş açdılar. 10-15 nəfər
yerindəcə öldü. Təxminən 20 nəfər isə
ağır yaralandı. Vəziyyətin ağır
olduğunu görən kənd sakinlərindən biri
qaçmaq istədi. Onun bu hərəkəti erməniləri
daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə
tutdular. Ölənlərin sayı 32 nəfərə
çatdı. Sonra bizi Xankəndinə aparıb iki ay orada-həbsxanada
saxladılar.
Həbsxananın
pəncərələri yox idi. Hər gün qar
yağırdı. Şaxta iliyimizə işləyirdi.
Girovların hamısını dizə qədər suyun
içində saxlayırdılar. Bizə üç gündə
bir dəfə əl boyda qara çörək verirdilər.
Ermənilər bizi gündə, ən azı, beş-altı
dəfə döyür, müxtəlif işgəncələr
verirdilər. Bir neçə nəfər işgəncələrə
dözməyib elə həbsxanadaca dünyasını dəyişdi.
Armaturla vurub səkkiz nəfərin qabırğalarını
qırdılar, ayaqlarını sındırdılar. İki nəfəri
isə divara çırpıb beynini partlatdılar. Onlar təkcə
kişilərə deyil, qadınlara və uşaqlara da bu
cür dəhşətli işgəncələr verirdilər.
İki ay sonra Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin
köməyi ilə bizi azad etdilər. Mənimlə birlikdə
girovluqda olan bir neçə nəfər azadlığa
çıxandan sonra dünyasını dəyişdi. Həmin
vaxtdan illər keçsə də, ermənilərin verdiyi
işgəncələrin ağrısı hələ də
canımdan çıxmayıb.
Hər il
danışılan dərd, hər il çəkilən film
Dərdlərimizin
tez-tez yada salınmasından, unudulmamasından danışarkən
son illər respublikamızda, eləcə də dünyanın
müxtəlif yerlərində ayrı-ayrı tədbirlərin
keçirildiyini qeyd etmək lazımdır. Xocalıda, Kərkicahanda,
Meşəlidə, Ağdabanda və digər şəhər
və kəndlərimizdə baş verən faciələrin
anılması, yada salınması yeni nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyətə
malikdir. Belə tədbirlərin biri də artıq neçə
ildir Qaradağlı ilə bağlıdır. Hər il
olduğu kimi, bu il fevralın 17-də də paytaxtda müxtəlif
tədbirlər keçirildi. Həmişəki kimi,
Qaradağlı faciəsinin ildönümünə həsr
olunan builki tədbirdə də, demək olar ki, Azərbaycan ictimaiyyətinin
bütün nümayəndələrini görmək
mümkün idi.
Ötən il təqdim olunan filmdə
Qaradağlı kəndində baş verən faciə
işıqlandırılırdısa, bu dəfə o faciəyə
daha çox şəhid övladlarının, ailələrinin
gözü ilə nəzər salınırdı. Tədbirə
qatılanların, göz yaşlarını saxlaya bilməyənlərin
bir qismi də elə onların özləri - şəhid ailələri
və uşaqları idi.
Filmin hazırlanmasında həm məsləhətçi,
həm də ideya müəllifi kimi iştirak edən Xocavənd
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Hüseynovun dedikləri hamının
düşündüyü idi: "Erməni
terrorçuları Qaradağlı kəndinin sakinlərini azərbaycanlı
olduqlarına görə yandırır, olmazın müsibətlərlə
öldürürdülər. Bütün zülmlərə
baxmayaraq Qaradağlı kəndinin sakinləri son güllələrinə
qədər düşmənlə döyüşdülər".
Bu döyüşdən salamat
çıxanlar isə indi başqa bir "cəbhədə"
- haqq-ədalət cəbhəsində vuruşmaqdadırlar.
Bu faciələrin, müsibətlərin təkrarlanmaması
üçün onların gördüklərini,
yaşadıqlarını bütün dünyanın bilməsi,
eşitməsi vacibdir. 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü həmin şahidləri bir də
dinləməyə dəyər.
Novruz Hüseynov:
- 1988-ci ildən son günlərədək
kəndimizin mərd, fəal və qəhrəman
oğulları Məmmədov Ədalət Şahmar oğlu, Kərimov
Əliqismət Qara oğlu, Hüseynov Xanlar Həbib oğlu,
Bayramov Arif İbrahim oğlu, Bayramov Elmidar Rəşid
oğlu, Hüseynov Dəmir Musa oğlu və başqaları
ilə birlikdə ermənilərə qarşı
vuruşurduq. 17 fevral 1992-ci ildə əsir düşdüm.
Bizi maşınlara doldurdular. Yolda saxlayır, istədikləri
adamı düşürüb güllələyirdilər.
Qardaşım Hüseynov Həbib Həmzə oğlunu da
güllələdilər. Mən ağır yaralı idim.
"Kəlmeyi-şəhadət"imi oxuduqdan sonra erməniyə
dedim ki, "məni də güllələ, qardaşım
burda tək qalmasın." Qatilin cavabı bu oldu ki, "səni
də o tərəfdə vuracağam". Mən
qardaşımın meyitini Xankəndinə qədər
özümlə apardım.
Həqiqət Hüseynova:
- Ermənilər işğaldan sonra kənddə
qalan adamları sıraya düzdülər. Gəncləri
bir, yaşlıları başqa bir maşına
yığdılar... Meşədən keçəndə
maşını saxlayıb Dəmir kişi ilə 15
yaşlı nəvəsini güllələdilər.
Şahmurad kişinin alnından gülləni elə vurdular
ki, başı paralandı. Sonra maşınla cəsədinin
üstündən keçdilər. "Pir" deyilən
ağacın yanında Eldarı maşından
düşürüb döyə-döyə
öldürdülər. Yaşlıların
maşınını "Bəylik bağı" deyilən
yerdə saxladılar. Cavanlar olan maşını isə silos
quyusunun yanına sürdülər. Həmin maşın geri
qayıdarkən içərisində bir neçə nəfər
qalmışdı. Onları öldürüb silos quyusuna
tökmüşdülər. Yolda Zahid Xəlilovu qətlə
yetirdilər, daha sonra poçtun müdiri Həbib kişinin
avtomatla əvvəlcə qollarını, sonra
ayaqlarını, ən axırda bədənini
deşik-deşik etdilər. Nəhayət, bu dəhşətli
yolun sonunda Xankəndinə çatdıq. Bizim
yanımızda Xocalıya hücum edəcəklərindən,
oranı xarabazara çevirəcəklərindən,
öldürdükləri oğlanların başlarından
divar hörəcəklərindən
danışırdılar.
Şahruz Əliyev:
- Əsir götürülənlər
arasında məktəb yaşlı uşaqlar və 10 nəfər
ağbirçək də vardı. Yolda maşınları
saxlayır, əsasən məktəbli uşaqları və gəncləri
vəhşicəsinə güllələyirdilər. Bir az gedəndən
sonra yenə də maşınlar dayandı. Yenə də
cavanlardan 10 nəfəri seçib güllələdilər.
Güllələnənlərdən biri əmim oğlu Xaliq Əliyev,
biri də İltizam Hüseynov idi. Onların
qışqırtısı, ah-naləsi hələ də
qulaqlarımdan getmir... Mən və qardaşım bir yerdə
əsir düşmüşdük. Səhər tezdən
quldurlar dəyişmək adı ilə 5 nəfəri zirzəmidən
çıxarıb apardılar və onlardan bir daha xəbərimiz
olmadı. Qardaşım Vətən də onların
arasında idi.
Aydın Abbasov:
- Səhəri hamımızı Xankəndi
türməsinə apardılar. Həyətdə üzü
üstə yerə uzandırdılar. Səhər ertədən
saat 4-ə qədər bu vəziyyətdə qaldıq. Soyuq
adamın iliyinə işləyirdi. Bu azmış kimi,
dubinkanı azyaşlı uşaqlara verib bizi
döydürürdülər. Özləri isə
avtomatın qundağı ilə haramıza gəldi vururdular.
Həmin gün döyülməkdən yeddi nəfər
öldü. Orada başımıza gələnləri
xatırladıqca... eh, danışa bilmirəm. O əzabları,
o işgəncələri, camaatın başına gələnləri,
gətirilənləri dilimə alıb danışanda ürəyim
ağrıyır, vücudum əsir. İstəmirəm ki,
şəhid anaları, şəhid bacıları bunları
eşidib yenidən sarsılsınlar.
Şamxal Şirinov:
- 1992-ci ilin
o fevralı, mənə elə gəlir ki, dünyanın ən
soyuq qış ayı idi. Şaxtalı hava adamı
qılınc kimi kəsirdi. Dörd gün kənd uğrunda
ölüm-dirim mübarizəsi oldu. Çoxlu erməni
silahlısını məhv etmişdik. Biz tərəfdən
də xeyli şəhid olan vardı. Elə yeddi nəfər
idarə binasında vuruşaraq şəhid oldu.
Qara Kərimov:
- Əsirlik həyatımda çox işgəncələrə
məruz qaldım, döyüldüm, söyüldüm,
sudan, çörəkdən məhrum edildim, sol
qıçımı itirdim. Gözlərimin önündə
2 nəfəri döyərək öldürdülər. Demək
olar ki, məni son nəfəsimdə
özümüzünkülərə qaytardılar.
Əmiraslan Quliyev:
- Bizi hər gün qarın üstünə
yıxıb döyürdülər. 15-16 gündən sonra
bizi Martuniyə (Xocavənd) gətirdilər. Bizi
Qaradağlıya aparır, öldürüb silos quyusuna
atdıqları meyitləri qazıb çıxarmağı əmr
edirdilər. Meyitlər tanınmaz halda idilər. Bir neçə
gün ac-susuz öz kəndlilərimizin meyitlərini
çıxartdıq. Nəhayət, 46 günlük əsirlik
həyatımızın sonunda mən də daxil olmaqla 16 nəfəri
və 6-7 meyiti erməni əsiri ilə dəyişdirdilər.
Rafiq Quliyev:
- Üç gün davam edən
ağır döyüşdən sonra mərmimiz
qurtardığı üçün ermənilər kəndə
daxil oldular və bizi əsir götürdülər. 3 nəfəri
diri-diri yandırdılar, 3-4 nəfərin başını kəsdilər,
1 nəfəri lapatka sapı ilə
başına döyə-döyə öldürdülər, bir
nəfərin üstündən KaMazla keçdilər...
Türmənin həyətində bizi ağzıüstə
uzandırdılar və torpaq yeməyə məcbur etdilər.
Vəhşilər dubinka və paya ilə yaramın
üstünə vururdular. Mənim atamı da orda döyüb
öldürdülər.
...Yaddan çıxarmayaq ki, bütün
bu müsibəti törədənləri azərbaycanlılar
yaxşı tanıyırdılar. İllərdi bir ölkədə,
bir vilayətdə yaşayırdılar. Amma heç biri
inanmırdı ki, bu "yazıq, zavallı erməni"
lazım gələndə bütün əxlaqi dəyərləri,
bəşəri hissləri ayaqlar altına ataraq asanlıqla
dünənki qonşusunun qatlinə, cəlladına
çevrilə bilər. Vaxtilə
ermənilərin bu xüsusiyyətini yaxşı bilən
gürcü mütəfəkkiri İlya Çavçavadze əbəs
yerə demirdi: "Ermənilər dost cildində düşməndirlər.
Onların nəvazişindən, təbəssümündən
qorxduğum qədər açıq düşməndən
qorxmuram."
"Dağlıq Qarabağ
münaqişəsi mənim öz həyatıma da təsir
göstərib"
Bu fikirləri Qaradağlı kəndində
törədilən qətliamın 20 illiyinə həsr olunan
anım mərasimində çıxışı zamanı
Baş nazirin müavini, Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
söyləyib. Bu, yaşından, vəzifəsindən və
cəmiyyətdə tutduğu mövqedən asılı
olmayaraq hər bir azərbaycanlının Qarabağ
savaşında aldığı yaradan, yaşadığı
dərd və müsibətdən xəbər verir: "Mən
öz həyatımdan bir misal gətirəcəyəm. Atam rəhmətliyin
qəbri bu gün işğal altındadır. Anam isə
qaçqın kimi 7 il əvvəl rəhmətə getdi. Rəhmətə
getməzdən bir gün qabaq mənə dedi ki, məni
kişinin yanına apar. Mən o kişi ilə 40 il bir
yastığa baş qoymuşam. Dedim, bunu necə edim? Axı
mümkün deyil. O gündən bu günədək hər
gün vicdan əzabı çəkirəm".
Filmin təqdimatından sonra hərbi
prokuror Xanlar Vəliyev çıxış etdi. Bildirdi ki,
2005-ci ildən başlayaraq Qaradağlı, Meşəli və
Xocalı faciələrini törədənlərin
aşkarlanaraq məsuliyyətə cəlb olunması
üçün işlər aparılır. Lakin cinayəti
törədənlərin Ermənistan və Dağlıq
Qarabağda himayə olunmaları onların istintaqa cəlbini
çətinləşdirib. O, beynəlxalq güclərin
ikili standartlardan çıxış etdiyini bildirdi. Dedi ki, bu
hadisə 20 il əvvəl baş verib. Operatorların
kameralarının önündə baş verib. Ermənilər
dinc azərbaycanlıların başlarını erməni qəbirləri
üstündə kəsiblər. Ancaq buna baxmayaraq bu gün
demokratiyanın beşiyi adlandırılan Fransa,
İsveçrə kimi dövlətlər 100 il əvvəl
Osmanlı İmperiyasında baş verdiyi söylənilən,
güman edilən, lakin təsdiqini tapmayan bir hadisə ilə əlaqədar
qanunlar, qərarlar qəbul edir. Onlar nə üçün 20
il əvvəl olmuş hadisələrə reaksiya vermirlər?
Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyev tərəfindən
qaçqın və məcburi köçkünlərin
bütün tələbatının ödənildiyini
söyləyərək qeyd etdi ki, bircə mənəvi tələbatın
ödənilməsi istiqamətində müəyyən
problemlər qalıb. Bu da Dağlıq Qarabağ
münaqişəsi həll olunandan sonra tam həllini
tapmış olacaq. Baş nazirin müavini ermənilərə
dəstək verən və dayaq olan dövlətlərə də
üz tutaraq xəbərdarlıq etdi: - Bu gün ermənilər
Rusiyanın cənubuna, Gürcüstanın Cavaxet bölgəsinə,
Türkiyənin şərqinə iddia edirlər. Sabah deyəcəklər
ki, Fransa ata-baba torpağımızdır. Amerikada bir-iki
ştata iddia edəcəklər. O zaman onlar bizim nə çəkdiyimizi
biləcəklər.
Nərgiztəpədən baxanda
Nərgiztəpə Xocavənd rayonunun
işğaldan kənarda qalan bir hissəsidir. Tarixi qədim
dövrlərə gedib çıxır. Mərhum alim,
professor Şamil Cəmşidov tədqiqatlarında bu əraziyə
xüsusi diqqət ayıraraq onun Dədə Qorqud boylarında tez-tez
xatırlandığını söyləyir, bu əzəmətli
abidənin qəhrəmanlarından olan Qaraca Çobanın qəbrinin
burada olduğunu dönə-dönə qeyd edirdi. Qarabağ
dağ silsiləsinin axırında yerləşən
Qaraçux dağı da həmin eposda tez-tez yada salınır.
"Qaraçuğun aslanı" həmin dastandadır və
qəbri kimi Qaraca Çobanın arxac yeri də Qaraçux
dağının döşündən yüz illərdir
Ağdamdan, Ağcabədidən, Beyləqandan gələn
yollara baxmaqdadır.
Yüz illər boyu insanlarımızın
ziyarət yerinə çevrilən bu qədim ərazidə
xeyli vaxtdır Xocavənd Rayon İcra Hakimiyyətinin köməyi
ilə abadlıq işləri aparılıb, möhtəşəm
bir abidə ucaldılıb. Azərbaycan tarixinin son illərini
əhatə edən şərəfli bir dövrü də bu
abidədə öz əksini tapıb. Bu həm qalibiyyət,
həm şəhidlik abidəsidir. Artıq xeyli vaxtdır
ziyalılar, Milli Məclisin deputatları, ali məktəb tələbələri
bu abidənin ziyarətinə gəlir, doğma torpaqlara lap
yaxından baxa bilirlər. Nərgiztəpədən baxanda
Qarabağ da, ora aparan yollar da görünür.
Düşmənin beş
addımlığında yerləşən bu abidənin
üzərində Azərbaycanın əzəmətli
Bayrağı da dalğalanmaqdadır. Bu Bayrağı
qarşı tərəf də çox yaxşı
görür. Artıq o əzəmətli Bayrağın zəfər
yürüşü başlayıb. Onun Xankəndidə,
Şuşada dalğalanacağı günə - Qələbə
gününə çox qalmayıb. O günü yaxın edən
isə Azərbaycan Ordusu, Azərbaycan əsgəri və
bütün Azərbaycan cəmiyyətinin, gəncliyinin iradəsidir.
O gəncliyin arzusunu, iradəsini isə ölkə Prezidenti
İlham Əliyev belə ifadə edib: "Bakıda,
çadır şəhərciyində doğulan,
Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu
ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz!"
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 30 mart.- S. 10.