AMEA-nın müxbir üzvü Kamal Abdullayevin Nobel mükafatına namizədliyi qeydə alınmışdır

 

Tanınmış yazıçı, Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi qeydə alınmışdır.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, yazıçının üç əsəri - "Sehirbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərləri yüksək qiymətləndirilərək mükafata namizəd kimi təqdim olunmuşdur.

K.Abdullayevin namizədliyinin qeydə alınması ilə bağlı rəsmi məktub martın 17-də yazıçıya göndərilmişdir.

Qeyd edək ki, Nobel mükafatı 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir.

İsveç dilində "Nobelpriset" adlanan  bu nüfuzlu beynəlxalq mükafat  dəyərli elmi tədqiqatlar, ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilir. Laureat "Nobel xatirə mühazirəsi" söyləməlidir. Onun çıxışı sonradan Nobel Fondu tərəfindən xüsusi cilddə nəşr edilir.

 

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 11.