Moskvada
böyük musiqiçi Mstislav Rostropoviçin abidəsinin
açılışı olmuşdur
Moskvanın mərkəzində, Bryusov döngəsində böyük musiqiçi və ictimai xadim Mstislav Rostropoviçə ucaldılmış abidənin açılışı olmuşdur. Bu hadisə maestronun anadan olmasının 85 illiyinə və vəfatının 5-ci ildönümünə həsr edilmişdir. Rusiyanın regionlarının və xarici ölkələrin iri şəhərlərinin əsas konsert meydançalarında keçiriləcək III Beynəlxalq Mstislav Rostropoviç festivalı da bu əlamətdar tarixlərlə eyni vaxta düşür.
Rusiyanın yeni seçilmiş prezidenti, hazırda RF hökumətinin sədri olan Vladimir Putin abidənin açılış mərasimində iştirak etmişdir. O, mərasimdə çıxış edərək demişdir: "Mən fəxr edirəm ki, Rostropoviç ilə tanış idim. O, XX əsrin görkəmli musiqiçisi idi. Şübhəsiz belə adamlar bizim ölkəmizin fəxri olmuşlar və indi də ölkəmiz onlarla fəxr edir. Lakin o, təkcə gözəl musiqiçi deyil, həm də görkəmli humanist və gözəl insan idi".
Baş nazir mərasimdə iştirak edən Qalina Vişnevskayaya müraciət edərək demişdir ki, Vişnevskaya Mstislav Rostropoviçin sevdiyi qadın və həyat yoldaşı olmaqla bərabər, həm də onun məsləkdaşı idi. Vladimir Putin Moskvada Rostropoviç və Vişnevskayanın Mədəni İrsi Mərkəzinin yaradılması ideyasını dəstəkləyəcəyini vəd etmişdir.
Qalina Vişnevskaya mərasimə toplaşanların hamısına təşəkkürünü bildirərək demişdir: "Bizim böyük Rusiyanın böyük vətəndaşının xatirəsini yad etməyə gələnlərin hamısına təşəkkür etmək istəyirəm".
Mərasimdə iştirak edən Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, Bakının Rusiyaya və bütün dünyaya belə bir görkəmli musiqiçi və gözəl insan bəxş etməsinə görə biz hamımız fəxr edirik.
Monumentin ucaldılması üçün məhz həmin yerin seçilməsi təsadüfi deyildir. Mstislav Leopoldoviç Bryusov döngəsini çox xoşlayırdı. O, xanımı, məşhur müğənni Qalina Vişnevskaya və qızları ilə birlikdə həmin döngədəki Bəstəkarlar Evində yaşayırdı.
Monumentin müəllifləri maestronu uşaqlıq vaxtından tanıyan heykəltəraş Aleksandr Rukavişnikov və memar İqor Voskresenskidir.
Böyük musiqiçiyə abidənin açılışı martın 27-də, bu məşhur sənətkarın doğum günündə start götürmüş III Beynəlxalq Mstislav Rostropoviç festivalında ən mühüm hadisə olmuşdur.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 30 mart.- S. 11.