Azərbaycan
Respublikasının və Qırğız
Respublikasının prezidentlərinin geniş
tərkibdə görüşü
Martın 30-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Qırğız Respublikasının Prezidentini ölkəmizdə salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV bu səfərin əlaqələrimizin və ikitərəfli münasibətlərimizin inkişafına verilən əhəmiyyətin çox yaxşı göstəricisi olduğunu vurğulayaraq dedi:
- Əminəm ki, münasibətlərimizin çox gözəl gələcəyi vardır. Biz bu gün artıq ikitərəfli münasibətlər, regional siyasət məsələləri barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, qarşılıqlı münasibətlərimizdə yol verilmiş vaxt itkisinin əvəzini tez bir zamanda çıxacağıq. Çünki bizim razılaşmaların konkret işlərə transformasiyası göz qabağındadır. Bu mənada Sizin səfərinizin müstəsna əhəmiyyəti vardır. Çünki bu, ilk səfərdir. Bizim iqtisadi, enerji və əlbəttə ki, siyasi sahələrdə qarşılıqlı münasibətlərin gələcək inkişafına dair böyük planlarımız mövcuddur. Mənə çox xoşdur ki, Siz bizim ölkəyə səfərə gəlmisiniz. Bu, uzun fasilədən sonra Azərbaycan ilə bir daha tanış olmaq üçün imkandır. Başlıcası isə, çox ümidverici mərhələyə qədəm qoyan ikitərəfli münasibətlərimizin inkişafı yollarını müəyyənləşdirməkdir. Buna görə bir daha Sizi və nümayəndə heyətinizin bütün üzvlərini salamlayıram. Ümid edirəm ki, səfərin nəticələri çox uğurlu olacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz.
* * *
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev münasibətlərimizin inkişafından çox müsbət nəticələr gözlədiyini söylədi. Ümidvar olduğunu bildirdi ki, münasibətlərin inkişafı baxımından itirilən 20 ili qarşıdakı iki ildə fəal işləməklə qaytarmaq mümkün olacaqdır. Prezident Almazbek ATAMBAYEV dedi:
- Yadımdadır ki, hörmətli Heydər Əliyev "Manas" dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə olanda demişdir: "Dinimiz bir, dilimiz bir, kökümüz də birdir". Ona görə, əlbəttə ki, biz münasibətlərimizi tamamilə başqa səviyyəyə qaldırmalıyıq. Görürəm ki, biz bunu reallığa çevirə biləcəyik. Mən çox şadam və fəxr edirəm ki, Azərbaycan bu dərəcədə dəyişmişdir. Mən burada 21 il bundan əvvəl də olmuşam. Dünən və bu gün isə gördüm ki, əlbəttə, bu, tamamilə başqa Azərbaycandır. Ona görə ki, bizdən fərqli olaraq prezidentlər sarıdan Sizin bəxtiniz gətirmişdir. 1993-cü ildən başlayaraq yaxşı bünövrə qoyulmuşdur. Bu iş indi də davam edir. Ona görə də Azərbaycan belə tərəqqi edir, yüksəlir.
Qırğızıstan dövlətinin başçısı ölkəmizin beynəlxalq səviyyədə də böyük nüfuz qazandığını diqqətə çatdırdı.
AzərTAc
Azərbaycan.- 2012.- 31 mart.- S. 2.