Azərbaycan və
Qırğızıstan prezidentlərinin birgə mətbuat
konfransı
Martın 30-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin birgə mətbuat konfransı olmuşdur. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab
Prezident, Sizi Azərbaycan torpağında bir daha ürəkdən
salamlayıram. Sizin Prezident kimi ilk rəsmi səfərlərinizdən
birini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk.
Bu, dostluq və qardaşlıq əlamətidir.
Əminəm ki, Sizin səfəriniz
ölkələrimiz arasında münasibətlərdə
yeni səhifə açacaqdır. Bizim
qardaş xalqlarımız əsrlər boyu həmişə
sülh və dostluq şəraitində yaşamış, həmişə
bir-birinə böyük sevgi və rəğbətlə
yanaşmışlar.
Bu gün iki müstəqil dövlət kimi
Qırğızıstan və Azərbaycan əcdadlarımızın
ənənələrinə sadiqdirlər. Bu gün biz
münasibətlərimizin inkişafının yeni mərhələsinə
başlayırıq. Biz həmişə
çalışmışıq ki, ölkələrimiz
arasında münasibətlər dinamik və səmərəli
inkişaf etsin. Lakin təəssüf ki,
müəyyən vaxt itirilmişdir. Siz
Qırğızıstana rəhbərlik edəndən sonra
biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri
inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq
göstərildiyini görürük. Ən
başlıcası, biz öz vədlərimizə və
razılaşmalarımıza sadiqik. Bir
neçə ay bundan əvvəl olmuş ilk
görüşümüz artıq münasibətlərimizin
fəallaşmasına gətirib
çıxarmışdır, bizim strukturlar və şirkətlər
arasında artıq əlaqələr mövcuddur. Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrin
inkişafına bizim necə yanaşmağımızın
sübutudur.
Bu gün biz həm siyasi baxımdan, həm iqtisadi sahədə,
həm də investisiya siyasətində münasibətlərimizin
qarşıdakı onilliklər üçün
inkişafının yollarını müəyyən edirik. Bu gün biz
münasibətlərimizin inkişafının əsas istiqamətlərini
müəyyən etdik. Biz
qarşılıqlı siyasi əlaqələri möhkəmlətməkdə
davam edəcək, beynəlxalq təşkilatlarda fəal
işləyəcək, bütün beynəlxalq təşkilatlarda
bir-birimizi dəstəkləyəcək və beləliklə,
birliyimizi daha da möhkəmlədəcəyik.
Bu gün biz iqtisadi sahədə münasibətlərimizin
əsas inkişaf yollarını müəyyən etdik,
razılaşdıq ki, Qırğızıstan-Azərbaycan
Hökumətlərarası Komissiyasının birinci
iclası gələn ay keçiriləcəkdir. Bizim
strukturlara fəaliyyət istiqamətləri barədə
konkret tapşırıqlar verildi, iqtisadi, investisiya, energetika
sahələrində potensial əməkdaşlığın
konkret layihələri nəzərdən keçirildi.
Əlbəttə, humanitar əməkdaşlıq
çox mühüm rol oynayır. Dillərimizin, mədəniyyətlərimizin,
tarixi keçmişimizin ümumiliyi bizim əlaqələri
möhkəmləndirir. Biz münasibətlərimizi
geniş miqyasda, səmərəli və dinamik inkişaf
etdirmək və tərəfdaşlıq münasibətlərinə
transformasiya etmək əzmindəyik. Əminəm
ki, bu gün barəsində razılığa gələcəyimiz
məsələlər konkret nəticələr verəcəkdir.
Ona görə ki, çox müsbət ikitərəfli
əzmkarlıq və başlıcası, müəyyən
etdiyimiz qərarları yerinə yetirməyə sadiqlik
vardır.
Bu gün imzalanmış sənədlər də niyyətlərimizə
dəlalət edir. Yəqin ki, bu gün imzalanmış sənədlərin
sayı ölkələrimizin müstəqilliyinin
bütün 20 ili ərzində
imzalanmış sənədlərin sayından çoxdur. Bu da, əvvələn, münasibətlərimizdə
itirilmiş vaxtın göstəricisi, həmçinin ölkələrimiz
arasında münasibətləri qurmaq əzmimizin göstəricisidir.
Əminəm ki, münasibətlərimizin böyük gələcəyi
vardır. Biz bundan sonra da ikitərəfli planda, regional
münasibətlərdə fəal işləyəcəyik.
Biz, həmçinin türk dünyasının
birliyini daha da möhkəmlətmək, inteqrasiya proseslərində
fəal iştirak etmək, planetimizdə yaşayan türk
xalqlarının yaxınlaşdırılmasına yönəldilmiş
bütün təşəbbüsləri dəstəkləmək
barədə razılığa gəldik. Burada bizim
baxışlarımız tamamilə üst-üstə
düşür və bizə çox xoşdur ki, türk
dünyası Prezident Atambayevin şəxsində
xalqlarımızın birliyinin, ümumi tarixlə, ümumi mədəniyyətlə
birləşən müstəqil dövlətlərin
yaxınlaşmasının çox fəal təbliğçisini
və tərəfdarını qazanmışdır.
Əminəm ki, Sizin səfəriniz çox uğurlu, səmərəli
olacaq, yaxşı nəticələr verəcəkdir. Siz dediniz ki, Azərbaycanda
21 il əvvəl olmusunuz. Bu, həm də
bizim ölkənin bugünkü reallıqları ilə tanış olmaq və mənim artıq dediyim
kimi, münasibətlərimizin inkişafının gələcək
istiqamətlərini müəyyən etmək
üçün bir fürsətdir.
Sizə və nümayəndə heyətinizin üzvlərinə
ən xoş arzularımı bildirir, Azərbaycanda
vaxtınızın yaxşı keçməsini diləyirəm.
Prezident Almazbek Atambayevin bəyanatı
- Hörmətli
İlham Heydər oğlu!
Əvvələn, dünəndən bəri bizə
göstərilən bu səmimi, qardaş münasibətə
görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, həqiqətən
əsl qardaşlıq münasibətidir. Mənim
üçün bu, bəlkə də taleyin qismətidir,
lakin çox əlamətdardır. Fəxr
edirəm ki, Qırğızıstanın 20 ildə Azərbaycana
ilk dəfə rəsmi səfərə gəlmiş birinci
Prezidentiyəm. Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, biz 20 ili itirmişik. Ancaq
düşünürəm ki, biz bu 20 ilin əvəzini
çox tez bir vaxtda çıxacağıq. Sizin
dediyiniz kimi, bu gün 20 il ərzində
imzalandığından daha çox sayda, özü də
real sənəd imzalanmışdır. Gələn
ay biz hökumətlərarası komissiyanın iclasını
keçirəcəyik, özü də komissiyanın
qarşısında real vəzifələr qoyulmuşdur -
energetika, investisiyalar, investisiya fondunun yaradılması və
digər sahələrdə. Bilirsiniz,
düşünürəm ki, biz bu itirilmiş vaxtın əvəzini
çıxacağıq.
Doğrudan da, Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, bizim
ümumi tariximiz vardır. Bunu çox vaxt unudanlar onu da
xatırlamalıdırlar ki, Sibirdən başlamış Qara
dənizə qədər nəhəng bir ərazidə
yaşayan xalqlar həmişə, gah xaqanlıq - türk,
qırğız, uyğur xaqanlığı, gah Qızıl
Orda, gah Rusiya imperiyası, gah Sovet İttifaqı adı
altında birləşməyə
çalışmışlar. Ona görə
ki, bütün bu ərazidə qardaş xalqlar yaşayır.
Elə həmin Rusiyada, məncə, əhalinin
təxminən 20 faizi türkdillidir. Rusiyanın
tarixi, istər hərbi, istərsə mədəni tarixi Turgenev,
Aksakov, Kuprin və başqa xeyli türk mənşəli
görkəmli şəxsiyyətlərlə zəngindir.
Buna görə düşünürəm ki, bu
birləşmə, keçmişi unutmamaq, əlbəttə,
çox aktualdır. Çünki deyiblər: Əgər
kim keçmişə tapançadan atəş
açsa, gələcək onu top atəşinə
tutacaqdır.
Mən bugünkü görüşlərə çox
şadam. Çox şadam ki, olduqca mühüm siyasi və
iqtisadi sənədlər imzalanmışdır.
Bildirmək istəyirəm ki, biz hörmətli İlham
Heydər oğlunu bu ilin avqust ayında
Qırğızıstana rəsmi səfərə dəvət
etmişik. Möhtərəm Prezident səfərə gəlməyi
vəd etmişdir. Yəqin ki, Türkdilli
Ölkələrin Sammitini də həmin vaxtda keçirəcəyik.
Mən düşünürəm ki, münasibətlərimiz
əslində tamam başqa mərhələyə keçir. Hər iki
nümayəndə heyətinin üzvləri bunu
danışıqlar zamanı gördülər. Mənə
belə gəlir ki, Allahın köməyi ilə ölkələrimiz
arasında tamamilə başqa münasibətlər
yaranacaqdır və biz bu 20 il ərzində
itirdiklərimizin əvəzini çıxacağıq.
Sonda demək
istəyirəm ki, mən Bakıda əslində bir dəfə
olmuşam - 1991-ci ildə, 21 il bundan əvvəl.
Əlbəttə, mən Bakını hətta
tanıya bilmirəm. Bu, tamam başqa
ölkədir. Bu ölkənin nümayəndəsi
"Eurovision" müsabiqəsində qalib gəlmişdir.
Bakıya baxdıqca yalnız yaxşı mənada
həsəd aparmaq və fikirləşmək olar ki, bizim
Bişkek də, əlbəttə, belə olmalıdır.
Biz bunu öyrənəcəyik. Çox şey öyrənəcəyik. Əlbəttə, düşünürəm ki,
prezidentlər sarıdan - hörmətli Heydər Əlirza
oğlu sarıdan, İlham Heydər oğlu sarıdan Azərbaycanın
bəxti çox gətirmişdir. Azərbaycan
çox inamla, güclü addımlarla irəliləyir.
Biz ondan çox şey öyrənə bilərik.
Ən başlıcası, bizim birlikdə
görməli olduğumuz işlər vardır. Düşünürəm ki, bu dəfə artıq
bu fəaliyyət xəttindən çəkilməyəcək
və fəal işləyəcəyik.
Sağ
olun!
* * *
Sonra dövlət başçıları jurnalistlərin
suallarını cavablandırdılar.
* * *
Bermet
Kurmanbekov (Qırğız Respublikası İctimai Teleradio
Yayım Korporasiyası): Mənim sualım Almazbek
Şarşenoviçədir. Bundan əvvəl
Qırğızıstanda neft emalı zavodunun istifadəyə
verilməsi haqda Sizinlə Azərbaycan Dövlət Neft
Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında
razılıq əldə edilmişdi. Həmin məsələ
bu gün müzakirə edilmişdirmi? Bu təşəbbüs
nə dərəcədə reallaşdırıla biləndir?
Prezident
Almazbek ATAMBAYEV: Əlbəttə, müzakirə edilmişdir.
Azərbaycanın Baş nazirinin birinci
müavini hörmətli Yaqub Abdulla oğlu mənə vəd
etmişdir ki, aprel ayında Bişkekdə biz
Qırğızıstanda neft emalı zavodunun tikilməsi
haqda qəti qərar qəbul etməyə
çalışacağıq. Biz bu məsələdə
də Azərbaycan Prezidentinin çox güclü dəstəyini
hiss edirik. Bu iş məhz Azərbaycan Prezidentinin təşəbbüsü
ilə başlanmışdır. Allah qoysa, 2-2,5
milyon ton gücündə neft emalı zavodu tikilməsi haqda qərar qəbul ediləcəkdir.
Əlbəttə, Qırğızıstan
üçün bu, real müstəqilliyə doğru
çox böyük addım olacaqdır. Əgər
Qırğızıstanda yanacaq-sürtkü materialları,
benzin, dizel yanacağı, aviasiya ağ
nefti istehsal edilərsə, bu, irəliyə doğru nəhəng
addım olacaqdır. Biz bu işə Azərbaycan
Prezidenti və Azərbaycanın digər rəhbərləri
tərəfindən göstərilən dəstəyə
görə çox minnətdarıq.
Albina
Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc):
Mənim sualım Qırğız Respublikasının
Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycan ilə
Qırğızıstan arasında konkret hansı sahələrdə
iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini
perspektivli hesab edirsiniz?
Prezident
Almazbek ATAMBAYEV: Bilirsinizmi, həqiqətən 20 il itirilmişdir. Görünür,
qismət belə imiş, Allah belə istəmişdir. Lakin bu gün biz bütün istiqamətlər
üzrə irəliləmək üçün neft emalı
zavodundan başlamış bank, turizm sahələrinə, Azərbaycan-Qırğızıstan
İnvestisiya Fondunun yaradılmasına qədər
qarşılıqlı fəaliyyət məsələlərini
müzakirə etdik. Bizim öyrənməli
olduğumuz məsələlər, birlikdə sərmayə
qoya biləcəyimiz sahələr vardır. Sirr deyildir ki, Azərbaycan Gürcüstandan
başlamış Avropaya qədər çox ölkələrdə
milyardlarla sərmayə qoymuşdur. Buna görə mən
dedim ki, Qırğızıstana da bir milyard sərmayə
qoyulsa yaxşı olardı. Düşünürəm
ki, hörmətli İlham Heydər oğlu bu fikri dəstəkləyər.
Bizim aviasiya yolları da daxil olmaqla olduqca çoxlu tətbiq
sahələri vardır. Ola bilsin ki, biz İssık-Kulda Tamçi
aeroportunun tikilməsinin mümkünlüyünü
müzakirə edəcəyik.
Fikrimcə,
qarşıda bizi çox fəal, səmərəli iş
gözləyir və birgə işləməli olduğumuz məsələlər
vardır.
Balbak
Tulebayev ("Ayat-press" qəzeti): Mənim sualım
Prezident İlham Heydər oğlunadır. 1992-ci
ildən türkdilli ölkələrin sammitləri
keçirilir. Türkdilli Ölkələrin
Dövlət Başçıları Şurası
yaradılmışdır. Bu ölkələr
bəzi məsələlərdə - mədəniyyət, təhsil,
parlamentlərarası əlaqələr məsələlərində
çox fəaldırlar. Lakin siyasi məsələlərdə
onlar zəiflik göstərirlər. Məsələn,
Oş hadisələrində, Ermənistan-Azərbaycan məsələsində.
Bu baxımdan dövlətimizin başçısının səfəri
güclü birliyin yaradılması üçün
başlanğıc ola bilərmi?
Prezident İlham ƏLİYEV: Mən hesab edirəm ki, Qırğızıstan Prezidentinin türk dünyasının səylərini birləşdirmək üzrə fəal mövqeyi birliyimizi möhkəmlədəcəkdir. Biz öz tərəfimizdən həmişə çalışmışıq ki, türk dünyasının birliyini real təşəbbüslərlə möhkəmlədək. Bu istiqamətdə Bakıda müxtəlif tədbirlər, o cümlədən türkdilli ölkələrin dövlət başçılarının həm Bakıda, həm də Naxçıvanda sammitləri keçirilmişdir. Biz həmişə çalışmışıq ki, birliyimizi konkret məzmunla zənginləşdirək. Məsələn, Azərbaycanı Türkiyə ilə bağlayan enerji xarakterli layihələr bu gün region çərçivəsindən kənara çıxır və dünya miqyaslı ən mühüm enerji layihələridir. Azərbaycan həm də Qazaxıstandan və Türkmənistandan olan dostlarımız üçün neft, neft məhsulları, digər yüklər üzrə tranzit xidmətlərini həyata keçirir. Biz Azərbaycanı Türkiyə ilə və beləliklə, Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yoluna yüz milyonlarla dollar sərmayə qoyuruq. Bu dəmir yolu bütün türkdilli dövlətlərə xidmət edəcəkdir. Yəni, bu, türk dünyasının birliyini möhkəmlədən investisiya siyasətimizin konkret istiqamətləridir.
Hesab edirəm ki, siyasi baxımdan da az iş görülməmişdir. Türkdilli dövlətlərin sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmişə birmənalı mövqe, bu münaqişənin tənzimlənməsində Azərbaycanın haqq işinə dəstək, bu münaqişənin tənzimlənməsi ilə əlaqədar beynəlxalq qərarlara, beynəlxalq təşkilatların qətnamələrinə dəstək ifadə edilmişdir.
Beləliklə, biz qardaş dövlətlərin bizim üçün ən vacib məsələyə - artıq 20 ildən bəri davam edən erməni işğalına son qoyulması, münaqişənin tezliklə tənzimlənməsi məsələsi ilə bağlı mövqeyindən razıyıq. Bildiyiniz kimi, Ermənistan bizim ərazimizin 20 faizini işğal altında saxlamaqda davam edir, bir milyondan çox azərbaycanlını öz tarixi vətənlərindən qovmuş, etnik təmizləmə siyasəti aparmışdır və bu gün də beynəlxalq təşkilatların, o cümlədən ən mühüm təşkilat olan BMT-nin qərarlarını yerinə yetirmək istəmir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar yerinə yetirilməmişdir.
Buna görə bir daha demək istəyirəm, biz türkdilli dövlətlərin türk dünyası ölkələrinin sammitlərinin qərarları çərçivəsində ifadə edilmiş mövqeyindən razıyıq.
Əlbəttə, türkdilli dövlətlərin qarşılıqlı dəstəyi bütün məsələlərdə əksini tapmalıdır. Bu, iqtisadi, siyasi dəstək, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlarda bir-birinin xeyrinə səsvermə deməkdir. Biz bu mövqeyə - türkdilli dövlətlərin həmrəyliyi mövqeyinə, həmçinin bütün islam dünyasının həmrəyliyi mövqeyinə həmişə sadiq olmuşuq. Biz bu istiqamətdə də iş aparır, təşəbbüslər göstəririk. Bizim təşəbbüsümüzlə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin çoxsaylı tədbirləri keçirilmişdir. 2009-cu ildə Bakı islam dünyasının mədəni paytaxtı seçilmişdi. 2018-ci il üçün bu fəxri ada Azərbaycanın digər qədim şəhəri - Naxçıvan layiq görülmüşdür.
Yəni, biz bu istiqamətdə fəal iş aparırıq və Qırğızıstan Prezidentinin şəxsində öz tarixi köklərinə sadiq olan bir insanı görmək mənə çox xoşdur. Mən bunu Almazbek Şarşenoviçə şəxsi söhbətimizdə də demişəm. İndi də açıq demək istəyirəm ki, bu, ikitərəfli münasibətlərimizin inkişafı, həmçinin türk dünyasının birliyini möhkəmlətmək işində əlavə nikbinlik yaradır. Türk dünyası çox böyük potensiala - insan resurslarına, yaxşı demoqrafik şəraitə malikdir. Bizim zəngin təbii ehtiyatlarımız - neft, qaz, metallar, su ehtiyatımız vardır. Biz Xəzər dənizi vasitəsilə bütün türk dünyasını birləşdirən çox geniş coğrafi əraziyə malikik. Buna görə də mövqelərimizin güclənməsi yalnız birliyimizin möhkəmlənməsi ilə bağlı ola bilər. Bugünkü səfər də birliyimizi möhkəmlətmək işinə töhfədir. Biz bu səfərə həm də bu baxımdan yanaşırıq və bu müsbət meyilləri gələcəkdə də davam etdirmək ümidindəyik.
Ceyhun Əliyev (ATV telekanalı): Mənim sualım Qırğız Respublikasının Prezidentinədir. Cənab Prezident, Siz bu gün ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından rolunu necə qiymətləndirirsiniz?
Prezident Almazbek ATAMBAYEV: Hesab edirəm ki, bunlar dönüş yaradan sənədlərdir. Bir daha demək istəyirəm ki, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır. Köklərimizə nəzər salmaq da təsadüfi deyildir, çünki son 20 ildə Qırğızıstanda iki dəfə - 1990-cı ildə və 2010-cu ildə separatçılıq cəhdləri olmuşdur. Özü də bu cəhdlər məhz onunla bağlı idi ki, insanlar öz köklərini unudurdular. Qırğızlar da, özbəklər də türkdürlər. Keçmişi xatırlamaq yalnız sülh işinə xidmət edir. Təbii ki, biz hər cür separatçılığın əleyhinəyik, ölkələrimizin ərazi bütövlüyünün tərəfdarıyıq. Hesab edirəm ki, bu sənədlər özləri həm iqtisadi, həm də siyasi baxımdan 20 il ərzində imzalanmamış həlledici sənədlərdir.
AzərTAc
Azərbaycan.- 2012.- 31 mart.- S. 2; 3.