Azərbaycanın
Baş naziri
Qırğızıstan Prezidenti ilə görüşmüşdür
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev martın 30-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Görüşdə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ölkəmizə səfərindən məmnun qaldığını bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə apardığı danışıqları yüksək qiymətləndirən Qırğızıstan dövlətinin başçısı bu danışıqların bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əmin olduğunu demişdir. Prezident Almazbek Atambayev Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı iqtisadi əməkdaşlığın perspektivlərindən söhbət açaraq iki dövlətin işgüzar dairələrinin mövcud əlaqələrinin inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu diqqətə çatdırmışdır.
Baş nazir Artur Rasizadə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə məlumat vermişdir. Baş nazir Prezident Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcəyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 31 mart.- S. 4.