Tarixə yeni yanaşmanı şərtləndirən
sənəd
Bir insanın yaddaşını pozub təzədən yazmaq mümkün deyil! Çünki yaddaşa əl çatmır, onun silindiyini yoxlayıb dəqiqləşdirmək olmur!
Millətin isə yaddaşını "təzələmək", ona yeni şeylər yazmaq çətinlik törətmir. Bu işin ustası isə sovet hökuməti idi. Repressiya və təqib, həbs və sürğün qorxusu, "xalq düşməni" adı ilə divara söykəyib güllələmə insanları olanları unutmağa, baş verənləri özgə cürə danışmağa vadar edirdi. Digər metodlar da işlədilirdi: Məsələn, 1918-ci ildə Bakıda bolşevik-erməni birliyi tərəfindən törədilən mart qırğınını inqilabçılarla əks-inqilabçıların qarşıdurması kimi qələmə verən, sovet silahı ilə paytaxtın dinc əhalisini qıran erməni quldurlarını inqilab liderləri kimi təqdim edən, inqilab pullarını götürərək Hindistana qaçan qaniçən Şaumyana yalandan qəbir qazdıraraq "dəfn edən", sonra onun şərəfinə heykəl ucaldıb adını küçə və yaşayış məntəqələrinə verən də həmin sovetlər idi. Əlbəttə, köhnə ziyalılar, tarixçilər, o dövrdə yaşamış insanlar bütün bunları bilirdilər. Amma ucadan danışmağa qorxurdular. Yoxsa yuxarıda sadalanan cəza üsulları onları birdəfəlik susdurardı!
Nəsillər dəyişəndə "köhnələrlə" "yenilərin" əlaqələrinin qırılması üçün yeni üsullar tətbiq edilirdi. Cavanlar "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" ruhunda tərbiyələndirilir, tarixdə baş verən hadisələr saxtalaşdırılır, özgə cürə yazılırdı. Həqiqətin üzə çıxmaması üçün M.S.Ordubadinin tarixdə baş verənlərdən yazdığı "Qanlı illər" kitabı kimi əsərlər qadağan edilərək yandırılır, arxivlər xalqın üzünə bağlanılır, hətta əsl tarixin gənclərdən gizlədilməsi üçün əlifba dəfələrlə müxtəlif bəhanələrlə dəyişdirilərək evlərdə olan köhnə kitab və sənədlər yeni nəsil üçün "oxunmaz" edilirdi.
Beləcə yetmiş il sovet xalqlarının "dostluq və qardaşlıq" ailəsində "mehribanlıqla" yaşadıq. Hətta sovet hakimiyyəti insanları doğma yurd-yuvalarından perik salıb sürgün edəndə belə baş verənləri "toy-bayram", "pambıqçılığın inkişafı naminə atılan addım" kimi qəbul və təlqin etdik.
Tarix yaman şeydir! Nə qədər məharətlə gizlətsən də, bir gün əsl həqiqətlər pırtlayıb üzə çıxır! Azərbaycan dövlət müstəqilliyi qazandıqdan, keçmişdəki qanlı oyunlar yenidən onun başına gətirildikdən sonra həqiqəti xalqa olduğu kimi çatdırmaq, tarixi ağ ləkələrdən təmizləmək zərurəti yarandı. Bu missiyanı da ulu öndər Heydər Əliyev öz üzərinə götürərək son dərəcə qətiyyətli və cəsarətli addım atdı. 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" möhtəşəm bir fərman imzaladı. Həmin fərmana əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Fərmanın möhtəşəmliyi ondadır ki, bu sənəd tarixə yeni yanaşmanı şərtləndirməklə xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətləri açıb göstərməyə, təhrif edilmiş olayların əsl qiymətini verməyə yol açdı! Eyni zamanda, bu fərmana əsasən Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımlarının da obyektiv qiymətləndirilməsinə imkan yarandı. Artıq ölkəmizdə hər bir şəxs XIX-XX əsrlərdə Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin necə və kimlərin dəstəyi ilə yaradılması, xalqımızın dəfələrlə müxtəlif adlar altında doğma el-obasından zorakılıqla deportasiya edilməsi, 1988-ci ildən sonra erməni-sovet hərbi birləşmələri tərəfindən neçə-neçə yaşayış məntəqələrində soyqırımları törədilməsi barədə tam məlumatlıdır. Üstəlik bütün bunların dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması, ədalətli və obyektiv qiymətinin verilməsi üçün ardıcıl və məqsədyönlü iş gedir.
Heydər Əliyev zəkasının və qətiyyətinin ifadəsi olmaqla müstəqil Azərbaycanın yeni tarixinə işıq tutan bu fərman qədim tariximizə yeni baxışın təməlinə çevrildi. Zorla, saxta şəkildə yazılan, həbs, sürgün, edam hədəsilə (həm də təkcə hədəsilə yox!) beyinlərə yeridilən "qırmızı tarixin" sonunun başlanğıc nöqtəsi oldu.
Prezident İlham Əliyevin yeni dövr Azərbaycanının imkanlarına və nüfuzuna hesablanmış hücum diplomatiyası konsepsiyası bu tarixi sənədə yeni güc və nəfəs verdi. Artıq Azərbaycan dünyaya öz iqtisadiyyatı, mədəniyyəti, musiqisi ilə yanaşı, həm də həqiqətləri ilə də yol tapır!
Biz qürurlu millətik! Ağlayıb sızlamağı, göz yaşlarilə başqalarında rəhm hissi yaratmağı xoşlamırıq!
Biz ədalətsevər xalqıq! Başqalarının haqqını heç zaman tapdalamadığımız kimi, öz haqqımıza toxunulmasına da yol vermərik!
Biz yalana göz yumub, həqiqətin qulaqardına vurulmasilə barışa bilmərik!
Azərbaycan dünyanın ikili standartına, yalançı "erməni soyqırımı"nın "əzizlənməsinə", həqiqi soyqırımlarına isə göz yumulmasına dözmək niyyətində deyil!
Həqiqət birdir! Bir olan həqiqəti isə hamı qəbul etməlidir!
Fevralın 26-da Azərbaycan xalqı, dünya Azərbaycanlıları Ali Baş Komandanın öncüllüyü ilə ümumxaıq yürüşü keçirərək iradə və qətiyyətini bir daha ortaya qoydu! Əsl soyqırımının Xocalıda törədildiyini bütün dünyaya car çəkdi! Artıq bir çox dövlətlərin parlamentləri, nüfuzlu beynəlxalq təşkilatlar bu həqiqətin etirafına başlamışlar!
Biz ağlayıb, yalvarmırıq!
Biz tələb edirik!
Ədalətimizin böyüklüyünə güvənərək tələb edirik!
Dünyanın taleyini düşünərək, sivilizasiyaların qarşıdurmasından əməkdaşlığının Yer kürəsinə daha faydalı olduğunu dərk edərək tələb edirik!
Güclülər zəifləri basıb əzməli deyil!
İmkanlılar köməksizlərin hüquqlarını tapdalamalı deyil!
Haqsızlar zorla öz iradələrini haqlılara qəbul etdirməli deyil!
Böyük dövlətlər kiçik dövlətləri parçalamaq, sərvətlərinə sahib çıxmaq niyyətindən əl çəkməlidirlər!
Unutmayaq,
planetimiz çox kiçikdir, lap kiçik!
Onun harada alovlanmasına baxmayaraq müharibə tonqalının
tüstüsü hamının
havasını zəhərləyə
bilər!
Ədalətli olmaq zamanıdır!
Müdrik
olmaq çağıdır!
Haqqı-ədaləti müdafiə etmək vaxtıdır!
Azərbaycan.- 2012.- 31 mart.- S.
5.