Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin yeni meyilləri ilə bağlı dəyirmi masa keçirilmişdir

 

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə əlaqədar martın 30-da Konstitusiya Məhkəməsi və Elmlər Akademiyasının Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun təşkilatçılığı ilə "Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni meyilləri" mövzusunda  "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyasının əksər maddələrində insan hüquqlarının qorunması təsbit olunmuşdur. Ölkəmizin inkişafı ilə əlaqədar hüquqi islahatların həyata keçirilməsi zərurəti yaranmışdır, 2002-ci və 2008-ci illərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir.

Azərbaycan Prezidenti insan hüquq və azadlıqlarının qorunmasını dövlətin prioritet vəzifəsi hesab edərək Milli Fəaliyyət Proqramını təsdiq etmişdir. Bu proqram vətəndaşlarla dövlət təsisatları arasındakı hüquqi münasibətləri tənzimləməklə yanaşı, insan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi mexanizmlərini də müəyyənləşdirir. Ötən müddətdə Azərbaycanda çox geniş hüquqi islahatlar həyata keçirilmişdir. Ölkəmizin məhkəmə-hüquq sistemi inkişaf edərək Avropa standartlarına uyğunlaşdırılmışdır.

Konstitusiya Məhkəməsi cəmiyyətin inkişafını nəzərə alaraq elmi müəssisələrlə əməkdaşlığa üstünlük verir və icraatında olan işlərə dair qərar qəbul edərkən hüquq üzrə alimlərin fikirlərini də nəzərə alır.

F.Abdullayev bildirmişdir ki, Konstitusiya Məhkəməsi insan hüquqları üzrə müvəkkilin (ombudsman) aparatı ilə sıx əlaqələr saxlayaraq insan hüquqlarının qorunması sahəsində əməkdaşlıq edir.

Ombudsman Elmira Süleymanova çıxış edərək demişdir ki, ötən 20 ildə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ölkəmizin hüquq sistemində əsaslı dəyişikliklər edilmiş, ombudsman institutu yaradılmış, qanunvericilik təkmilləşdirilmişdir. Bunlarla yanaşı, vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin edilməsi üçün müasir məhkəmə-hüquq prosedurları yaradılmışdır. Bütün bunlar isə Azərbaycanda insan hüquqlarının praktiki şəkildə təmin olunmasından xəbər verir.

Milli Fəaliyyət Proqramının Prezident İlham Əliyev tərəfindən təsdiq edilməsi Azərbaycan dövlətinin insan hüquqlarına nə qədər həssaslıqla yanaşdığını göstərir. Proqramda hər bir dövlət orqanının insan hüquqlarının qorunması istiqamətindəki fəaliyyəti və həyata keçirilməsi mexanizmləri konkret olaraq göstərilmişdir. Proqram Azərbaycanın Avropaya inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Sonra Konstitusiya Məhkəməsinin hakimləri, AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun nümayəndələri və Bakı Dövlət Universitetinin müəllimləri çıxışlar etmişlər. Çıxışlar ətrafında müzakirələr olmuşdur.

Tədbirə yekun vuran Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev faydalı fikir mübadiləsinin aparıldığını bildirmiş, "dəyirmi masa"nın işini yüksək qiymətləndirmişdir.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 5.