Azərbaycan xalçaları Qırğız Respublikasının birinci xanımını valeh etmişdir

 

Martın 30-da Qırğız Respublikası Prezidentinin xanımı Raisa Atambayeva "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur.

Hörmətli qonağa gül dəstəsi təqdim edilmişdir.

Müəssisə ilə tanış olan Qırğız Respublikası Prezidentinin xanımına məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır.

Vurğulanmışdır ki, "Azərilmə"də toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülmüşdür.

Qırğız Respublikasının birinci xanımı toxunan xalçalardan birinə ilmə vurdu.

Xanım Raisa Atambayeva qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxdı. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyatdı. "Azərbaycan xalçası qalereyası"nda nümayiş olunan "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə xanım Raisa Atambayevanı məftun etdi.

Azərbaycan xalçaçılıq sənətinə dair söhbət çay süfrəsi arxasında davam etdirildi.

Qırğız Respublikasının birinci xanımına xalçaçılıq sənətindən bəhs edən kitab və xatirə hədiyyələri təqdim edildi.

Qonaq qalereyanın xatirə kitabına ürək sözlərini yazdı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 5.