Qırğız
Respublikasının birinci xanımı Müasir İncəsənət Muzeyindən zəngin
təəssüratla ayrılmışdır
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Raisa Atambayeva martın 30-da Müasir İncəsənət Muzeyində olmuşdur.
Burada qonağa məlumat verilmişdir ki, muzey Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Bildirilmişdir ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.
Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov və digər tanınmış fırça ustası və heykəltəraşların əsərləri ilə tanış olmuşdur.
Raisa Atambayevanın diqqətinə çatdırılmışdır ki, muzeyin Qərbi Avropa incəsənəti salonunda Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.
Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.
Qırğız Respublikasının birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Raisa Atambayevaya Müasir İncəsənət Muzeyinin kataloqu təqdim olunmuşdur.
Qonaq muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək buradan zəngin təəssüratla ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 31 mart.- S. 5.