ABŞ-ın “Qarabağ” Fondunda Azərbaycanın mədəni
diplomatiyası müzakirə edilmişdir
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda fəaliyyət göstərən "Qarabağ" Fondunda ölkəmizin xarici siyasətində mədəni diplomatiyanın rolu ilə bağlı çıxış etmişdir. O, bildirmişdir ki, xarici siyasət məqsədlərinə nail olmaq üçün əvvəlcə Azərbaycanı təqdim etmək lazımdır. Azərbaycan isə onun mədəniyyəti deməkdir. Səfir bildirmişdir ki, Azərbaycan mədəniyyətində onun cəmiyyəti, coğrafi yerləşməsi, tolerantlığı və etnik müxtəlifliyi, bir sözlə, hər şey əks etdirilib. Ölkəmiz müstəqilliyini bərpa edəndən bəri mədəni diplomatiyanın hər bir istiqaməti gücləndirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz səyləri nəticəsində Azərbaycan xalçaları, muğamı, incəsənətinin digər növləri bütün dünyada məşhurdur. Elin Süleymanov bildirmişdir ki, xüsusilə, Birləşmiş Ştatlarda son illər konsertlərlə çıxış edən muğam ustası Alim Qasımov, gənc caz ifaçıları və digər sənət adamlarımız Azərbaycan mədəniyyətinin səfirləri kimi bəzən ənənəvi diplomatiyanın əldə etdiyindən daha böyük nailiyyətlər qazanmışdılar.
Diplomat ABŞ-ın "Qarabağ" Fondunun icraçı direktoru Diana Altman Kohenə minnətdarlığını ifadə edərək, hazırda məcburi köçkün kimi yaşayan Qarabağın azərbaycanlı icmasının mədəniyyətinin doğma yurdlarından uzaq şəraitdə qorunub saxlanılması zərurətindən danışmış, onun ABŞ-da tanıdılmasının vacibliyini qeyd etmişdir. Səfir fonda Qarabağ xalçalıq məktəbi haqda kitab hədiyyə edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Fond isə, öz növbəsində, səfirə Amerika hindu qəbilələrinə aid tanınmış dizayner tərəfindən hazırlanan və üzərində "Qarabağ Fondu" yazısı olan kiçik xalça təqdim etmişdir.
Tədbirdə Vaşinqtonda fəaliyyət göstərən mədəniyyətlərarası anlaşma üzrə təşkilatların başçıları, türkdilli mədəni ocaqların fəalları, eləcə də Amerikanın İslam Konqresinin nümayəndələri iştirak etmişlər.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 31 mart.- S. 5.