Ermənistan
terror və soyqırımı siyasətini dövlət səviyyəsində
dəstəkləyir
31 mart Azərbaycanlıların
soyqırımı günüdür
XIX əsrdən
başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində
işğalçılıq niyyətlərini həyata
keçirmək və tarixi torpaqlarımız hesabına "böyük
Ermənistan" xülyasını reallaşdırmaq
üçün ardıcıl olaraq hərbi və ideoloji
vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan
və türk xalqlarına qarşı dəhşətli
soyqırımı cinayətləri həyata
keçirmişlər. Erməni daşnakları etdikləri
cinayətləri ört-basdır etmək üçün bu
yolu tutmuş, törətdikləri soyqırımları
başqa xalqların üzərinə atmış, onları
günahkar çıxartmağa səy göstərmişlər.
Əslində isə tarix bunun tamamilə əksini deyir.
Ermənilərin
Qafqaza köçürülməsi, yerləşdirilməsi
və dövlətlərinin yaradılması ideyası I
Pyotrdan başlayır. Lakin Rusiya öz məqsədinə XX əsrin
əvvəllərində nail olur. 1802-ci ildə çar I
Aleksandr N.D.Sisianova yolladığı məktubunda göstərirdi
ki, nə olursa-olsun ermənilərdən Azərbaycanın bu
və ya digər xanlıqlarında istifadə
olunmalıdır.
Rusiya
ilə İran arasında gedən iki müharibənin sonunda
imzalanmış Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının tarixində
faciəvi rol oynamış və Azərbaycanın
parçalanmasına gətirib çıxardı. Türkmənçay
müqaviləsinin 14 və 15-ci maddələri "təbəə
alış-verişi" ilə bağlı idi. İrandan ermənilərin
köçürülməsi məsələsi ikinci
Rusiya-İran müharibəsinin (1826-1828) gedişində
Sankt-Peterburqda qaldırıldı. Rusiya Osmanlı dövlətinə
qalib gəldikdən sonra isə Ədirnə (1829) müqaviləsinə
əsasən, Cənubi Qafqazda Qacarlar İranı və
Osmanlı imperiyasına qarşı gələcək
işğalçılıq planlarını həyata
keçirmək üçün xristian istinadgahı yaratmaq məqsədilə
həmin dövlətlərin ərazisində yaşayan erməniləri
kütləvi surətdə Şimali Azərbaycan
torpaqlarına, əsasən də İrəvan, Naxçıvan,
Qarabağ xanlıqlarının ərazisinə
köçürdü. İrəvan və Naxçıvan
xanlıqlarını işğal etmiş general Paskeviç
İrandan köçürülən ermənilərin
hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi
barədə konkret göstəriş də vermişdi:
köçürülən erməniləri İrəvan və
Naxçıvan əyalətlərinə istiqamətləndirmək
lazımdır ki, həmin ərazilərdə xristian əhalinin
sayı mümkün qədər artırılsın. 1828-ci
ilin təqribən 4 ayında (fevral-iyun) İrandan Şimali Azərbaycana
- İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazisinə 8249 erməni ailəsi,
yəni 40 min nəfər erməni
köçürüldü. Bir qədər sonra isə
Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən
daha 90 min nəfərdən artıq erməni
köçürülüb gətirildi.
Ermənilər
Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə,
yəni onlara daimi vətən yaratmaq niyyəti ilə
köçürüldü. Bu köçürülməyə
rəhbərlik edən erməni mənşəli rus polkovniki
Q.Lazarev İran ərazisindən Şimali Azərbaycana
köçürülən ermənilərə müraciətlə
deyirdi: "...Orada (Şimali Azərbaycanda - İ.H.) siz
xristianların məskunlaşdırıldığı yeni vətən
əldə edəcəksiniz... İranın müxtəlif əyalətlərinə
səpələnmiş xristianların (yəni ermənilərin
- İ.H.) bir yerə cəmləşdiyini görəcəksiniz.
Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları
İranı tərk edəcək, Bundan sonra sizin köçməyiniz
çətinləşəcək və biz sizin təhlükəsiz
köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə
məruz qalsanız da, qısa zamanda hər şeyə nail
olacaqsınız, özü də həmişəlik".
Köçkün
axını başlanan kimi heç bir qanuni əsas olmadan erməniləri
Naxçıvanda və Qarabağda xan-bəy torpaqlarında
yerləşdirməyə başladılar. Qriboyedov bununla
bağlı yazırdı: "Ermənilərin ilk dəfə
buraxıldıqları torpaqlara əbədi sahib
duracaqlarından müsəlmanlar içərisində yaranan
qorxunu aradan qaldırmaq üçün mövcud ağır
vəziyyətin uzun sürməyəcəyini bildirməklə
onları sakitləşdirmək məsələsini biz dəfələrlə
götür-qoy etmişik. Lakin Qarabağ və
Naxçıvanda çar hökuməti tərəfindən
elə bir siyasət yeridildi ki, öz başlarının
hayına qalan xalq ermənilərin orada məskunlaşmasını
unutmalı oldu".
Rus tədqiqatçısı
N.Şavrov yazırdı: "Biz müstəmləkəçilik
fəaliyyətinə Güney Qafqazda rus əhalisinin deyil, bizə
yad olan xalqların yerləşdirilməsindən
başladıq. 1828-ci ildən 1830-cu ilə kimi biz Güney
Qafqazda İrandan 40 mindən, Türkiyədən isə 84
mindən çox erməni köçürmüş və
onların əhalisinin azlıqda olduğu Yelizavetpol (Gəncə
- İ.H.) və İrəvan quberniyalarının ən
yaxşı torpaqlarında yerləşdirmişik. Yerləşmək
üçün onlara 200 min desyatindən çox xəzinə
torpağı ayırmış və onlar üçün 2
milyon manatlıqdan çox xüsusi sahibkar torpağı
satın alınmışdır. Yelizavetpol
quberniyasının dağlıq hissəsi (indiki Dağlıq
Qarabağ - İ.H.) və Göyçə gölünün
sahilində həmin ermənilər yurd saldı".
İrəvan,
Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində
məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla
müqayisədə azlıq təşkil etmələrinə
baxmayaraq, öz havadarlarının himayəsi altında 1828-ci
ildə "Erməni vilayəti" adlandırılan inzibati
bölgünün yaradılmasına nail oldular. Belə
süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların
öz torpaqlarından qovulması, faciələrə
düçar olunması siyasətinin bünövrəsi
qoyuldu. Həm də, bununla Cənubi Qafqazdakı Azərbaycan
torpaqlarında - İrəvan və Naxçıvan
xanlıqlarının ərazisində erməni dövləti
yaratmaq üçün ilk addım atıldı. Qeyd etməliyik
ki, ermənilərin köçürülməsi başa
çatdıqdan sonra "Erməni vilayəti"ndə olan
1125 kəndin 1111-də azərbaycanlılar
yaşayırdı.
Ermənilər
bununla da tarixən düşündükləri
"böyük Ermənistan" xülyalarını həyata
keçirmək sahəsində real addımlar atmağa
başladılar. Azərbaycan torpaqları hesabına
yaradılmış "Erməni vilayəti"ndə rusların bilavasitə köməyi
sayəsində məskunlaşdırılan ermənilər
bütün Qafqaz ərazisində tarixin təhrif
olunmasında, azərbaycanlılara qarşı
soyqırımın həyata keçirilməsində fəal
rol oynadılar.
XIX əsrin
ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan
ərazilərinin bir hissəsini tutub "böyük Ermənistan"
kimi millətçi, şovinist ideyasını həyata
keçirmək istəyində olan ermənilər təşkilati
strukturlar yaratmağa başladılar. Belə ki, əsasən
xaricdə "Qnçaq" (1887, Cenevrə),
"Daşnaksütyun" (1895, Tiflis) partiyaları, "Erməni
vətənpərvər ittifaqı" (1895, Nyu-York) təşkilatı
yaratdılar. Bu partiya və təşkilatın
yaradılması ilə "böyük Ermənistan"
iddiaları yeni mərhələyə daxil oldu. Bu ideyanı dəstəkləməklə
ermənilərdən istənilən tarixi məqamda istifadə
edən Rusiyada onların 2311 yerli təşkilatı fəaliyyət
göstərirdi. Məhz Rusiyanın siyasi və hərbi dəstəyi
nəticəsində XX əsrdə azərbaycanlılara
qarşı mərhələlərlə vəhşiliklər
törədilmiş, onlar zorla
köçürülmüş və repressiya olunmuşdular.
Ermənilərin
əsas ideyası "böyük Ermənistan" və ya
"Dənizdən dənizə dövlət" yaratmaq
olmuş və bu yolda bütün vasitələrdən istifadə
etmiş, o cümlədən kütləvi terror,
soyğunçuluq və ölümün həyata
keçirilməsi əsas kimi qəbul edilmişdir. Sonralar ermənilər
bu terror fəaliyyətlərini guya nə vaxtsa onlara
qarşı edilmiş "genosidin" intiqamı kimi pərdələməyə
çalışmışlar. Əslində isə, XIX əsrin
sonlarından başlayaraq ermənilər Osmanlı dövləti
ərazisində, XX əsrin əvvəllərində isə
yenə də Türkiyə, Azərbaycan, Gürcüstan və
türklər yaşayan başqa ərazilərdə
üsyanlar etmiş, soyqırımlar törətmiş, ən
vəhşi üsullarla insanlığa yaraşmayan hərəkətlər
etmişlər.
Bütün
tarixi mərhələlərdə həmin ideyanı həyata
keçirmək üçün ermənilər hər
cür vasitələrdən, ən iyrənc üsullardan, qətl
və terrordan, yaranmış ictimai-siyasi vəziyyətlərdən
istifadə etməyə çalışmışlar. Ermənilər
"böyük Ermənistan" yaratmaq xülyası ilə
artıq neçə əsrdir ki, yaşayırlar. Onlar öz
havadarları ilə birlikdə XX əsrin əvvəllərində,
yəni 1905-1907-ci illərdə əvvəlcə Bakıda,
sonra isə Azərbaycanın, eləcə də Qafqazın
digər regionlarında azərbaycanlıların
soyqırımını həyata keçirmişlər.
Azərbaycanın
görkəmli yazıçısı Məmməd Səid
Ordubadi "Qanlı illər" və Mir Möhsün Nəvvab
"1905-1906-cı illərdə erməni-müsəlman davası"
kitablarında azərbaycanlılara qarşı həyata
keçirilən soyqırımı ətraflı qələmə
almışlar. Həmin kitablarda bəhs olunan hadisələr
o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri
və məktublar əsasında hazırlanıb. Məmməd
Səid Ordubadi həmin əsərində yazırdı:
"Süni və çoxdan bəri hər iki millətin
zatına qondarılmış ixtişaş bombası
partladıldı və bütün Qafqaz aləmi bu
bombanın təsiri şiddətindən
yanıb-yaxıldı. Görəsən, o partlayıcı
maddə həqiqətən bomba imiş? Bəli, bu bomba
fevralın 6-da baş verən Bakı faciəsidir ki,
bütün Qafqaza buradan atəş açıldı".
1905-ci
ilin fevralında Bakıda başlanan erməni-müsəlman
qırğınları bir təsadüf nəticəsində
deyil, məhz bütün Qafqazın varlı ermənilərinin
zaman-zaman toplandıqları bir şəhərdə planlı
şəkildə baş vermişdir. Ermənilər Bakıda
erməni varlılarının köməyi ilə istədiklərinə
nail olacaqlarına, Bakının neft səltənətini əllərinə
keçirəcəklərinə və bundan sonra bütün
Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub
Ermənistan dövləti yaradacaqlarına əmin idilər.
Fevralın 6-dan 10-na qədər Bakıda şiddətlə
davam edən qırğınlar zamanı tələfat
çox olsa da ermənilərin niyyətləri baş
tutmamış və məğlub olmuşlar.
Bakıda
başlanan qırğın may-iyun aylarında Gəncə,
Qarabağ, Şirvan, Zəngəzur, İrəvan,
Şuşa, Cəbrayıl, Cavanşir, Qaryagin və başqa
bölgələri də əhatə etdi.
1905-ci
ilin may ayından başlayaraq Naxçıvan qəzasında
da ermənilərin azərbaycanlılara qarşı
qırğınları başladı. Bu
qırğınları əks etdirən "Qnçaq" qəzeti
özünün 26 may tarixli sayında yazırdı:
"Dünən axşam saat 6-dək biz azərbaycanlılarla
atışdıq. Bizə bunun üçün əlavə
olaraq 166 müxtəlif tüfənglər paylanıldı,
böyük sayda patronlar verildi, biz təmiz vicdanla şəhərimizi
(gör ha! - İ.H.) müdafiə etdik, türkləri layiqincə
qırdıq. Qnçaqçılar 2, daşnaklar isə 1
bombadan da istifadə etdilər. Çoxlu türk evləri qarət
edildi. Bizə silah paylayan adam yenidən silah dalınca
getdi".
Ermənilərin
Naxçıvanda törətdikləri qırğınlar
Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad,
Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa şəhər
və kəndləri əhatə etdi. Kazakların köməyindən
istifadə edən ermənilər 1905-ci ilin noyabrın 26-da
Naxçıvan şəhərindəki müsəlman
bazarını tamam qarət etdikdən sonra od vurmuşlar.
Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və
başqa tikililər yanıb məhv olmuşdur. Noyabr
ayının 30-da Cəhri kəndinin yandırılmasında
da kazaklar ermənilərlə birlikdə hərəkət
etmişdilər. Həmin gün Naxçıvana gəlmiş
İrəvan general-qubernatoru Paskeviç nəinki hadisələrin
təvsilatı ilə maraqlanmamış, əksinə Cəhri
kəndi tamam yanıb qurtarandan sonra, dekabrın 2-də kəndə
yollanmış, naxçıvanlıların haqlı
şikayəti ilə bir daha qarşılaşmamaq
üçün gecə ikən qatarla İrəvana
qayıtmışdı. Həmin ilin may ayında Ordubad qəzasının
Tivi kəndində ermənilərlə azərbaycanlılar
arasında baş vermiş münaqişə ilə əlaqədar
buraya 500-ə yaxın əsgər və zabit göndərilmişdir.
Sənədlərdən aydın olur ki, hərbi hissə kənddəki
müsəlmanlara qarşı zor tətbiq etmiş, onları
yurdlarından qovmuş, adamları öldürmüş, əslində
isə ermənilərə kömək etmişlər.
Təxminən
iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində
Azərbaycan şəhərlərinə böyük zərər
dəymiş, 300-dən çox müsəlman kəndi
dağıdılmış, müxtəlif məlumatlara
görə, ölənlərin sayı 80-100 min nəfərə
çatmışdı. İki ilin hadisələri Azərbaycan
tarixində ermənilər tərəfindən sonralar silsilə
halını almış, xalqımıza qarşı
soyqırımın ilk mütəşəkkil mərhələsi
olmuşdur.
Ötən
əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara
qarşı törətdikləri 1918-ci il soyqırımı
daha geniş miqyas almış və amansız olmuşdur.
Özlərini dünya ictimaiyyətinə "yazıq millət",
"əzabkeş xalq" kimi qələmə verərək
azərbaycanlılara qarşı kini, vəhşiliyi,
soyqırımı Bakıda, Qubada, Şamaxıda, Lənkəranda,
Salyanda, Göyçayda və başqa yerlərdə
bolşevik adı ilə pərdələnmiş
Ş.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası
hökumətinin əli ilə həyata keçirdilər.
Bakı qırğınında Y.Korqanov və Petrovla birlikdə
azərbaycanlı qanına susamış A.Mikoyanın,
Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri
xüsusi fəallıq göstərmişlər. Bakıda erməni
daşnakları dinc əhaliyə üç gün divan
tutmuş, 17 min azərbaycanlını məhv etmiş,
müsəlman məhəllələrini
talayıb-çapmış, "İsmailiyyə"
binasını yandırmış, bir neçə qəzet və
jurnal redaksiyalarını dağıtmışlar.
A.Mikoyanın "Qızıl qvardiyası"nın vəhşiliyi
nəticəsində İçərişəhərdə
yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək
xəstə yandırılmış, qaçanlar isə
güllələnmişdilər.
"Bolşevik" Hamazasp, Əmiryan və digər erməni
millətçiləri azərbaycanlılara qarşı
törətdikləri vəhşilkdə heç də
A.Mikoyandan, S.Şaumyandan geri qalmırdılar.
Bakı
şəhərində soyqırımı bolşevizm
bayrağı altında həyata keçirilirdi. Guya
bolşeviklər hökumətə qarşı
çıxış edən qüvvələrə divan
tuturdular. Əslində isə bolşevik adı ilə pərdələnənlərin
azərbaycanlılara qarşı törətdikləri milli
qırğın idi.
Görkəmli
dövlət xadimi Nəriman Nərimanov ermənilərin
törətdikləri qırğınlardan dəhşətə
gələrək yazırdı: "Müsəlman hətta
bolşevik olsaydı belə ona aman vermirdilər. Daşnaklar
deyirdilər: "Biz heç bir bolşevik
tanımırıq, təkcə elə müsəlman
olmağın kifayətdir. Onlar kefi istədikləri adamı
öldürür, evləri dağıdır, xaraba
qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar
müsəlmanlara qarşı hər cür vəhşiliyə
yol verirdilər. Nəinki kişilərə, hamilə
qadınlara da rəhm etmirdilər".
Silahsız
əhaliyə qarşı çox böyük silahlı
qüvvə ilə çıxış edən bolşevik
daşnakları törətdikləri qırğınlardan həzz
alırdılar. S.Şaumyan bolşevizm bayrağı
altında qırğınlar törətsə də, baş
vermiş qanlı faciələrdən vəcdə gələrək
öz daşnak simasını gizlədə bilməyib
yazırdı: "Şəhərlərimizin milli tərkibi
bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter
alacağından qorxurduq. Biz hətta erməni polkunun
yardımına belə əl atmalı olduq. Biz hətta onun
köməyindən imtina etməyi mümkün hesab etmədik.
Qələbə isə o qədər böyükdür ki, bu
gerçəkliyə az kədər gətirir".
Ermənilər
Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində
- Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda,
azərbaycanlılar yaşayan başqa bölgələrdə tarixdə görünməmiş qəddarlıq
etmiş, azərbaycanlılara divan tutmuşlar. 1918-1920-ci illərdə
azərbaycanlılara qarşı soyqırımı həm miqyası
etibarı ilə, həm də vəhşiliyi ilə heyrət
doğurur. Azərbaycanlıların yaşadıqları elə
ərazi yox idi ki, orada erməni vəhşiliyi
özünü göstərməsin.
Erməni
quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib,
1918-ci ilin yazında Şamaxıda, Quba-Xaçmaz bölgələrində,
Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı
törətdilər.
Şamaxıda
qırğın törətmək üçün 1918-ci
ilin əvvəllərində oraya 2 min nəfər erməni və
65 araba silah göndərilmiş, ermənilər tam
silahlandırılmışdılar. Lalayan və Əmiryanın
başçılıq etdikləri erməni quldurları 15
minlik əhalisi olan Şamaxı şəhərini və qəzanın
58 kəndini dağıtmış, 12 mindən artıq
soydaşımızı qətlə yetirmişlər. Quba qəzasında
ermənilərin apardıqları soyqırıma millətçi
"Daşnaksütyun" partiyası rəhbərlik edirdi. Hələ
mart hadisələrindən qabaq S.Şaumyanın göstərişilə
Hamazaspın dəstəsi cəza məqsədilə Quba
şəhərinə göndərilmişdi.
Quba
bölgəsində 122 müsəlman kəndi
dağıdıldı, evləri yandırıldı, 10 mindən
çox əhali vəhşicəsinə qətlə
yetirildi. Son illərdə Quba şəhərində
böyük insan kütləsinin vəhşi yollarla
öldürülmüş məzarlığı aşkar
olunmuşdur. Şəhərdə 165 ev və tikili
yandırılmış, 32,8 milyon manat nağd pul,
qızıl, daş-qaş ermənilər tərəfindən
qarət edilmişdir.
Quba-Xaçmaz
bölgəsində Hamazaspın quldur dəstəsi 8,5 milyon
rubl qızıl pul və 25 milyon rubl məbləğində
müxtəlif mallar qarət etmişdi. Əhaliyə 100 milyon
rubl maddi zərər dəymişdi.
Gəncə
quberniyası üzrə mart soyqırımı zamanı 115 kənd
dağıdılmış, bu kəndlərdə
kişili-qadınlı 10.066 nəfər azərbaycanlı
öldürülmüş və şikəst olmuşdu.
1918-ci
ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və
Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə
yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından
qovmuşlar.
1918-1920-ci
illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə
quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda
115, Qarabağda 157, Qars əyalətində 92, Iğdır və
Eçmiədzin qəzalarında 60, Göyçə
quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə
84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə
74 kəndi yerlə-yeksan etmiş, yandırmış və əhalisinin
çoxunu qırmışlar. Daşnaklar həmin illərdə
Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba
yurdlarında yaşayan 565 min azərbaycanlını məhv
etmişdilər. Andranik Ozanyan Qarabağ, Şuşa, Zəngəzur,
Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlıları
kütləvi surətdə qırmış, qılıncdan
keçirmişdi.
Bu
illərdə Azərbaycandan ayrı düşmüş
Naxçıvan bölgəsinə yiyələnmək
xülyasına düşən daşnaklar yerli əhaliyə
qarşı vəhşiliklər törədir, onları
öldürür və bu ərazini azərbaycanlılardan
boşaltmağa çalışırdılar. 1918-ci ildə
Naxçıvanda ən dəhşətli vəhşiliklər
törədənlər içərisində "tayqulaq erməni
daşnak generalı" Andranik Ozanyan xüsusi yer tutur.
Çünki bu qaniçən cəllad təkcə
Gilançay və Əlincəçay hövzələrində
80-dən artıq kəndi viran qoymuş. əhalisini isə
amansızlıqla qətlə yetirmişdir. Onun sərkərdələrindən
olan Nijde Ərəzin, Camaldın, Yaycı, Ordubad rayonunun
Aşağı Aza, Sabir Dizə, Düylün, Vənənd,
Dəstə, Kotam kəndlərini dağıdıb, əhaliyə
divan tutmuşdur.
Həmin
dövrdə Naxçıvanda yaranmış Müsəlman
Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır
Əliyev hadisələrin, erməni vəhşiliklərinin
bilavasitə şahidi olmuş və onları qələmə
almışdır. Aydın olur ki, Azərbaycanın bu qədim
guşəsi və onun sakinləri də başqa
torpaqlarımız kimi erməni millətçilərinin
düşmən siyasətinin hədəfinə
çevrilmişdir. Ərzurumda nəşr olunan "Kaf
dağı" adlı qəzeti Türkiyə qaynaqlarına əsaslanaraq
məlumat vermişdir ki, 1918-1921-ci illərdə
Naxçıvan bölgəsində ermənilər tərəfindən
73.727 nəfər azərbaycanlı ən vəhşi üsullarla
öldürülmüşdür. Təsadüfi deyildir ki,
1921-ci ildə Naxçıvan bölgəsinin əhalisinin
sayı azalaraq 72 minə enmişdi.
Ümumiyyətlə,
araşdırmalar nəticəsində sübut olunmuşdur
ki, erməni hərbi birləşmələri 1914-1916-cı
illərdə Azərbaycanın cənubunda 150 min, Şərqi
Anadoluda, tarixən həmişə Azərbaycan türklərinin
yaşadıqları bölgədə 200 min, 1918-1920-ci illərdə
Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlını
vəhşicəsinə qətlə yetirmişlər.
Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri işləmiş N.Solovyov V.İ.Leninə "Çevrilişdən sonrakı iki ayda (may-iyun) Azərbaycanda bizim siyasətimiz" adlı hesabatında yazırdı: "Çevrilişə qədər hətta ziyalılar içərisində Sovet hakimiyyətinə müəyyən rəğbət var idi. Azərbaycan İnqilab Komitəsinin tərkibi azərbaycanlılardan seçilsə də, heç kimə sirr deyildir ki, onun üzərində partiyanın hegemonluğu vardır. Partiya rəhbərliyində isə ermənilər, gürcülər çoxluq təşkil edir. Onlar azərbaycanlıları, xüsusilə ziyalıları sağda-solda güllələyirdilər. Sanki onların apardıqları siyasət Azərbaycanı başsız qoymağa doğru istiqamətləndirilib. Küçələrdən kütləvi surətdə həbs olunaraq aparılan azərbaycanlılara qarşı ermənilərin istehzalı gülüşləri musavatçıların əvvəlcədən söylədikləri belə bir fikri təsdiqləyir ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi ümumiləşən fəlakətdir". O, daha sonra yazırdı ki, "Ermənistan Respublikası yaranarkən onun hüdudlarında 250 müsəlman kəndi var idi, onlar hamısı məhv edilmişdir, indi orada bir nəfər də müsəlman yoxdur".
Göründüyü kimi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişlər. Bu dövrdə, 20-30-cu illərdə, eləcə də müharibədən sonrakı dövrdə ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, xalq düşməni adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalıların məhv edilməsində, əsassız repressiyaların günahsız insanlara qarşı tətbiq olunmasında çox böyük rol oynamışdır. Azərbaycan millətinin qatı düşmənləri tərəfindən onun ən yaxşı övladlarının siyasi qərəzçiliklə məhv edilməsi belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı rayon bölməsinin başında ermənilər dururdular. Astara dairəsində Arakelov, Astraxanbazarda Comardyan, Zəngilanda Zərdəryan, Samuxda Petrosyan, Masallıda Avenesov, Lənkəranda Movsesyan, Tovatov, Naxçıvanda Akopyan, Ağacanyan, Ceyranov, Zakyan, Parşeqov, İonesyan, Şıxanyan, Bakıda isə cəza orqanlarının mərkəzi aparatında Sumbatov-Topuridze, Markaryan, Koqan, Silman, Borşov, Yemelyanov, Mailyan və başqaları başçılıq edirdilər. Bütün bunlar etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi sonrakı illərdə də davam etdirilib.
Rəsmi məlumatlara görə, 1937-ci ildə Azərbaycanda 100 min nəfərdən artıq adam mərhələlərlə sürgün edilmiş, 3 min kəndli məhv edilmiş, "xalq düşməni" kimi 29 min nəfər güllələnmiş və ya Sibirə sürgün edilmişdi. Hüquq-mühafizə orqanları sistemində ermənilərin çoxluq təşkil etməsi onların azərbaycanlılara qarşı daha dəhşətli formada cəza tədbirlərini həyata keçirməsinə imkan verirdi.
Müharibə illərində A.Mikoyan və digər ermənilər Stalini azərbaycanlıların guya xəyanət edə biləcəklərinə inandıra bilmiş və 1942-ci ilin dekabrın 7-də Azərbaycan əhalisinin hamılıqla Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar verilməsinə nail olmuşdular. Lakin respublika rəhbərliyinin göstərdiyi səylər Stalini fikrindən daşındırmış, cinayətin həyata keçirilməsinə imkan verməmişdir.
Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1948-1953-cü illərdə 144654 nəfər, 1988-1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdundan zorla çıxarılmış və 229 nəfər azərbaycanlı isə vəhşicəsinə qətlə yetirilmişdir.
Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağdakı 80 yaşayış məntəqəsindən 60 min azərbaycanlı doğma ocaqlarından didərgin salınmış, işğal olunmuş 7 rayondan 700 min azərbaycanlı ev-eşiyini tərk edib respublikanın 58 rayon və yaşayış məntəqələrində məskunlaşmışdır. Hərbi əməliyyatlar nəticəsində respublikamızın 10 şəhəri, 876 kənd, 700 ictimai bina, 693 məktəb, 862 mədəniyyət sarayı və klub, 652 tibb məntəqəsi, o cümlədən 191 xəstəxana, 160 körpü, 800 kilometr avtomobil yolu, 15 kilometr elektrik xətti dağıdılmış, 30 mindən artıq soydaşımız qətlə yetirilmiş, 52 milyard ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdur.
Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilikdir. Erməni vəhşiləri 613 nəfəri xüsusi qəddarlıqla öldürmüş, 1275 nəfər əsir düşmüş , 7 ailə büsbütün məhv edilmiş, 230 ailə öz başçısını itirmişdir. Bu qanlı qırğın zamanı qətlə yetirilənlərin 109 nəfəri 2 yaşına qədər olan uşaqlar idi.
Hiylə, məkr, xəyanət, terror vasitələri ilə silahlanmış erməni cəlladları ən görkəmli dövlət və siyasi xadimlərimizə, elm və mədəniyyət nümayəndələrimizə qarşı açıq və gizli şəkildə təxribatlar törətmiş, bir qisminin həyatdan getməsinə səbəb olmuşlar.
Yaradılanda 10 min kv km əraziyə malik olmayan Ermənistan Respublikasının Azərbaycan torpaqlarını işğal etməsi hesabına ərazisini 30 min kv km-ə çatdırmış, bununla da ərazi iştahası azalmamış, "böyük Ermənistan" yaratmaq üçün bu gün də hər cür hiylə və vasitələrə əl atır.
Göründüyü kimi, iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuş, etnik təmizləmə aparmış, ərazilərimizin bir hissəsini işğal etmiş və bu gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməmişlər. Nəticədə, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.
"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti, nəticələri və ibrət dərslərindən bəhs edilmişdir. Həmin fərmanda xalqımıza qarşı yönəlmiş soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılması göstərilmişdir.
Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı müxtəlif mərhələlərdə törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək bizim mühüm vəzifəmiz olmalıdır.
İsmayıl HACIYEV,
AMEA
Naxçıvan bölməsinin
sədri, akademik
Azərbaycan.- 2012.- 31 mart.- S. 6.