Dünya bu həqiqətə
inanacaqdır
31 mart Azərbaycanlıların
soyqırımı günüdür
Erməni şovinist millətçilərinin
və terrorçularının xalqımıza qarşı
apardığı soyqırımı siyasətinin 200 ildən
artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları
tarixi torpaqlarından qovmaq, xalqımızı məhv etmək,
Cənubi Qafqazda "böyük Ermənistan" dövləti
yaratmaqdır. Və bu siyasət tarixin müxtəlif mərhələlərində
dünya dövlətlərinin bir çoxunun planlarına
uyğun gəldiyindən daima ermənilərə
havadarlıq etmişlər, bu siyasəti reallaşdırmaq
üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati
xarakterli tədbirlər həyata keçirmişlər. Məhz
onların dəstəyi ilə erməni terrorçu təşkilatları
şəbəkəsi yaradılmışdır. Tariximiz kobud
şəkildə təhrif olunmuş, düşmən
tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət
abidələrimizi öz adlarına çıxmaq
üçün hər bir saxtakarlığa və şərəfsizliyə
əl atmışlar. Maddi və mənəvi mədəniyyət
abidələrimiz vandallıqla
dağıdılmışdır. Millətimizə
qarşı bu cür qaniçən siyasət onillər,
yüzillər boyu soyqırımlarla, ideoloji təcavüzlə,
terrorla, tammiqyaslı hərbi əməliyyatlarla müşayiət
olunmuşdur.
Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra ermənilərin kütləvi şəkildə torpaqlarımızda məskunlaşdırılması siyasətinə başlanıldı. Köçürmə siyasətinin başında çar Rusiyası dayanırdı. 1721-ci ildə İsveçlə çar Rusiyası arasında sülh müqaviləsi imzalandıqdan sonra yaranmış vəziyyətdən arxayınlaşan I Pyotr Qafqaza yürüşə çıxdı. İki il ərzində Azərbaycanın Xəzəryanı bölgələrini və paytaxt Bakını işğal etdi.
Burada daha çox türk mənşəli müsəlman əhalisinin yaşadığını və onların işğala müqavimətini görən imperator "erməni kartı"nı işə salır. Necə etsin ki, neft və milyonlar səltənətinə müsəlman türklər deyil, ermənilər və ruslar sahib olsun. Bundan sonra Pyotr erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməyə başlayır, müxtəlif planlar cızır. Birinci sərəncamla ermənilər Bakıda və Dərbənddə yerləşdirilir. Tapşırığa əsasən onların işi təkcə məskunlaşmaq deyil, burada tez-tez təxribatlar törətmək, müsəlmanları qırmaq, osmanlılarla onların arasına nifaq salmaqdır. I Pyotr ölümünə qısa vaxt qalmış bu siyasəti davam etdirməyi özündən sonra gələnlərə vəsiyyət edir.
1768-ci ildə II Yekaterina babasının vəsiyyətinə əməl edərək imperiyanın ermənilərə məxsus hamiliyi barədə fərman imzalayır, onlara geniş imtiyazlar verir. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərir: "Ermənilərdən nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunsun". 1813-cü və 1828-ci illərdə İran ilə Rusiya arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra bu hamiliyin miqyası daha da genişləndi və hüquqi qüvvə alır. Belə ki, müqavilədən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində "erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "erməni əyaləti"nin tərkibinə daxil edilir. Ardınca da Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Həmin ərazilərdə yaşayan azərbaycanlılar isə öz yurd-yuvalarından faciəli şəkildə çıxarılır. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan edirlər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz əksini tapıb.
Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz məqsədlərini bolşevizm bayrağı altında həyata keçirməyə başladılar. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Leninin silahdaşı və yaxın dostu S.Şaumyanı Qafqaza fövqəladə komissar təyin edib Bakıya göndərir. Qurulmuş plan və məqsəd bəlli idi. Yaradılan Bakı Kommunası "əksinqilabi elementlər"lə mübarizə pərdəsi altında Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. A.Mikoyanın rəhbərliyi altında təşkil olunan "Qırmızı Qvardiya" adlı 10-12 minlik ordunun 70 faizi ermənilərdən ibarət idi. Onlar bolşeviklərlə birləşərək guya antisovet qiyamı yatırmaq adı altında mübarizə aparırlar.
1918-ci il martın 30-da Bakıda - erməni kilsəsinin ətrafında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açır. 31-i səhər tezdən isə azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa yaşayış məntəqələrinə hücum edirlər. Havadan təyyarələr, yerdən isə mərmilər bir göz qırpımında bu kəndləri bombardman edirlər. Daşnaklar rusları inandırırlar ki, guya İçərişəhərdə müsəlmanlar erməniləri qırıb. Rus matroslar bu məlumatın yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, alova bürünmüş qala şəhərdə ölənlərin sayı-hesabı yox idi, küçələrdən qan su kimi axırdı, cəsədlər küçənin ortasına tökülmüşdü. Daşnaklar heç kimə rəhm etmir, qarşılarına çıxan hər kəsi türk deyə anındaca qətlə yetirirdilər. Tarixi binaları yandırmış, "Kaspi", "Açıq söz" və "Baku" qəzetlərinin redaksiyalarına od vurmuşdular. Arxiv materiallarında bildirilir ki, qadınlar daha amansızlıqla qətlə yetirilmişdilər. İçərişəhərdən orqanları bir neçə yerə bölünmüş 37 qadın meyiti tapılmışdı. Çar Rusiyası daşnakların Azərbaycanda soyqırımı törətməsi üçün bütün imkanları yaratmış, onları hər cür silah-sursatla təmin etmişdi. Mənbələr göstərir ki, qırğından bir neçə gün sonra tək bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, bədənləri doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi qocalara da rəhm etmirdilər.
Martın 30-dan aprelin 2-dək baş verən qırğınlarda xalqımızın qatı düşməni S.Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda minlərlə insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını yandırmışdılar. Bakı əhalisinin 400 milyonluq əmlakı müsadirə olunmuşdu. Şəhərin ən möhtəşəm məscidi olan Təzəpir məscidi top atəşinə tutulmuşdu. Mənbələr göstərir ki, üç gün davam edən qırğınlar nəticəsində təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilmişdi. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, meyitləri eybəcər vəziyyətə salınmışdır".
Bakı qırğınından sonra terror dəstələri Şamaxıya, Qubaya, Muğana və Lənkərana hücum etdilər. Tamamilə köməksiz, silah-sursatsız insanlar gülləbaran edildi. Körpələr, qocalar, qadınlar evində, suya gedən yolda, məsciddə, əkin sahələrində bir neçə günün içərisində qanlarına qəltan edildilər. Qaçıb məsciddə gizlənən qubalı qadınların və uşaqların faciəsi daha ağır olmuşdur. Lalayın və Amazaspın quldur dəstələri onları məscidə doldurub yandırmışdılar.
1918-1920-ci illərdə tərtib olunmuş mənbələrdə yazılır: Kütləvi repressiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş, yurddışı edilmişdi.
1998-ci ildən başlayaraq hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək soyqırımı qurbanlarının xatirəsi qarşısında hər birimizin müqəddəs borcu olmalıdır. Çünki dünya əsl soyqırımı haqqında doğru tarixi və həqiqətləri bilməli, zaman-zaman baş verən hadisələrin kökü və mahiyyəti açılmalıdır.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2012.- 31
mart.- S. 7.