1918-ci il mart qırğınları Lənkərandan da yan ötməmişdir

 

31 mart Azərbaycanlıların soyqırımı günüdür

 

 1918-ci il mart qırğını XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu faciə Lənkərandan da yan keçməmişdir. 1917-ci il oktyabr çevrilişindən sonra Rusiya imperiyasının tərkibində olan milli ucqarlarda hərc-mərclik başlanmışdı. Bu işi Qafqazda ermənilər və onların havadarları həyata keçirirdilər. Ermənipərəst Şıvkunovun quldur dəstəsi həmin illərdə Lənkəranda və ətraf yaşayış məntəqələrində meydan oxuyurdular. Mir Əhməd xanın evini ələ keçirən Şıvkunov oranı özünə qərargah etmiş, ətrafına Çepayev, Somsonov kimi ermənipərəst qüvvələr yığmış, Sütəmurdov kəndini qaçaq-quldurlardan qorumaq bəhanəsi ilə atəş altında saxlayırdı. Bundan narahat olan ağsaqqallar Şıvkunovun yanına gedib atəşi dayandırmağı xahiş edir və bildirirlər ki, qaçaq-quldurlar kənddən çıxıblar. Şıvkunov ağsaqqalları girov saxlayıb, üç əsgəri kəşfiyyata göndərir. Onlar yolda qaçaqlarla üz-üzə gəlirlər. Atışma zamanı Şıvkunovun iki əsgəri öldürülür, biri qaçıb hadisə haqqında məlumat verir. İki əsgərinin öldürülməsindən hiddətlənən Şıvkunov Sütəmurdov ağsaqqallarının əl-qollarını bağlatdırır və boyunlarını vurdurur.

Lənkəranda o illərdə belə qanlı hadisələr çox olub. Xüsusilə, 1918-ci ilin mart ayında. Tarix sübut edib ki, ermənilərin Lənkəran qəzasında müsəlman əhalisinə etdikləri vəhşiliklər görünməmiş şəkil almış, dinc əhaliyə amansız divan tutulmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Firudin Cümşüdlü yazır: "Bu hadisələrin törədilməsi zamanı ermənilər şantaj və təxribat metoduna da əl atdılar. Mart qırğınına başlamaq üçün ermənilər şayiə yaydılar ki, Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfi güllə yarasından həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri guya Lənkəran ruslarına (malakanlara) hücum edib onları qıracaqlar".

S.Şaumyanın əmri ilə 1918-ci il mart ayının 14-də Salyan, Hacıqabul, Muğan və Lənkəran bölgələrinə silahlı bolşevik dəstələri yeridildi. Onun tərkibində isə erməni daşnakları çoxluq təşkil edirdilər. Tədqiqatçı-alimlər professor Xaqani Məmmədov və professor Nuru Məmmədov yazırlar ki, toqquşmanı başlamaq üçün bu ərəfədə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi bəhanə oldu. Dəfndən sonra zabitlər həmin gəmi ilə geri qayıtmalı idilər. Erməni daşnakları fitnəkarlıqla əsgər və matroslar, eser və menşevik partiyaları, rus milli şurası arasında şayiə yayırdılar ki, "Evelina"dakı zabitlər guya ki, Muğandakı malakan kəndlərini dağıtmaq üçün xüsusi göstəriş alıblar.

Tədqiqatlardan məlum olur ki, 1918-ci il soyqırımı dövründə Lənkəran və qonşu rayonlarda 40-dək kənd yandırılıb, yüzlərlə günahsız insan qətlə yetirilib, neçə-neçə ev yandırılıb, talan edilib, iqtisadiyyata külli miqdarda ziyan vurulub. Erməni daşnakları evlərə girib bəzən bütün ailəni məhv edirdilər. Hamilə qadınlara, uşaqlara, qocalara belə rəhm edilmirdi. Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan faciənin qurbanı olub.

Dövrünün tanınmış şəxsiyyətlərindən olan Mirmurtuza Talışlının şəxsi arxivində 1918-ci ildə ərəb əlifbası ilə çıxmış bir qəzet vardı. Qəzet Mirmurtuza Talışlıya atası Hacı Mirmustafa Axunddan yadigar qalmışdı. Qəzet ermənilərin Qars şəhərində törətdikləri qanlı faciəyə həsr edilib. Bakılı şair Mizə Səlim Səyyahın qələmə aldığı bir şeiri də həyəcansız oxumaq mümkün deyil. Vaxtilə bu qəzet imkanlılara paylanıb, ondan əldə edilmiş ianə Qarsdan didərgin düşənlərə verilib. Qəzetdə kimin nə qədər ianə verdiyi göstərilib. Mirmurtuza müəllim deyərdi ki, atam Hacı Mirmustafa Axund qəzeti oxuyandan sonra gözünü silib və bir qızıl onluq yardım edib.

Mirmurtuza Talışlı nəql edərdi ki, 1918-ci ildə şəhər camaatı Osakücə meşələrinə çəkilərək sığınacaq tapmışdı. Ara sakitləşəndən sonra ev-eşiyimizə qayıtdıq. Şəhərdə görünməmiş faciə olmuşdu. Binalar top, mərmi gülləsindən dağılmış, bir çox evlər qarət, talan edilmişdi.

 

Mirmurtuza Talışlının ömür-gün yoldaşı Humra xanımın dediklərindən:

- Atam Lerikin Halabın kəndindən idi. Sütəmurdov kəndində yer alıb ev tikmişdi. Əkin-biçinlə məşğul olub ailəsini dolandırırdı. 1918-ci ilin yaz günlərinin birində şəhərə getmiş, orada baş verən atışmada həlak olmuşdu. Atamla birgə həmin gün kəndə daha bir neçə meyit gətirildi.

Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi, pedaqoji məktəbin ilk direktoru olmuş Teymur Şahverdiyev deyirdi ki, 1918-ci ilin mart ayı idi. "Kolaz"da Sütəmurdova gedirdim. Çaya çatanda gördüm ki, su qırmızıya çalır. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı. Papaqlarından müəyyən etdim ki, öldürülənlər dağ adamlarıdır. Çünki belə papaqlardan dağ tərəfində yaşayanlar qoyardılar.

O illərin şahidi müəllim Əbülqasım Qasımov bir dəfə belə bir əhvalat danışdı:

- Heyva gül açan vaxtlar idi. Şıvkunovun quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi. Hərbi paraxoddan şəhər top atəşinə tutulmuşdu. Lənkərana ticarət işinə gedən Məşədi Qasım, Məşədi Şirəli, Kərbəlayı Nurulla və Hacı Axund qırğını görüb geri qayıtmışdılar. Atılan mərmi məscidin bir tərəfini qoparmış, Abuzər Ağababa oğlu uşağı ilə gülləyə tuş gəlib həlak olmuş, Kərbəlayı Səfərəli Cabbar oğlunu buğda və düyü tayaları üstündə vurmuş, evini yandırmışdılar. Köməyə gələn Kərbəlayı Güləliyə də aman verilməmiş, amansızcasına qətlə yetirilmişdi. Dərzi Musanın evinin ətrafında isə 8 nəfəri güllə ilə vurmuşdular. Uşaqlara, qadınlara belə rəhm edilməmişdi. Qaynar samovarı adamların belinə bağlayır, yeriməyə məcbur edirdilər. İki gün ərzində Gərmətükdə 7 nəfər öldürülmüşdü.

Mirzə Nüsrət Molla Heydər oğlu Əsədullayevin dediklərindən:

- Erməni daşnakları Xəzər donanmasındakı rus matroslarını da qırğına cəlb etmişdilər. Kəndimiz və digər yaşayış məntəqələri dəniz tərəfindən "Aleksandr Jander" deyilən gəmidən top atəşinə tutulmuşdu. Ağsaqqallar Hacı Ağabalaya deyirlər ki, sən rus dilini bilirsən, get onlarla danış, gör nə istəyirlər.

Hacı Ağabala parçanı qaldırır, qayıq göndərib onu gəmiyə gətirirlər. Şıvkunov da onların arasında olur. Hacı Ağabala gəlişinin məqsədini açıqlayıb soruşur ki, düşməniniz kimdir, tutub sizə verək, camaatı qırğına verməyin. Cavabları bu olur  ki, camaatın hamısı bizim ümumi düşmənimizdir.

Tədqiqatçı-müəllim Musarza Mirzəyev yazır ki, dağlı qaçaqlardan biri qəbiristanlıqdan Gərmətük kəndinin yaxınlığında olan çayın sahilində dayanmış denikinçi əsgərlərə atəş açır, əsgərlərdən biri ölür. Qəzəblənmiş denikinçilər bunun gərmətüklülər tərəfindən edildiyini güman edərək kəndi top atəşinə tuturlar.

Tarix müəllimi Əlibala Nurullayev danışır ki, denikinçi rus və erməni əsgərləri kənddə axtarış apararkən Lələyev Balağa İsmayıl oğlunun evində gizlənmiş 7 nəfər cavanı yerindəcə güllələyir, onun həyat yoldaşı ərinə tərəf qaçarkən qadını da vəhşicəsinə öldürürlər.

Şıvkunov el arasında hörməti, nüfuzu olanları aradan götürməkdən həzz alırdı. İstefada olan qvardiya polkovniki Mirməhəmmədrza xan (Miri bəy) Mirfərəculla bəy oğlu Talışxanovu təkcə Veravul kəndində deyil, ətraf yaşayış məntəqələrində də yaxşı tanıyırdılar. Təqaüddə olan müəllim Vaqif Cavadov nənəsi Miri bəyin qızı Mirşərəf xanımın söylədiklərinə əsaslanaraq danışardı:

- Nənəm deyərdi ki, yay günü həyətimizə bir əsgər girdi. Həyəcanlı idi, atama dedi ki, Şıvkunov səni öldürəcək, aradan çıxmaq lazımdır. Atam adam göndərib Mirmusa xanı çağırtdırdı. Mirmusa gələn kimi ona dedi ki, uşaqları da götür dəmirağac meşəsində gizlən. Şıvkunovun əsgərləri meşəyə girməyə qorxurlar.

Mirmusa xan dedi ki, onsuz getməyəcəklər.

- Şıvkunov harada olsam məni tapacaq. Siz aradan çıxın, mənə görə başqaları əziyyət çəkməsin. Həyatımın çoxunu yaşamışam.

Danışırlar ki, yaraqlı bir dəstə atlı həyət qapısında görünəndə Miri bəy "Quran" oxuyurmuş. Çox keçmədən alov kəndin üstünü alır. Miri bəy son nəfəsinədək Şıvkunovu sülhə, ədalətə, Allahın qəzəbindən qorxmağa çağırıbmış. Şıvkunov isə Miri bəyin sözlərini qulaq ardına vuraraq, onu amansızcasına qətlə yetirmişdir.

Başından dəyən güllədən Miri bəy otağın ortasında "Quran"ın üstünə yıxılmışdı. Alnında qılınc yarası da vardı.

Denikinçi rus və erməni əsgərlərinin qərargahı qəzanın Şıxəkəran kəndində Sadıq Əvəz oğlunun evində yerləşirdi. Mamusta kənd sakini Şahmirzə Cəfərov o illərin canlı şahididir. Onun dediklərindən: "Rus denikinçi əsgərlərindən ikisi kəşfiyyata çıxmışdı. Qaçaqlar onlardan birini öldürmüş, birini yaralamışdılar. Bundan qəzəblənən denikinçi və erməni əsgərləri kəndimizə girib talançılığa başladılar. Çoxumuz Mamusta ilə Xolmili arasındakı meşəyə çəkildik. Atam Bəhram Cəfər oğlu bu faciənin qurbanı oldu. Onun qulağını kəsib, gözünü çıxartdıqdan sonra yandırmışdılar".

 Kəndin tarixinə yaxşı bələd olan və dünyaya bu kənddə göz açmış müharibə veteranı, kəndin ilk ali təhsilli müəllimi Şükür Şükürov:

- Çoxdanın söhbətidir, onda hələ İkinci Dünya müharibəsi başlamamışdı, kənddəki məktəbdə oxuyurdum. Bir dəfə o illərin hadisələri ilə bağlı Cavahir Abdullayevanı sorğu-suala tutanda ağlamağa başladı. Anam mənə acıqlandı. Demə, silahlı əsgərlər kənddə axtarış apararkən Qurbanovların evinin yanında Cavahiri yaxalayırlar. Nəhmət kişinin oğlanları Məmmədhəsən, Məmmədhüseyn, həmçinin Bəhram Cəfərov, Mənsim Əliyev, İsaq Cəfərov, Hacıəli Əliyev və daha bir neçə nəfər qızın köməyinə gəlir və onu qaçırdırlar. Cavahir xəndək içi ilə kəndin şərq tərəfinə - Qoçasələ meşəliyinə tərəf üz tutur. Denikinçi rus və erməni əsgərləri - cavanları Paşa Mikayıl oğlunun dərz-çəltik komasına salaraq yandırırlar. Əbülhəsən Əkbər oğlu Hümmətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə evinə gələrkən onu qanına qəltan görür. Ağagül Əlihəsən oğlu və daha bir neçə mamustalı da bu faciənin qurbanı olur. Bundan sonra kəndə od vurub yandırırlar.

Müəllim İman Əliyev də o illəri yaxşı xatırlayır: "Şıvkunovun quldur dəstələri qəzanın hər yerində qanlı cinayətlər törətmişlər. Onlar adamları, nüfuzlu şəxsləri aradan götürməklə kifayətlənmir, var-dövlətlərini aparır və evlərə od vururdular. Lənkəranın bir çox kəndlərində olduğu kimi, şəhərin özündə də qanlı qırğınlar olmuşdur. Mayakın ətrafında yüzlərlə adam öldürülmüşdür. İtlər onların cəmdəyini torpaqdan çıxartmışdı. Müsəlman qaydası ilə onları basdırdılar".

Dəhşətli faciələr Nuru Paşanın rəhbərlik etdiyi Qafqaza İslam Ordusu Azərbaycana gələn günədək davam etmişdir. Lənkəran qəzasına gələn dəstəyə isə Camal Paşa rəhbərlik edirdi.

Qəzanın dağlıq-meşə hissəsi ilə Astaraya gələn türk sərkərdəsi Camal Paşa silahsız camaatın köməyinə çatdı. Onun qərargahı Lənkəran şəhərinin 4 kilometrliyində olan Gərmətük kəndində Güləli Cabbar oğlunun evində yerləşirdi.

Tədqiqatçılar türk qoşunu Lənkərana gəlməmişdən əvvəl orada "Müəllim və müəllimlərin türklərlə birliyi haqqında ittifaq"ın yaradılmasını xəbər verirlər. Onun üzvləri qəzada müxtəlif tədbirlər keçirmiş, toplanmış vəsait fonda köçürülmüşdür. 1919-cu il aprel ayının 4-də türklərin şərəfinə verilən konsertdə 100 min manat toplanması haqqında məlumat da vardır.

Məlumdur ki, 1917-1920-ci illərdə Lənkəran qəzasında ictimai-siyasi vəziyyət daha da gərginləşmiş, tez-tez hakimiyyət dəyişiklikləri baş vermişdir. 1918-ci ilin aprel ayının 19-da Lənkəranda hakimiyyəti ələ keçirən bolşeviklər denikinçilərin təzyiqinə davam gətirməmiş, həmin ilin avqust ayında məğlub olmuşlar.

Həmin dövrdə ingilislərin dayağı, milliyyətcə erməni olan polkovnik Avetisov və Makarovun qoşun hissələri Lənkəranda meydan sulayırdılar. Onlar general Tomsonun adamları idilər. Tarix elmləri doktoru Firudin Əsədovun araşdırmalarında Makarovun 5 min nəfərlik birləşmiş qoşunla 1918-ci ilin dekabrında Lənkərana daxil olması bildirilir.

Lənkəran ziyalıları faciənin qarşısını almağa cəhdlər göstərirdilər. Yadellilərin  vəhşiliyindən cana gəlmiş camaat dövrün tanınmış ziyalılarından olan Teymur bəy Bayraməlibəyovu Nuru Paşanın yanına göndərirlər. Lənkəran ziyalıları Nuru Paşaya göndərdikləri məktubda yazırdılar: "Avetisov Lənkəranda ermənilərdən ibarət tərəfdarlar toplamışdır. O, lənkəranlı Əkbər Qəribovun, Xəlil Nəcəfqulu oğlunun evinə basqın edib, evdəki qiymətli şeyləri aparmışdır. Belə biabırçılığa türk oğlu, müsəlman dözə bilməz. Xahiş edirik kömək göstərəsiniz".

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan olunmasına baxmayaraq, 1919-cu il avqustun 12-dək Lənkəran qəzasında öz hakimiyyətini qura bilməmişdi. Köməyə gələn  Camal Paşanın dəstəsində 300-500 nəfərə qədər döyüşçü vardı. O, deyərmiş ki, gavur gülləsi mənə dəyməz. Amma 1920-ci ilin dekabrında bir nəfər Astaranın Kələdəhnə yaxınlığında Camal Paşanı güllə ilə vurur. Camal Paşanın dəfni haqqında müxtəlif fərziyyələr vardır. Yüz yaşlı Murtuza Mirzəyevin dediyinə görə, Camal Paşa Astaranın Pensər kənd məscidinin həyətində basdırılıb. Qocaman müəllim Əbülqasım Qasımov isə danışardı ki, Camal Paşanın cənazəsi Türkiyəyə aparılıb.

O qanlı-qadalı illərdə qadınlar da erməni daşnakları ilə mübarizə aparmış, hünər göstərmişlər. Rayonun Tükəvilə kəndindən Vəsmicahan Məmmədova, Veravul kəndindən Səkinə xanım əllərinə silah götürüb yaşadıqları kəndi quldurlardan qorumuşlar. Tükəvilə kəndindəki özünümüdafiə dəstələrindən birinə Vəsmicahan Məmmədova rəhbərlik etmişdir.

O dövrdə Lənkəranda yaradılmış Fövqəladə İstintaq Komissiyası baş vermiş qanlı faciəni araşdırmağa çalışsa da, sovet hakimiyyəti buna imkan verməmişdir.

 

 

Mirhaşım TALIŞLI,

Lənkəran Dövlət Universitetinin

müəllimi, filologiya elmləri namizədi

 

Etibar ƏHƏDOV,

Lənkəranda çıxan "Aşkarlıq"

qəzetinin baş redaktoru

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 8.