Yaddaşın rəmzi. Quba-1918 filminin təqdimatı olmuşdur

 

Martın 30-da Nizami Kino Mərkəzində "Yaddaş" sənədli filmlər studiyasında istehsal edilmiş "Yaddaşın rəmzi. Quba-1918"  filminin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, arxiv sənədlərinə əsaslanan film 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirir.

Təqdimat mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Almaz Sultanzadə, filmin rejissoru  və operatoru Ələkbər Muradov və ssenari müəllifi Mahir Qəribov çıxış edərək zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən söz açmışlar.

Bildirilmişdir ki, bu ekran əsərinin çəkilişləri Bakı şəhərində, Quba və Şamaxı rayonlarında aparılmışdır. 30 dəqiqəlik sənədli filmdə azərbaycanlıların soyqırımının tarixi kökləri təhlil edilmiş və arxiv sənədləri əsasında ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər bir daha öz əksini tapmışdır. Təqdimatdan sonra filmlə bağlı müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 9.