Ləyaqət hücrəsi sənədli televiziya filminin təqdimatı olmuşdur

 

Martın 30-da xalq yazıçısı, Dövlət mükafatı laureatı, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən "Ləyaqət hücrəsi" sənədli televiziya filmi tanınmış mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, ziyalılara təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, bununla bağlı "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən mərasimdə filmin ssenari müəllifi İlham Rəhimli Azərbaycan ədəbiyyatının və dramaturgiyasının inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açmışdır.

Bildirilmişdir ki, "Aztelefilm" yaradıcılıq birliyinin studiyasında istehsal edilmiş filmin quruluşçu rejissoru Tariyel Vəliyev, operatoru Mətləb Yaqubovdur.

Sonra film nümayiş etdirilmişdir.

Filmdə qüdrətli nasirdramaturq, ömrünün 60 ilini yazıb-yaratmağa sərf etmiş İlyas Əfəndiyevin həyat və yaradıcılığı sənədlərin dili ilə tamaşaçılara təqdim olunur. "Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik...", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" hissələrindən ibarət olan filmdə "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-nin arxiv materiallarından istifadə olunmuşdur. Filmin mətnini Laləzar Mustafayeva və Elşən Rüstəmov oxumuşlar.

Bütövlükdə filmin bir-birindən maraqlı səhnələrindən doğan qayə budur ki, Azərbaycan ədəbiyyatını möhtəşəm bir qalaya bənzətsək, o qalanın ləyaqət hücrəsi İlyas Əfəndiyevə məxsus olacaqdır.

Filmin nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək demişdir ki, bu cür filmlərin yaranması  dövlətimizin başçısının mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısının təzahürüdür.

Ölməz sənətkar İ.Əfəndiyevin əsərlərinin müasirliyindən, müraciət etdiyi mövzuların əbədiliyindən danışan nazir qeyd etmişdir ki, bu əsərlər gələcək nəsillər üçün yaradıcılıq məkanı olacaqdır.

Filmin yaradıcı kollektivini uğurlu işlərinə görə təbrik edən Ə.Qarayev onu da demişdir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qarabağ torpağı düşmən tapdağından azad edilənədək hər il yeni mövsümü İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanmış "Qarabağnamə" tamaşası ilə açacaqdır.

Professor Nizaməddin Şəmsizadə, xalq artisti Amaliya Pənahova ədəbiyyata 1939-cu ildə "Kənddən məktublar" adlı hekayələr kitabı ilə gəlmiş, söz sənətinin  bütün janrlarında qələmini ustalıqla sınamış yazıçının  şəxsiyyəti və yaradıcılığı barədə danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Bildirmişlər ki, İlyas Əfəndiyev milli ədəbiyyatın, estetik fikrin inkişafında əvəzsiz xidmətləri olmuş istedadlı dramaturq kimi şöhrət qazanmışdır. Bununla belə, o, keçən əsrin ortalarından etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdır. İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi "İlyas Əfəndiyev teatrı"nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.

Görkəmli ədibin oğlu, xalq yazıçısı Elçin Əfəndiyev diqqətə çatdırmışdır ki, əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev roman və pyeslərində hakim ideologiyanı heç vaxt tərənnüm etməmiş, yalnız ədəbiyyata və mədəniyyətə  xidmət etmişdir. Buna görə də sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alan sənətkarın əsərləri milyonlarla Azərbaycan oxucusunun və tamaşaçısının məhəbbətini qazanmışdır.

Sonda E.Əfəndiyev "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-nin rəhbərliyinə, filmin yaradıcı kollektivinə və tədbirin iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 9.