"012 Bakı Public Art Festivalı" çərçivəsində
gənc rəssam Rəşad Ələkbərovun "Yaxın
keçmiş" art-layihəsi təqdim
edilmişdir
Martın 30-da Parlament prospektində, 20 nömrəli məktəblə üzbəüz ərazidə Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində gənc rəssam Rəşad Ələkbərovun "Yaxın keçmiş" art-layihəsi təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, art-layihə özlüyündə qədim yunan mifologiyasına görə, haqq-ədalət ilahəsi olan Femida fiqurunun proyeksiyasını (evlərinin birinin divarında) təqdim edir. Əsər hazırda Yasamal adlanan rayonda ötən əsrin əvvəllərində baş vermiş hadisələrlə bağlıdır.
Məsələ burasındadır ki, həmin vaxtlarda bu əraziyə ölkənin digər rayonlarından əhali böyük köç edirdi. Şəhər hakimiyyəti çox vaxt mərkəzdən uzaqda yerləşən bir çox rayonlarda qanun və asayişi təmin edə bilmirdi. Lakin buna baxmayaraq, burada qanuna riayət edilirdi. Buna yazılmamış qanun və davranış qaydalarının (cəmiyyətdə oyun qaydaları) hökm sürdüyü əhali qrupu sayəsində nail olunurdu. Yəni, "rəsmi qanunun" tətbiq edilməsinin mümkün olmaması və az səmərəli olmasına baxmayaraq, bu rayonların öz kodeks və ədalət qanunları mövcud idi. Bunun da sayəsində qayda-qanuna əməl edilirdi.
Tarixə nəzər salsaq görərik ki, 1900-cü ildə istifadəyə verilən Biləcəri-Dərbənd dəmir yol xətti Cənubi Qafqazı Şimali Qafqaz və ölkənin başqa rayonları ilə birləşdirirdi. XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından dəmir yolunun keçməsi kənd təsərrüfatının əmtəə-pul münasibətlərinə cəlb olunmasına şərait yaradırdı. Dəmiryol vasitəsilə Xızı-Bərmək mahalının əhalisi Bakıya, Tbilisiyə, Moskvaya və başqa böyük şəhərlərə gedib-gəlirdilər.
Elə bu dövrlərdə Bakı neft sənayesinin inkişafı sayəsində iri sənaye mərkəzlərinin birinə, böyük şəhərə çevrildi. Azərbaycan burjuaziyasının ən mühüm mərkəzi şəhəri olan Bakıya dolanışıq arxasınca gəlmiş Xızı-Bərmək mahalının sakinləri arasında çox çətinliklə özlərinə yol açan insanlar meydana çıxmışdı. XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından köçüb gələnlər Bakının qərbində, onun yuxarı hissəsində, Çəmbərəkənd ilə Həmşəri palanının arasındakı ərazidə böyük sahəni əhatə edən "Dağlı məhəlləsi"ni təşkil edirdilər. Bakıda onlar "dağlı" adı ilə tanınırdılar. Bu insanlara şöhrət gətirən onların nəcib xasiyyəti idi. Onlar təşkilatsız qardaşlıq cəmiyyətinə bənzəyirdilər. Bir-birinin xeyir və şərində yekdilliklə iştirak edir, çətinə düşərkən elliklə bir-birinin harayına çatırdılar. Yazılmış və özlərinin yazılmamış qanunlarına riayət edirdilər.
Art-layihə - Femida fiqurunun proyeksiyası ziyarətçilər tərəfindən maraqla seyr edilir.
"012 Bakı Public Art Festivalı"nda həm
tanınmış, həm də yeni fəaliyyətə
başlayan 21 rəssam iştirak
edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində
əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 31 mart.- S. 9.