Qəlbə sevinc, gözə nur

 

Görkəmli oftalmoloq-alim, göz cərrahı, ictimai xadim, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri, Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Musayev 2010-cu ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar həkim fəxri adına layiq görüldü. Bu günlərdə ömrünün 60-cı baharını tamamlayan Paşa müəllim redaksiyamızın qonağı oldu.

Deyirlər ki, həkim insanlara verilən əlavə ömrün müəllifidir. İnsanın Allahdan sonra pənah gətirdiyi, sığındığı, bir sözlə, həyat umduğu məhz həkimlərdir. Əlbəttə, ağır xəstəliklərdən sıyrılıb çıxan hər kəs ona yenidən yaşamaq səadətini bəxş edən insanı - o xalatlı xeyirxahı ömür durduqca məhəbbətlə, ehtiramla xatırlayır. Adını unutduğumuz bir nəfərin söhbətidi. Bəlkə də ona görə yaddaşımızdan silinmir ki, onun danışdıqlarında həyatın ölümlə çarpışan məqamı var idi. İşıqla qaranlıq üz-üzə dayanmışdı: "Ağır bir zərbədən sonra görmə qabiliyyətimi itirdim. Gündüzlə gecənin fərqini yalnız danışıqlardan anlayırdım. Zülmətə dönmüş dünyada çəkdiyim zülmlərin ifadəsi çox çətindi. Bu işıqla bərabər ümidimiitirdim. Əhd etmişdim ki, gözlərimə nur verəcək kimsə tapılsa, ömrüm boyu qulu olacağam. Nə isə... Gözlərimdə əməliyyat aparıldı. Ən həyəcanlı məqamsa sarğıların açılmasıdır. Ölümlə olum arasında çırpınırsan. Göz qapaqlarımı elə ehtiyatla qaldırdım ki, sanki kirpiklərimdən şüşə asılmışdı. Düşüb sınacağından qorxurdum. Bir cüt mənalı göz gördüm. Elə bil bütün qanımda, canımda işıq yandırdılar. Gözlərimi yumdum. Vallah, yenə də görürdüm! Paşa Qəlbinurun yorğuncasına gülümsəyərək "zülməti bıçaqla doğradıq" sözlərini eşitdim".

Bu, onun həkimlik fəaliyyətini əks etdirən yüzlərlə epizoddan biridir. Neçə-neçə insanın qaranlıq dünyasını aydınlığa bürüyən Paşa Qəlbinurun elm sahəsində qazandığı ən yüksək nailiyyətlər bu gün dünya oftalmologiyasının diqqət mərkəzindədir. Orqantoxuma transplantasiyasında yeni elmi istiqamət müəyyənləşdirən azərbaycanlı həkimin əldə etdiyi nailiyyətlər dünya qlaukoma cərrahiyyəsində "Musayev üsulu" kimi tətbiq edilir. Rusiya Federasiyası Formakoloji Komitəsinin son 100 ildə rəsmi təsdiq etdiyi yeganə dərman preparatı olan "Aktipol"un müəllifidir. Bu dərman preparatı dünyanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb. Dünya səhiyyəsinin qəbul etdiyi və bugünə qədər də müntəzəm istifadə olunan "Aktipol" ən effektli antivirus dərmanlarından biri hesab olunub. 250-dən artıq elmi məqalənin, 4 monoqrafiyanın, 10 elmi ixtiranın, dərsliklərin müəllifi olan bu görkəmli alim həm də zərif şeirlər müəllifi kimi tanınır. Elə Qəlbinur ləqəbini də buna görə götürüb. Əllərinin möcüzəsi ilə gözlərə nur, ürəyinin diktəsi ilə qəlblərə sevinc bəxş edən Paşa Qəlbinurun damarlarında sanki elə işıq qaynaşır.

O, 1952-ci ildə Şəmkir rayonunun Çinarlı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi qızıl medalla, Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bir neçə il Gəncədə göz həkimi işlədikdən sonra İ.V.Seçenov adına I Moskva Tibb Akademiyasında oxuyub. 1981-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Keçmiş SSRİ-də oftalmologiya üzrə ən gənc elmlər doktoru məhz azərbaycanlı göz həkimi Paşa Musayev olub. Elmi əsərləri ABŞ-da, İngiltərədə, Almaniyadabaşqa ölkələrdə çap olunub. Bir neçə dil bilir. Dünyanın bir sıra şəhərlərindəki klinikalarda müalicəyə çətin tabe olan göz xəstəliklərində özünün ixtira etdiyi orijinal üsullardan ibarət göstərmə əməliyyatları nümayiş etdirib. Azərbaycanlı oftalmoloq Türkiyədə, İranda, Almaniyada, Hollandiyada, Səudiyyə Ərəbistanında, ABŞ-ın "Uçan  cərrahiyyə" otağında apardığı cərrahiyyə əməliyyatlarında xəstələrə təkcə işıq bəxş etməyib, həm də həmkarlarının qəlbinə heyrətli bir hiss bağışlayıb. Azərbaycanlı alimin unikal həkimlik məharəti, qeyri-adi görmə qabiliyyəti çoxunu valeh edib. Elə buradaca xatırladaq ki, Paşa həkimin adi adamlara nisbətən uzağı görməyi iki dəfə, yaxını görməyi isə üç dəfə artıqdır. Bu o deməkdir ki, mikroskopsuz da belə onun gözdə cərrahiyyə əməliyyatı aparmaq imkanı var. Bu da qismətdir. Göz həkimi üçün səadət sayıla bilən Allah vergisidir.

Əsrin əvvəllərində böyük dramaturq Hüseyn Cavid gözlərini müalicə etdirmək üçün vətəndən uzaqlara gedərdi. Bu gün onun mənəvi varisi Paşa həkim işığa həsrət qalan gözlərə nur bağışlamaq üçün məhz o ölkələrə üz tutur. Klinikalarda işləmək üçün müxtəlif ölkələrdən rəsmi dəvət alsa da, heç yerə getmək fikri olmayıb. "Mən Azərbaycandan ayrı yaşaya bilmərəm. Yad yerdə iki həftədən artıq qala bilmirəm" - söyləyir.

"Sülhəddin dayım göz həkimi idi. Ağlım kəsəndən görmüşdüm ki, camaat onu necə sevir. Göz həkimi olmaq dayıma olan məhəbbətimdən irəli gəldi. Sonra ali məktəbdə oxuduğum illərdə dünya şöhrətli alim, göz həkimi Umnisə xanım Musabəyli mənim xeyirxahım, elmdə yeganə ümidgahım oldu. Onun şəxsiyyəti ilə sənəti İlahi bir vəhdətdə idi, bir-birindən ayrılmazdı. O, Azərbaycan oftalmologiyasının özü demək idi. Gözdə ilk cərrahiyyə əməliyyatını məhz Umnisə xanımın məsləhəti ilə V kursda oxuyanda apardım. İndiyə kimi o günü yaddan çıxara bilmirəm. Doğrudur, bu illər ərzində yüzlərlə xəstəm olub. Amma o ilk əməliyyat vaxtı məndə olan məsuliyyətim dəyişməz qalıb. Hər dəfə cərrahiyyə otağına həyəcanla, inamla, "ya Allah, kömək ol"la gedirəm. Yəni mənim çəkdiklərim əməliyyat sona çatana qədər davam edir. Ona qədər bir zülmətdir, bir xəstə. Sonra isə dünya işığa bürünür. Bu nur selində heç nəyi, heç kimi görmürəm. Xəstənin halı da, sevinci , rəğbəti , minnətdarlığı da adiləşir mənim üçün..."

 

Əllərimin hakimiyyəti bərqərar olur,

Əməliyyat vaxtı.

Qaranlıqla işığın radar tutmayan

Sərhəddinə uçur əllərim.

Ürəyim kimidir,

Mən yatanda da oyaq olur əllərim.

 

Paşa Qəlbinurun misralarıdır. Cərrah bıçağının tiyəsindən süzülən damlalar neçə-neçə insanın nurdan düşmüş gözünə işıq gətirir. Minlərlə adamın doğmasına, əzizinə çevrilən bu bacarıqlı göz həkimi Qəlbinur təxəllüsü ilə nurlu şeirlər qoşan, incə təbin, işıqlı qələmin sahibidir. Könlündən süzülən şeirlərin ahəngində çox qəribə ovqat çırpıntı duyulur. Dünyadan üzülüb, doyan çağında onun şeirlərini oxuyanda ürək sakitliyi tapırsan. Gündoğandan günbatana mənzil edən insanın yaşamaq, yaratmaq həvəsi artır. Paşa Qəlbinurun şeirləri az qala müalicəvi əhəmiyyət kəsb edir. Bu mənada onun həkim qəlbi ilə cərrah əllərinin vəhdətindən doğan misraları doğrudan da istidir, səmimidir, ən ağır anlarından qolundan tutmaq qüdrətinə malikdir.

Onun həyatında unuda bilmədiyi hadisələr çoxdur. Onlardan bir neçəsini xatırladırıq: "İki hadisəni heç unuda bilmirəm. Qara Yanvarda İrşad adlı bir memarın başına güllə dəymişdi. Gözləri görmə qabiliyyətini itirmişdi. Tibb qanunlarına görə, heç bir şey etmək mümkün deyildi. Belə yerdə təbabət acizdi. Çünki görmə funksiyaları tamamilə dağıdılmışdı. İnanın, mən buna ancaq möcüzə deyirəm. Bəlkə heç dünyada da belə hadisə olmayıb. İrşadın hər iki gözünə 14 gündən sonra işıq gəldi. Kim deyir desin, bu, İlahinin işi idi".

Bəli! Allahın yaratdığı varsa, orda Tanrının möhürü var. İkinci hadisə isə Çaykənddə düşmən gülləsindən gözünü itirmiş igid əsgərimiz Elşənlə bağlıdır. "Bir göz həkimi kimi, mən gedən yolların hamısı bağlı oldu. Heç vaxt belə aciz qalmamışdım. Mən, işıq cərrahı Vətən yolunda göz qoyub gələn igidin qarşısında xəcalətli idim. Heç vaxt özümü belə aciz, bıçağımı belə kəsərsiz görməmişdim. Yenə İlahi qüvvəyə ümidliyəm. Mənə elə gəlir ki, mənim umduğum o işıq hələ yol gəlir. Mütləq öz ünvanını tapacaqdır".

- Gözü ola-ola görməyənlər barəsində deyərdiniz?

"Qaranlıq - görən gözlər üçündür. Görməyənlər dünyanı həmişə boz görürlər. İyirmi il kirayələrdə yaşamışam. Doktorluq işimi cərrahiyyə stolunun üstündə yazmışam. Maneələr, qadağalar, məkrli niyyətlər həmişə olub. Məhz sizin dediyiniz kimi, o görmək istəməyənlərin ucbatından bizdə boy göstərən istedadları ucdantutma qayçılayıblar. Ümumittifaq mükafatı almazdan öncə respublika komsomolu mükafatına təqdim olunmuşdum. Axır məqamda tamamilə zəif bir işə mükafat verdilər. Moskvada neçə müsabiqə zamanı rəqibim məşhur akademik Marçukun oğlu idi. Gizli səsvermə zamanı mənə üç dəfə artıq səs verdilər".

Deyirlər, alimin iki göstəricisi olmalıdır: kitabı tələbəsi. Paşa özünü həmişə Umnisə xanımın tələbəsi sayır. "O böyük insanı torpağa tapşıranda neçə gün özümə gəlmədim. Mənə elə gəlirdi ki, dünyanın bütün işıqlarını söndürüblər. Hər dəfə nuru getmiş gözlərə təzədən nur qaytaranda, elə bilirəm ki, dünyanın sönmüş işıqlarını bir-bir yandırırlar. İtmiş həsrət kimi hər şey uzaqdan gəlir".

Maraqlıdır ki, Paşa Qəlbinur ilk şeirini 13 yaşında qələmə alıb. "Gözlər" adlanan bu şeir sanki onun həyat yolunun istiqamətini müəyyənləşdirib. Bu barədə görkəmli Azərbaycan şairi Fikrət Sadıqın çox maraqlı mülahizələri var: "Onun şeiri gördüyü qədər zərifdir. Gözdə cərrahiyyə əməliyyatı kimi sözdə cərrahiyyə əməliyyatıdır. Açdığı gözlər birər-birər şeirdir. Yazdığı sözlər birər-birər gözdür. Onun əlləri həm gözə nur gətirir, həm sözə! Bitdə-bitdə, al-əlvan, dağlı-dənizli, laləli-bənövşəli bir təbiəti, bir insanları bir dünyanı bəxş edir bizə - onun əlləri! Həmin dünyada Vətən var. Açdığı gözlər Vətəni tanıtmaq üçündür... Paşa başdan-başa nurdur!"

yaxşı ki bu nur var. Gözlərimizə işıq, qəlbimizə sevinc axır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 11.