ARDNŞ-nin ekoloji strategiyası
Böyük Britaniyada təqdim edilib
Böyük Britaniya
Krallığının Lordlar Palatasının üzvü
Şeyx Muhammədin rəsmi dəvəti ilə Palatada təşkil
olunmuş mərasimdə ARDNŞ-nin ekologiya üzrə
vitse-prezidenti Rəfiqə Huseynzadə "ARDNŞ-nin Ekoloji
Strategiyası" mövzusunda təqdimat keçirib.
Vitse-prezident
mərasim iştirakçılarına Azərbaycanın zəngin
neft tarixi, ARDNŞ və ölkəmizin neft sənayesi barədə
ətraflı məlumat verib, Dövlət Neft Şirkətinin
xarici neft şirkətləri ilə əməkdaşlığı
və xaricdə həyata keçirdiyi layihələr barədə
geniş söz açıb.
Ətraf
mühitin mühafizəsi sahəsində görülən
işlər və əldə olunan nailiyyətlər üzərində
xüsusi dayanan R.Hüseynzadə ARDNŞ-nin ekoloji siyasət
sənədinin, habelə istixana effekti yaradan qazların havaya
buraxılmasının azaldılması, iqlim dəyişmələrinin
mənfi nəticələrinin azaldılması üzrə
strategiyalarının qəbul olunduğunu qeyd edib, bu sənədlərin
başlıca məqsədlərindən danışıb. O,
ARDNŞ tərəfindən səmt qazlarının
utilizasiyası, çirklənmiş torpaqların və lay
sularının təmizlənməsi sahəsində də
ciddi işlər görüldüyünü bildirib.
R.Hüseynzadə ekoloji maarifləndirmə sahəsində
aparılan müsbət tədbirlərin nümunəsi olaraq
ARDNŞ tərəfindən yaradılan və ən müasir
texnologiyalardan istifadə edilən ekoloji park barədə də
söz açıb.
Mərasimdə
Böyük Britaniya Krallığının Lordlar Palatasının
üzvlərindən Qurban, Newby, Patel, Kilcooney, Rogan, Popat, habelə
tədbirin təşəbbüskarı Şeyx Muhəmməd
və xanımı, hökumət nümayəndələri və
10-dan artıq ölkənin Britaniyada akkreditə olunmuş səfirləri,
eləcə də ekologiya üzrə beynəlxalq təşkilatların
nümayəndələri iştirak ediblər.
Təqdimat
zamanı qonaqlara ARDNŞ-nin fəaliyyəti və ekoloji siyasətinə
həsr olunmuş film, slaydlar və banerlər təqdim olunub.
İştirakçılara Azərbaycana həsr olunmuş
kitab, ekoloji broşür və fleşkart hədiyyə edilib.
Təqdimatdan sonra Rəfiqə Huseynzadə Böyük
Britaniyanin media nümayəndələrinin suallarını
cavablandırıb.
Azərbaycan.- 2012.- 31 mart.- S. 10.