Naxçıvan MR-də meyvəçilik və tərəvəzçilik intensiv inkişaf edir

 

Qədim Naxçıvan diyarı həm də dadı əvəzsiz meyvələri və tərəvəzi ilə şöhrət qazanmışdır. Hələ 1998-ci ildə ABŞ-ın Çikaqo şəhərində dünya meyvələrinin beynəlxalq sərgisində Naxçıvanın "Abutalıb" əriyi gümüş medala layiq görülmüşdür. Bundan başqa, Şaxtaxtı kəndində yetişdirilən, yüksək çəkiçi və xüsusi dadı olan qovun da beynəlxalq sərgilərdə dəfələrlə mükafat almışdır.

Bu günmuxtar respublikada meyvəçilik və tərəvəzçilik diqqət mərkəzində saxlanılır, məhsul istehsalını artırmaq üçün kompleks tədbirlər görülür. Bu məqsədlə indiyəcən mühüm qərarlar qəbul olunaraq onların icrası təmin edilmişdir. Nəticədə son 17 ildə muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunmuş, əkin sahələri genişləndirilmiş, bu sahələr üzrə məhsuldarlıq və rentabellik artmışdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, ölkədə həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində Naxçıvan MR-də bəzək ağacları ilə yanaşı, meyvə bağları da salınır. İndi muxtar respublikanın müxtəlif ərazilərində 20-dən çox adda təzə meyvə bağları var və onların əksəriyyəti artıq bar verir. Bu gün Naxçıvanda bar verən bağlar 3026,9, tərəvəz əkin sahələri isə 6044 hektara çatır. Təkcə keçən il hər hektardan 133,2 sentner meyvə, 141,8 sentner tərəvəz götürülmüşdür. İstehsal olunmuş bu meyvə və tərəvəz əhalinin tələbatını ödəməklə bərabər, yerli konserv zavodlarına təhvil verilir, bir hissəsi isə xaricə ixrac olunur. Yeri gəlmişkən bildirək ki, hazırda muxtar respublikada əhalinin il boyu meyvə-tərəvəz məhsullarına olan tələbatının normal ödənilməsi üçün ümumi tutumu 9720 ton olan 11 anbar fəaliyyət göstərir. Eyni zamanda, emal sənayesinin də inkişafı ilə bağlı əsaslı tədbirlər işlənib hazırlanaraq reallaşdırılır. Bütün bunlar həm də əhalinin məşğulluq probleminin həllinə, gəlirlərinin artmasına kömək edir.

Bu sahənin gələcəkdə inkişaf etdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun 14 fevral 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" qəbul olunmuşdur. Mühüm elmi-nəzəri, sosial-iqtisadi əhəmiyyət kəsb edən proqramda onun məqsəd və vəzifələri, onların həyata keçirilməsinin maliyyə təminatı və digər məsələlər konkret göstərilir. Bildirilir ki, dövlət proqramının əsas məqsəd və vəzifələri muxtar respublikada yüksək istehsal səviyyəli bağların yaradılması və ixtisaslaşdırılması, yerli şəraitə uyğunlaşdırılmış məhsuldar meyvə-tərəvəz növlərinin çeşidlərinin bərpa edilməsi, müasir tələblərə və standartlara cavab verən bağların salınması, yeni texnologiyalara əsaslanan meyvə-tərəvəz emalı müəssisələrinin formalaşdırılması və yaradılmasından ibarətdir. Qarşıdakı 4 ildə hər hektardan meyvə istehsalı 130, sarımsaq və yerkökü istehsalı 90, pomidor istehsalı 125 sentnerə, kartof istehsalı 45 min tona çatdırılacaq. Bunlarla yanaşı,  proqramın həyata keçirilməsi sayəsində yeni yerlərinin açılması, kənd əhalisinin sosial şəraitinin daha da yaxşılaşdırılması və gəlirlərinin artması və torpaq sahələrindən daha faydalı istifadə olunması nəzərdə tutulur.

Sənəddə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bir sıra mühüm vəzifələrin icrası da müəyyən edilmişdir. Yüksək keyfiyyətli və məhsuldar meyvə bağlarının salınması və tərəvəzin əkilməsi, bu işdə müasir texnika və texnologiyaların səriştəli tətbiqi, xəstəlik və ziyanvericilərə qarşı mübarizə vasitələrindən istifadə edilməsi, bütün mineralüzvi gübrələrlə təchizat, yerli meyvə-tərəvəz növlərinin bərpası, həmin məhsulların rəqabət qabiliyyətinin artırılması həmin vəzifələrdəndir. Eyni zamanda, proqramda qiymətli meyvə ağaclarının və növlərinin yetişdirilməsi üçün aqrotexniki qaydalara ciddi əməl edilməsi, il ərzində əhalinin meyvə-tərəvəzlə təminatı üçün anbar təsərrüfatının və saxlama kameralarının tikintisi, meyvə-tərəvəzlə bağlı sahələrin inkişafının müdafiə olunması, meyvə və giləmeyvə növlərinin genefondunundaha iqtisadi əhəmiyyətli növlərinin müəyyənləşdirilməsi məsələlərinin həlli də mühüm vəzifələr kimi göstərilir. Bundan başqa, muxtar respublikanın dağətəyi və dağlıq ərazilərində meyvə əkini növlərinin müəyyənləşdirilməsi və onların fermer təsərrüfatlarına tövsiyə edilməsi, belə növ məhsul istehsalçılarının maddi marağının yüksəldilməsi, meyvə-tərəvəz sahələrinin texnikitexnoloji bazasının möhkəmləndirilməsi, daxili bazarın qorunub saxlanması, meyvə-tərəvəz və konserv məhsullarına dövlət nəzarətinin təşkili məsələləri dövlət proqramında qarşıya qoyulan əsas məqsədlər sırasındadır. Həmçinin meyvə-tərəvəz məhsullarının istehsalı və konservləşdirilməsində təsərrüfatçılara və emal müəssisələrinə kredit ayrılması, bu sahədə beynəlxalq təcrübənin tətbiqi və elmi nailiyyətlərin istehsala cəlb edilməsi, yabanı meyvələrdən istifadə imkanlarının öyrənilməsi, meyvəçiliyin infrastruktur təminatının, kadr imkanları və ehtiyatlarının gücləndirilməsi, meyvəçiliyin genişləndirilməsinə elmi müəssisələrin cəlbi, yeni yerlərinin yaradılması və əhalinin maddi rifahının yaxşılaşdırılması da sənəddə başlıca vəzifələr kimi müəyyənləşdirilmişdir. Ümumiyyətlə, Naxçıvan MR-də meyvəçiliyin və tərəvəzçiliyin daha da inkişaf etməsinə yönəlmiş bu proqramda qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasının təmin edilməsi üçün 40-dan artıq texniki, aqrotexnikisosial-iqtisadi tədbir nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, həmin tədbirlərin icrası üçün muxtar respublikada güclü elmi-istehsal baza mövcuddur. Hazırda burada Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatət bağı, akademik Həsən Əliyev adına "Araz" İstehsalat Birliyinin bağı və yeni meyvə növlərinin yaradılması və meyvə tingləri üzrə ixtisaslaşmış Ordubad dayaq məntəqəsi fəaliyyət göstərir. Bununla belə, proqramda xarici ölkələrdən daha məhsuldar meyvə tinglərinin gətirilməsi, yerlərdə yeni tinglik təsərrüfatlarının, yüksək reproduksiyalı və məhsuldar toxumları əldə etmək məqsədilə təchizat bazarlarının yaradılması istiqamətində əməli işlər aparılması nəzərdə tutulur. Tədbirlər sırasında muxtar respublikada meyvə-tərəvəz konserv məhsullarının keyfiyyətinin dünya standartlarına çatdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsi də müəyyənləşdirilmişdir.

Bir sözlə, "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" qədim diyarın bu sahədə qazandığı şöhrətin daha da artmasına xidmət edir.

 

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru,

Naxçıvan Dövlət Universitetinin

professoru

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 10.