Sevgi sınağı

 

Xəbər verildiyi kimi, bu günlərdə Moskvada istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin "Novruz - yeni gün" adlı sərgisi açılmışdır. Rəssamın 80-dən artıq işinin nümayiş etdirildiyi ekspozisiya Moskva hökuməti, Moskva Şəhəri Mədəniyyət Departamenti, Rusiya Rəssamlıq Akademiyası və Moskva Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilmişdir. Məryəm Ələkbərlinin bənzərsiz yaradıcılıq üslubugüclü energetikası ilə fərqlənən işləri sərgiyə gələnlərin böyük marağına səbəb olmuş, tanınmış sənətşünaslar və rəssamlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, sənətşünaslıq doktoru Mixail Şvıdkoy bu gənc rəssamın yaradıcılığı barədə öz təəssüratlarını "Rossiyskaya qazeta"nın 28 mart tarixli nömrəsində dərc olunmuş "Sevgi sınağı" adlı məqaləsində şərh etmişdir.

AzərTAc Rusiyanın tanınmış mədəniyyət xadiminin Məryəm Ələkbərlinin sərgisinə həsr edilmiş məqaləsini oxuculara təqdim edir.

 

* * *

 

Petrovkadakı Moskva Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır. Rusiya Rəssamlıq Akademiyasının himayəsi ilə təşkil olunmuş sərgidə rəssamın son üç ildə yaratdığı 80-dən çox portret, natürmort, ornamentanimalist işlər nümayiş etdirilir.

Bu, son 25 ildə Moskvada Azərbaycan rəssamının (və ümumiyyətlə, müasir xarici rəssamların) ən böyük fərdi sərgisidir. Özü də qeyd-şərtsiz demək olar ki, bu sərgi əsl kəşfdir. Qeyri-adi qabiliyyətinə malik olan, rəsm çəkməyi həyatının mənası hesab edən parlaq istedadın kəşfidir.

İyirmi bir yaşı bu il yayda tamam olacaq Məryəm Ələkbərlinin işlərində MatissQogenin yaradıcılığının təsiri hiss olunur. Çox güman ki, bu təsir təxminən bir il bundan əvvəl, Məryəm Ələkbərli Parisdəki Ali Dekorativ İncəsənət Məktəbində oxumağa başlayandan sonra başlamışdır. Məryəmin "Frida", "Çəhrayı rəqs", "Qogenin qızları" kimi işlərində ona əvvəllər tanış olmayan yeni bədii aləmi kəşf etməyin sevinci duyulur. Rəssamın əvvəlki işlərində onun 1900-1910-cu illərin rus avanqardı ilə, habelə Azərbaycan rəngkarlıq ənənələri ilə tanış olmasını hiss etmək mümkündür (bunun üçün Məryəm Ələkbərlinin "Ornament" (2008-ci il) və ya "Ayı və qızılgüllər" (2011-ci il) əsərlərinə tamaşa etmək kifayətdir). Hiss olunur ki, Məryəmin Bakıda və Moskvada təhsil aldığı dövrdə gərgin zəhməti hədər olmamışdır. Lakin gənc rəssamın ətraf aləmə və onun həyatına daxil olan incəsənətə münasibətdə təbii həssaslığına, ilbəil püxtələşən sənətkarlığına baxmayaraq, Məryəm Ələkbərlinin gerçəkliyi qavramaq və ifadə etmək prosesində nümayiş  etdirdiyi heyrətamiz qətiyyət onun yaradıcılığını bənzərsiz edir.

Adətən, rəngkarların və rəsm çəkənlərin ustalığı, peşəkar səriştəsi artdıqca, böyük sələflərindən əxz etdiyi bədii üsullar ehtiyatı zənginləşdikcə, çox vaxt onlar yalnız dahi sənətkarlara xas olan keyfiyyətləri - yaradıcılıq təravətini, dünyanı uşaqlara xas olan saf bir sadəlövhlüklə qavramaq qabiliyyətini itirirlər.

Xaricidaxili varlığın qavranılmasında bu saflığı qoruyub saxlamaq, yüksək peşəkarlığa nail olmaq yalnız say-seçmə insanlara, Məryəmin də, şübhəsiz, mənsub olduğu sənətkarlara nəsib olur. Onun üçün rəngkarlıq gerçəkliklə kommunikasiyanın yeganə vasitəsi olmasa da, bu əlaqənin ən mühüm vasitəsidir. Məhz bu səbəbdən, onun yaradıcılıq eşqi, fırça ilə daim işləmək istəyi, işıq, rəng və məkan musiqisinin şəxsi anlamını kəşf etmək arzusu bu qədər güclüdür. Şüurluqeyri-şüurlu elementlərin dərinliyi bədii sənətdə həmişə insanı heyran edir.

İşıq və kölgə onun üçün hər şeyin başlanğıcıdır. Onun əsərlərində rəng və forma ilk növbədə işığın dəyişməsi kimi təzahür edir. Fransalı sənətşünas, müasir incəsənət tarixçisi Tyerri Düfren Məryəmin yaradıcılığını təhlil edərək yazmışdır: "İşıq hər şeyin başlanğıcı, ilkidir, işıq - həyatdır. Məryəm bunu çoxdan başa düşmüşdür. Mən onun rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görəndə dərhal başa düşdüm ki, o, öz işləri ilə nəyi sübut etmiş və nəyi sübut etməyə çalışmışdır. Bu, ilk səbəblərə qayıdışdır. Məhz həmin anda bütün formalar yalnız işıqdan ibarətdir və buna görə də onlar bərabərhüquqludur. İnsanlar, heyvanlar, bitkilər, minerallar arasında fərq yoxdur. Yalnız hər şeyə üstün gələn işıq hissi vardır".

Məryəmin rəsm əsərlərində və qaralamalarında rəngin kəskin ifadəsi işığın məhz bu cür ecazkar, ilahi tərzdə qavranılmasından irəli gəlir. Təsadüfi deyil ki, almaniyalı sənətşünas, Berlin Rəssamlıq Akademiyasının əməkdaşı İnqe X.Şmidt keçən il bu gənc azərbaycanlı rəssamın Berlində sərgisini açarkən onun yaradıcılığının bu keyfiyyətini xüsusi qeyd etmişdir: "O, çox gözəl rənglər seçir. Bu əlavə təzad rəngləri onun işlərində nəcib tonlar yaradır. Rənglərdən başı çıxan hər kəs bilir ki, əlavə tonlar daha yaxşı effekt yaradır. Məryəmin işlərində sarı və yaşıl rənglər ilk növbədə, diqqəti cəlb edir. Aydındır ki, Məryəm bu rəngləri intuitiv olaraq seçir, onun xüsusiyyəti məhz bundan ibarətdir. Onun intuitiv etdiklərini öyrənmək üçün başqa rəssamlara illərlə vaxt lazımdır. Bu, mənim üçün bir növ ağlasığmazdır".

Məryəmin yaradıcılığı ilə tanış olan bütün peşəkarların qeyd etdiyi bu intuitiv istedad onun tale payı, bəlkə də Tanrının seçilmiş bəndəsi olması ilə bağlıdır. Bunlar Məryəmin dünyainsanlarla xüsusi münasibətindən irəli gəlir. Rəssamlar, xüsusən gənc yaşlarında özlərini bu dərəcədə parlaq göstərənlər adi insanlardan həmişə fərqlənirlər. Lakin Məryəm sanki Tanrının ikiqat seçilmiş bəndəsidir. Anadangəlmə Daun sindromu onun həyat yolunu qabaqcadan müəyyən etmişdir. Yaxınlarının, həkimlərin, pedaqoqların sevgisi, onların gərgin mənəvi və peşəkar zəhməti bu tale yazısında onun dünyaya gəlməsinin gizliali mənasını üzə çıxarmışdır. Məhəbbət sanki onun yaradıcı istedadını buxovlardan azad etmiş, onun oyanmasına kömək etmişdir. Məryəm Ələkbərli bu sevgini sadəcə qəbul etməmiş, onu öz əsərlərində əks etdirərək gözəllik harmoniyası ilə bərabər, hissə-hissə qaytarmışdır. Məryəmin Moskvadakı sərgisinin kuratoru Olqa Sviblova, Moskva Müasir İncəsənət Muzeyinin direktoru Vasili Sereteli, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, vernisaja gəlmiş bir sıra peşəkarlar Məryəmin işlərini əsl bədii kəşf adlandırmışlar. Bu sözlərdə heç bir üzgörənlik, onun həyatda keçdiyi xüsusi yola görə güzəşt yoxdur.

Rəssamın göylərdə səslənən musiqini öz daxilində kəşf etməsi və bunu bizim hamımız üçün açıqlamasının ona nəyin bahasına başa gəldiyini biz heç vaxt bilmirik. O, bizim hamımızın təmsilçisi kimi göylərlə birbaşa söhbət edir. Eynəklərinin dəyirmi şüşələri arxasından dünyanı diqqətlə və saf baxışlarla seyr edən bu gənc rəssama baxdıqca mən xəyalən onun valideynlərinə və onu sevən insanların hamısına dönə-dönə təşəkkür etdim ki, onlar dünyanın şəfqətini onun üçün kəşf etmişlər.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 11.