Buta Azərbaycanı layiqincə təmsil edir

 

 Bir sıra beynəlxalq festivallarda uğurla çıxış edən "Buta" filmi Cənubi Afrika Respublikasının Keyptaun şəhərindən də xoş xəbərlə qayıdıb.

Adıçəkilən şəhərdə mart ayının 14-dən 24-dək dünyanın 48 ölkəsinin iştirakı ilə keçirilən "Cape  Winelands" festivalında "Azərbaycanfilm" kinostudiyası və "Butafilm" şirkətinin birgə istehsalı olan (xatırladaq ki, filmin rejissoru İlqar Nəcəfdir) "Buta" nümayiş etdirilib. Bəstəkarı Cavanşir Quliyev (aktyorlardan Rafiq Əzimovun, Tofiq Əliyevin, Elnur Kərimovun, Ləman Nəbiyevanın və başqalarının birgə səyi ilə ərsəyə gələn) olan "Buta" filmi festivalın əsas mükafatı olan "Qran-pri"yə layiq görülüb.

Ötən ildən ekran ömrü yaşayan "Buta" Avstriyada keçirilən V Avrasiya-Sakit Okean Kino Akademiyasının illik toplantısında "Ən yaxşı uşaq filmi" nominasiyasında da qalib olub.

Hazırda Misirin Qahirə şəhərində keçirilən uşaq filmləri üzrə Beynəlxalq festivalda ölkəmizi təmsil edən "Buta" dünyanın digər mədəniyyət mərkəzlərindəki tədbirlərə də dəvətlidir: aprel ayının 13-dən 22-dək ABŞ-da, 18-dən 29-dək İtaliya və Avstriyada keçiriləcək festivallarda "Buta" nümayiş etdiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 11.