Parisdə ulu öndər Heydər Əliyevin 89-cu ildönümünə həsr olunan tədbir keçirilmişdir

 

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 15-də Sen-Lui kilsəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında yenidən hakimiyyətə qayıdan, müasir milli dövlətimizin əsasını qoyan və insanların xatirəsində əbədi yaşayan ümummilli lider Heydər Əliyevin çətin bir dövrdə Azərbaycanın suverenliyini qoruyub saxladığını, 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olduğunu diqqətə çatdırmışdır.

Qısa bir zamanda ölkədə stabillik yaradan Heydər Əliyev ölkənin müstəqilliyinin qorunub saxlanılmasına, mühüm siyasi islahatlar həyata keçirməklə, Azərbaycanın nəinki regionda, həm də beynəlxalq aləmdə tanınmasına nail olmuşdur.

Səfir bildirmişdir ki, Heydər Əliyev  xarici investorları ölkəyə cəlb etməklə, zəngin neft və qazın xarici bazarlara çıxarılması ilə bağlı layihələrin gerçəkləşməsini reallaşdırmaqla  Azərbaycanın gələcək iqtisadi yüksəlişinin bünövrəsini qoymuşdur. Çoxları bu layihələrin həyata keçməsinə qarşı idilər. Amma ölkənin sonrakı inkişafı Heydər Əliyevin uğurlu siyasətçi olduğunu  uzaqgörənliyini bir daha təsdiq etmiş oldu.        

Erməni hərbi qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağona bitişik yeddi Azərbaycan rayonunun azad edilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində Heydər Əliyevin xidmətlərinə toxunan səfir ərazisinin 20 faizinin işğal altında qalmış,  bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün ulu öndərin gərgin fəaliyyət göstərdiyini xüsusi vurğulamışdır.

Səfir faciəvi xarakter almış bu münaqişənin və onun nəticələrinin öz həllini gözlədiyini nəzərə çarpdırmış, işğal altındakı ərazilərimizin tezliklə azad olunacağına, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini vurğulamışdır. Diplomat bildirmişdir ki, münaqişənin həlli Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edəcək, bölgənin bütün xalqları üçün yeni perspektivlər açacaqdır.

Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, yüksək rütbəli zabitlər, burada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, diasporumuzun  təmsilçiləri və tələbələrimiz iştirak etmişlər.

Sonda nəfəsli orkestrin müşayiəti ilə solistlər Floran Didiye və əməkdar artist Murad Hüseynov trombondapianoda Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 17 may.- S. 2.