İki sahil qəzeti Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılış hazırlamışdır

 

Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar bir-birini əvəzləməkdədir. Azərbaycan-ABŞ diplomatik əlaqələrinin qurulmasının 20 illiyi fonunda bu reallıq bir daha təsdiqlənir ki, münasibətlərdə qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlayan ölkəmiz 20 illik müstəqillik tarixində etibarlı tərəfdaş imici qazanmış və bu mövqeyini günbəgün möhkəmləndirməkdədir.

"İki sahil" qəzetinin Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə hazırladığı 100 səhifəlik xüsusi buraxılışı da bu məsələlərə  həsr olunmuşdur.

"Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" adlanan həmin  buraxılışda qeyd olunan Prezident İlham Əliyevin "Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik", ABŞ Prezidenti Barak Obamanın "Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. ABŞ regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir" fikirləri iki ölkə arasında münasibətlərin bugünkü və gələcək inkişafına bələdçilik edir.

Xüsusi buraxılışda 2012-ci il 24-26 aprel tarixlərində Vaşinqton şəhərində keçirilən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" beynəlxalq konfransında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifovun, ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubinin, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovun, Oklahomanın keçmiş dövlət katibi Syuzan Savicin, Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun, ABŞ Senatının üzvü Rocer Uikerin, ABŞ Konqresinin üzvü Cerri Konnolinin, ABŞ Senatının üzvü Çak Şumersin, Xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayevin, ABŞ dövlət katibi köməkçisinin sabiq müavini, Milli Təhlükəsizlik Şurasının direktoru Devid Merkelin, bp şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru Qreq Sandersin, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun, ABŞ Senatının üzvü Kirsten Gillibrandin, Azərbaycan katolik icmasının rəhbəri Vladimir Feketenin, Çikaqo Universitetinin İslam üzrə professoru və Mədəniyyətlərarası Tədqiqatlar Departamentinin rəhbəri Skott Aleksandrın, Con Hopkins Universiteti Mərkəzi Asiya-Qafqaz İnstitutunun və "İpək yolu" Araşdırmalar Proqramının tədqiqatçı direktoru Svante Kornellinin və başqalarının çıxışları öz əksini tapmışdır.

Xüsusi buraxılışın son səhifəsində hər iki ölkənin dövlət başçılarının münasibətlərin inkişafı ilə bağlı fikirləri bir daha qeyd olunmuşdur. Həmin tezislərdə bu əminlik ifadə olunmuşdur ki, dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 may.- S. 2.