Milli Məclisdə
görüş
Mayın 16-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Almaniya Bundestaqının deputatı Folker Bek ilə görüşdülər.
Deputat Rövşən Rzayev qonağı səmimi salamlayaraq, işçi qrupun üzvlərini ona təqdim etdi. Deputat iki ölkə arasında əlaqələrin qədim tarixi kökləri olduğunu xatırladaraq, münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə inamını ifadə etdi.
Söhbətdə Azərbaycanın Avropaya inteqrasiyası prosesində Almaniya təcrübəsinə böyük maraq göstərildiyi, demokratiyanın inkişafı sahəsində əməkdaşlığımızın vacibliyi vurğulandı.
Rövşən Rzayev Bundestaqın Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul etdiyi qərarın obyektivlik baxımından əhəmiyyətini qeyd etdi. Almaniyanın bundan sonra da ölkəmizin haqlı mövqeyini müdafiə edəcəyinə ümidvar olduğunu söylədi.
Görüşdə deputatlar Əhliman Əmiraslanov, Fazil Mustafa, Xanlar Fətiyev, Fuad Muradov əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşdülər.
Səmimi qəbula görə minnətdarlığını bildirən Folker Bek ölkəmizə səfərindən məmnun qaldığını söylədi. Qonaq ölkəsinin regionda mövcud olan münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. O, bu problemin həllinin uzanmasının Cənubi Qafqazda inkişafa mane olduğunu dedi. Qonaq ölkəsi ilə Azərbaycan arasında əlaqələrin xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəyinə inamını ifadə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2012.- 17 may.- S. 2.