Prezident İlham Əliyev BMT-nin ən ali tribunasından Azərbaycanın haqq səsini dünyaya bəyan etdi

 

 Müstəqillik tariximizin mühüm siyasi-diplomatik zəfəri

 

20 il əvvəl BMT sıralarına üzv olmaq Azərbaycan üçün mühüm siyasi gediş olsa da, heç kimin ağlına gəlməzdi ki, cəmi 20 il sonra respublikamız hətta bu təşkilatın ən ali strukturu olan Təhlükəsizlik Şurasının 15 üzvündən biri olacaq. Lakin bu baş verdi, ötən ilin oktyabrında BMT TŞ-ya üzv seçilməklə  müstəqillik tarixmizin ən möhtəşəm siyasi-diplomatik uğuruna imza atan Azərbaycan bununla həm regionun lider aparıcı dövləti olduğunu bütün dünyaya nümayiş etdirdi.

BMT TŞ-ya üzv olmağın şərtləri var. O dövlət bu quruma üzv ola bilər ki, sülhə, təhlükəsizliyə, tolerantlığa, millətlərarası sivilizasiyalararası dialoqa əməli töhfələr verir. Müqayisə etsək görərik ki, Azərbaycan Cənubi Qafqazda deyilənlərə daha çox önəm verən ölkədir. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlər, idman yarışları ölkəmizin dünyada sülhə, əmin-amanlığa, sivilizasiyalararası dialoqa, multikulturalizmə töhfələr verdiyini göstərən amillərdir. Azərbaycan artıq beynəlxalq proseslərə də təsir göstərən dövlətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətçiləri və liderləri arasında şəxsi nüfuzunun yüksək olması, dövlət başçısı kimi ölkələrarası münasibətlərə verdiyi töhfə də təbii ki, respublikamızın beynəlxalq imicinin artmasında öz rolunu oynamaqdadır. Bununla da, Azərbaycan BMT TŞ-nın üzvlüyünə namizədliyini irəli sürdükdə nəticə etibarilə uğura imza ata bildi.

Bu gün hər bir Azərbaycan vətəndaşını düşündürən əsas məsələlərdən biri BMT TŞ-ya üzvlüyün Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində ölkəmizə verəcəyi dividenddir. BMT TŞ-da təmsil olunmaq Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun həlli və Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradılması istiqamətində Azərbaycana çox mühüm platforma verir. Təbii ki, ölkəmiz TŞ-da təmsil olunmaqla üzv dövlətlərin diqqətini daha fəal şəkildə bu qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası məsələsinə və Ermənistana beynəlxalq təzyiqlərin artırılmasına yönəldəcək.

Azərbaycanın BMT TŞ-ya üzv seçilməsi müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı bayram tədbirlərini rəngarəng etdi. Müstəqilliyimizin üçüncü onilliyinin ilk çağları isə Azərbaycanın BMT TŞ-ya sədrliyi ilə tarixə düşdü. Bəli, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edən, dünya miqyasında mövqelərini möhkəmləndirən Azərbaycan artıq BMT TŞ-nın gündəliyini müəyyən edən dövlətdir. Bu ay ərzində BMT TŞ məhz Azərbaycanın müzakirəyə təqdim etdiyi məsələləri müzakirə edəcək. BMT TŞ-nın mayın 4-də keçirilən yüksək səviyyəli iclasına Prezidenti İlham Əliyevin sədrlik etməsi isə Azərbaycanın müstəqillik tarixinə mühüm siyasi hadisə kimi həkk olundu. Çünki ilk dəfə olaraq Azərbaycan Prezidenti BMT TŞ-nın iclasına sədrlik edirdi, ölkəmizin təşəbbüsü ilə dünyanın ən mötəbər qurumunda məsələ müzakirə olunurdu.

BMT TŞ-ya həm üzvlüyü, həm sədrliyi zamanı Azərbaycan bu qurum qarşısında olan öhdəliklərinə sadiq qalacaq, dünyanın haqq səsinin bu yüksək tribunadan səslənməsinə çalışacaq. Prezident İlham Əliyevin BMT TŞ-nın yüksək səviyyəli iclasında müzakirəyə təqdim etdiyi "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusu da göstərdi ki, Azərbaycan bu ali tribunadan sülh çağırışlarını tərənnüm edir, dünyada təhlükəsizliyin təmin olunması naminə konkret fəaliyyət ortaya qoyur. Həmin iclasda BMT-nin baş katibi Pan Gi Munun iştirakı və Prezident İlham Əliyevin təqdim etdiyi müzakirə ilə bağlı fikirlərini bildirməsi, həmçinin bu məsələ ilə əlaqədar ABŞ, Almaniya və digər ölkələrin təmsilçilərinin çıxış etməsi Azərbaycana verilən dəstəyin və beynəlxalq həmrəyliyin göstəricisidir.

Hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev BMT TŞ kimi dünyanın ən ali tribunasından müzakirəyə təqdim etdiyi mövzu ilə həm də Ermənistanın terrorçu və işğalçı dövlət olduğunu qətiyyətlə bəyan etdi: "Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarca terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir".

Prezident İlham Əliyevin BMT TŞ-da çıxışının dünyanın əksər nüfuzlu televiziya kanalları ilə birbaşa translyasiya olunduğunu nəzərə alsaq, bunun Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyəti tərəfindən daha yaxından tanınması istiqamətində olduqca mühüm hadisə olduğunu görərik. Bu gün yalnız Azərbaycan deyil, dünyanın bir sıra ölkələri terrordan əziyyət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev bu qlobal problemi gündəliyə gətirməklə diqqəti həm də ölkəmizin üzləşdiyi haqsızlıqlara yönəltdi, işğalçılıq və etnik təmizləmənin, habelə terrorçuluğun Ermənistanın dövlət siyasəti olduğunu açıqladı. Göründüyü kimi, Azərbaycan BMT TŞ-ya üzvlükdən və sədrlikdən həm də özünün milli maraqları naminə uğurla yararlanır. Əminik ki, bu siyasət nəticə etibarilə Ermənistanın işğalçılıq siyasətinin iflasına gətirib çıxaracaq.

 

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar

siyasət komitəsinin sədr

müavini

 

Azərbaycan.- 2012.- 17 may.- S. 3.