20 ilin
mühüm nailiyyəti
Müstəqillik tariximizin
mühüm siyasi-diplomatik zəfəri
Azərbaycan diplomatiyasının yeni uğuru ölkəmiz üçün BMT Təhlükəsizlik Şurasında da yeni meydan açdı. Hesab edirəm ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu quruma sədrliyi ölkəmizin diplomatik gücünü artıracaq və tərəfdarlarının sayını çoxaldacaq. BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq Azərbaycanın dünya siyasətində nüfuzunu xeyli artıracaq və bu, ölkəmiz üçün daha çox diplomatik və siyasi baxımdan dividend gətirəcək.
Müstəqilliyimizin bərpasının 20 illiyinə təsadüf edən bu tarixi hadisə dövlətin yürütdüyü siyasətə dünya tərəfindən verilən qiymətin göstəricisi kimi dəyərləndirilir. Artıq birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın haqq səsini dünya dövlətləri eşidəcək. Bu həm də Azərbaycan üçün bir fürsətdir. Ölkəmiz bu imkanlarından istifadə edərək Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasını tələb edə bilər. Nə üçün BMT Liviya ilə əlaqədar olaraq qərar çıxardı və tez bir zamanda həmin qərar icra olundu, amma Azərbaycanın xeyrinə olan qərarlar kağız üzərində qalıb?! Hətta Təhlükəsizlik Şurasının iclasında BMT-nin baş katibi Pan Gi Mun çıxış edərək bildirdi ki, beynəlxalq ictimaiyyət terrorizmə qarşı davamlı mübarizə aparır və dünyanın müxtəlif nöqtələrindəki terror təşkilatları hələ də təhlükə mənbəyi olaraq qalır. Baş katib eyni zamanda terrorla mübarizədə ortaq konsepsiyanın yaradılmasının zəruri olduğunu söylədi. Azərbaycan Prezidenti İlham Əliyev də bütün iştirakçı dövlətlərin diqqətinə çatdırdı ki, ölkəmiz terrorizmə qarşı mübarizədə və antiterror koalisiyasının tərkibində ilk günlərdən fəal iştirak edib, bundan sonra da bu işə öz töhfəsini verəcək. Bütün dünya bilir ki, Azərbaycan da terrora məruz qalıb, torpaqlarının 20 faizi işğal olunub, dinc əhalisi qətlə yetirilib. Ermənistan beynəlxalq hüquq normalarını tapdalayan bir ölkədir və beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu sübut edir. Bizim ərazilərimizdə terror hadisələri baş verib. Təəssüf ki, bəzi beynəlxalq güclər işğalçı, terror təşkilatını himayə edən ölkəni müdafiə edirlər.
Bütün bunlarla yanaşı, biz Təhlükəsizlik Şurasına sədrlik funksiyasından istifadə edərək bu qurumun qəbul etdiyi məlum 4 qətnamənin icrasına nail ola bilsək, bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.
İlyas
İSMAYILOV,
Milli Məclisin deputatı,
Ədalət Partiyasının sədri
Azərbaycan.- 2012.- 17 may.- S. 3.