Azərbaycan “ərəb baharı”ndan
çıxan dövlətlər üçün modeldir
Cerri KONNOLİ,
ABŞ Konqresinin
üzvü
- Azərbaycan qurmağa çalışdığı təsisatlara və dəstəklədiyi dəyərlərə görə yüksək diqqətə layiq olan ölkədir. Bu ölkənin "Ərəb baharı"ndan çıxan dövlətlər üçün model ola biləcəyini düşünürəm. Suriyada baş verənləri təhlil edərkən, o bölgədə modellər axtararkən, əvvəl Türkiyə, son zamanlar isə həm də Azərbaycan modeli qarşımızda durur. Bu modellər işləkdir, öz icmalarında müxtəlifliyə ehtiramla yanaşaraq dünyəvi idarəetmə təsisatları qurmaq istəyir. Eyni zamanda, dini etiqad azadlığına hörmətlə yanaşılır.
Bildirmək istəyirəm ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir. 11 sentyabr faciəsindən sonra Azərbaycanın ABŞ-a göstərdiyi dəstək çox vacib idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF), ABŞ-ın digər bölgələrdəki hərbi bölmələrinə Azərbaycanın təchizat dəstəyi Birləşmiş Ştatlarda yüksək qiymətləndirilir və minnətdarlıqla qarşılanır. Möhkəmlənən bu dostluq, humanitar-iqtisadi və xarici siyasətdə inkişaf edən əlaqələr olduqca əhəmiyyətlidir. ABŞ Əfqanıstanda birbaşa hərbi mövcudluğunu azaldandan sonra mühüm strateji bölgədə yerləşən Azərbaycan Əfqanıstanda ümid etdiyimiz gələcəyin formalaşmasında önəmli rol oynayacaqdır.
Biz Azərbaycan xalqına və hökumətinə tutduğu mövqeyə görə təşəkkür edir, bu əlaqələri çox vacib sayırıq. Mən özüm bu münasibətlərin genişlənməsi istiqamətində çalışacağımı bəyan edirəm. Biz həm xalqlarımız, həm parlamentlərimiz arasında təmasları artırmalıyıq.
Əminəm ki, ölkələrimiz
arasında strateji əhəmiyyət daşıyan bu
münasibətlər gələcəkdə yalnız
inkişaf edəcəkdir.
Azərbaycan.- 2012.- 17 may.- S. 4.